İsmayıl Vəliyev vəfat edib

9-12-2017, 14:06           
İsmayıl Vəliyev vəfat edib
Azərbaycanlı alimi İsmayıl Vəliyev vəfat edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, yazıçı-publisist, filologiya elmləri doktoru, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi İsmayıl Ömər oğlu Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSR-nin Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olub.

1968-ci ildə isə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Şınıq sovxozunda və Ağtala Tikinti Məmulatları Kombinatında fəhlə işləyən İ.Vəliyev Bakıda 8 nömrəli texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib. Daha sonra "Leninneft" trestinin Neft və Qazçıxarma İdarəsində elektrik montyoru peşəsində çalışıb. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil alıb. 1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor və sonra kənd təsərrüfatı ədəbiyyatı şöbəsində aparıcı redaktor vəzifəsində işləyib.

1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq və publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir, 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin mətbuat məsələləri üzrə müavini (1987-1989) vəzifələrində işləyib.

Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında baş redaktorun birinci müavini (1989-1991), baş redaktor (1991-1992), Azərbaycan-Türkiyə birgə müəssisəsi "Göytürk" Nəşriyyat, Poliqrafiya və Ticarət Şirkətinin Baş direktoru (1991-1992) olub. 1993-cü ildən 2004-cü ilin aprelinədək "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin Baş direktoru və Baş redaktoru olub.

İ.Vəliyev 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Xarici Ölkələr Ədəbiyyatı və Ədəbi Əlaqələr şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. Eyni zamanda, Bakı Dövlət Universitetində Kitabxanaçılıq-İnformasiya fakültəsində Kitabşünaslıq və nəşriyyat işi kafedrasında professor idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru