“Övladımı öldürün, buna görə sizə minnətdar olaram”

14-08-2015, 21:44           
“Övladımı öldürün, buna görə sizə minnətdar olaram”
Ömürlük azadlıqdan məhrum edilmiş Məmmədov Məmməd Əli oğlunun anası Təranə Məmmədova “Hürriyyət” qəzeti və Moderator.az vasitəsi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə övladına verilən ömürlük həbs cəzasının törətdiyi əmələ adekvat olmadığını bildirən T.Məmmədova, övladının 12 ildir ki, dəmir barmaqlıqlar arasında cəhənnəm həyatı yaşadığına diqqət çəkib:
“Cənab prezident. Bu gün (dünən-red) övladım Məmmədov Məmməd Əli oğlunun məhbəs həyatının 12 ili tamam olur. Məlumat üçün qeyd edim ki, övladım M.Məmmədov 2003-cü ildə işğaldakı torpaqlarımızı azad etmək üçün bir neçə nəfərlə birlikdə partizan dəstəsi yaratmağa cəhd göstərmiş və bir müddət sonra qanunsuz silahlı dəstə yaratdıqları üçün məsuliyyətə cəlb olunmuşdur. Yaradılan dəstənin ən azyaşlı üzvü övladım M.Məmmədov olsa da, ən ağır cəza da məhz ona verilib. Belə ki, o, ömürlük azadlıqdan məhrum edilib.
Hörmətli prezident. Mən övladımın tamamilə günahsız olduğu qənaətində deyiləm. Mən yaxşı başa düşürəm ki, kimliyindən asılı olmayaraq hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməli, buna görə layiq olduğu cəzanı çəkməlidir. Lakin məndə təəssüf və vəhşət oyadan odur ki, övladım M.Məmmədov iki və daha artıq şəxsin öldürülməsində ittiham olunub ki, ortada yalnız bir nəfərlə bağlı ölüm faktı mövcuddur. İkinci, üçüncü şəxslər isə yoxdur və olmayıb. İşin ən maraqlı tərəfi də odur ki, övladım iki və daha çox şəxsin ölümündə ittiham olunsa da, nə istintaq, nə də məhkəmə zamanı ikinci şəxsin kimliyi bəlli olmadı. Daha doğrusu, heç bir əlaqədar qurum ittiham edilən şəxsin ikinci qurbanının kimliyini, belə bir şəxsin ümumiyyətlə olub-olmadığını müəyyən etməyə maraq göstərmədi”.

Xəyali qurbana görə ömürlük cəza!

T.Məmmədovanın sözlərinə görə, M.Məmmədovu iki və daha çox şəxsi öldürməkdə ittiham edən məhkəmə xəyali qurbana görə övladını ömürlük cəzaya məhkum etdi ki, bu da istər məntiq, istər hüquq, istərsə də bəşəri və ilahi ədalət baxımından absurtdur:
“Övladım iki və daha çox şəxsin ölümündə müqəssir elan edilərək 12 ildir ki, zindanlarda çürüsə də, onun “öldürdüyü” ikinci şəxsin kimliyi hələ də heç kimə - nə övladıma, nə istintaqa, nə də məhkəməyə bəlli deyil. Yəni övladım olmayan qurbana, baş verməyən bir cinayətə görə məhkum edilib. Hansısa xəyali, qeyri-real qurbana görə övladım öz ailəsindən, öz doğmalarından ömürlük ayrı düşüb.
Cənab prezident. Sizdən bu məsələnin obyektiv şəkildə araşdırılmasına kömək etməyinizi xahiş edirəm. Əgər iki və daha çox şəxsin ölümündə ittiham edilən övladımın “öldürdüyü” ikinci şəxs tapılarsa, o zaman övladıma verilən ömürlük həbs cəzasını ədalətli hesab edəcəm və daha heç vaxt onun azad edilməsi ilə bağlı heç bir fikir səsləndirməyəcəm. Qəbul edəcəyəm ki, övladıma verilən cəza ədalətlidir və tamamilə obyektivliyə əsaslanır. Lakin xahiş edirəm ki, ikinci qurban tapılmasa, o zaman övladımı haqsız yerə mühakimə edən, onun barəsində ədalətsiz hökm çıxardan, onun boynuna etmədiyi cinayəti qoyan hər kəs məsuliyyətə cəlb edilsin, övladımın cəzası yüngülləşdirilsin”.

Məmməd Məmmədovu “zon”un içində niyə qolu qandallı gəzdirirlər?

T.Məmmədovun sözlərinə görə, Qobustan qapalı həbsxanasında saxlanılan M.Məmmədova verilən ədalətsiz cəza azmış kimi, son vaxtlar ona qarşı həbsxana rəhbərliyi tərəfindən də izahı bəlli olmayan sərt üsullar tətbiq edilməkdədir. Məhbus anasının bildirdiyinə görə, nə qədər qəribə və inanılmaz olsa da, övladı M.Məmmədov “zon” daxilində bəzi hallarda qolu qandallı gəzdirilir:
“Hörmətli prezident. Məni narahat edən digər bir məqam son vaxtlar övladım M.Məmmədovun “zon” daxilində belə qolu qandallı gəzdirilməsidir. Belə ki, övladım hamama, telefonla danışmağa aparılanda belə onun qollarına qandal vururlar. Halbuki, hər kəs, xüsusilə də həbsxana rəhbərliyi yaxşı bilir ki, M.Məmmədov 12 illik məhbəs həyatında özünü son dərəcədə yaxşı aparmış, bu müddət ərzində bir dəfə də olsun karsa salınmamışdır. Belə olduğu təqdirdə onun “zon” daxilində nə üçün qolu qandallı gəzdirildiyi anlaşılan deyil.
Mən baş verənlərə aydınlıq gətirmək məqsədi ilə həbsxana rəhbəri Fikrət müəllimlə telefon əlaqəsi yaratmağa cəhd etsəm də o, mənim M.Məmmədovun anası olduğumu eşidən kimi dəstəyi asdı. Mənimlə danışmaq istəmədi.
Cənab prezident!
Ümid edirəm ki, sizə ünvanladığım bu müraciət övladıma olan bu haqsızlığın da araşdırılıb aradan qaldırılmasına yardımçı olacaqdır.
Hörmətli prezident!
Son 12 il ərzində övladım da, mən də kifayət qədər mənəvi işgəncə görmüşük. Bu işgəncələr bizim ruhi-mənəvi gücümüzü əlimizdən alıb. Artıq əlavə işgəncələrə dözmək, bu işgəncələrə daha artıq tap gətirmək iqtidarında deyilir.
Sizdən xahiş edirəm ki, ya övladımla bağlı məsələnin obyektiv araşdırılımasını təmin edib cəzasının yüngülləşdirilməsinə yardım edəsiniz, ya da onun öldürülməsinə göstəriş verəsiniz. Əgər övladımın günahsızlığı sübut olunmayacaqsa, onun özü deyil, yalnız cəsədi azadlıq görəcəksə, hər gün həbxanadan ona təzyiqlə bağlı bir xəbər eşidəcəmsə onun yaşamasının, mənim isə ədalət uğurunda mübarizəmin heç bir mənası yoxdur. Əgər hər kəsin gözü önündə olan, isbata belə ehtiyacı olmayan ədaləti təmin etmək belə çətindirsə, mən onun öülümünə görə də sizə minnətdar olmağa hazıram. Çünki bu ölüm onu da, məni də cəhənnəm əzabından, hər gün dəfələrlə ölüb dirilmək müsibətindən qurtaracaqdır.
Cənab prezident!
Bütün ümidlərim sizədir. Bir ana kimi sizdən öladım M.Məmmədov üçün ya əfv, ya da ölüm qərarı istəyirəm. Bizi əbədi olaraq iki yol ayrıcında – ümid və dəhşət arasında qoymayın”.

PS.Yazı ilə bağlı Penitensiar Xidmət və Qobustan qapalı həbsxanasının rəhbərliyinin mövqeyini öyrənməyə çalışacayıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.