Hacı Məmmədovun məzarının yeri məlum oldu - AÇIQLAMA

5-12-2017, 16:57           
Hacı Məmmədovun məzarının yeri məlum oldu - AÇIQLAMA
Cəzaçəkmə müəssisəsində intihar edən Daxili İşlər Nazirliyi (DİN) Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun nəşi ailəsinə bu gün səhər təhvil verilib.
Bu barədə “Ölkə.Az”-a Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Hacı Məmmədovun nəşi hələ torpağa tapşırılmayıb.

İcra Hakimiyyətindən bildirilib ki, Hacı Məmmədovun nəşi bu gün Saray qəsəbəsində yerləşən məzarlıqda torpağa tapşırılacaq:

“Hazırda məzarlıqda müvafiq hazırlıq işləri görülür. Hacı Məmmədov valideynlərinin yanında basdırılacaq”.

Xatırladaq ki, DİN-in həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Hadisə dekabrın 3-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib.

Orada müalicə olunan Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Penitensiar xidmətdən bildirilib ki, İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

H.Məmmədov müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə olunub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Onu da bildirək ki, Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.