"Qarabağ"ın hakimi vətənində qınandı: "625 min avroluq səhv"

14-12-2021, 17:13           
"Qarabağ"ın hakimi vətənində qınandı: "625 min avroluq səhv"
"Bazel" - "Qarabağ" matçında kobud səhvə yol verərək Azərbaycan təmsilçisinin qolunu qeydə almayan xorvatiyalı hakim Fran Yoviçin idarəçiliyi ölkəsində də birmənalı qarşılanmayıb.

Fanat.Az xəbər verir ki, yerli mətbuatda "Səhvə yol verən ən yaxşı xorvatiyalı hakimlərdən biri idi", "Xorvat hakim 625 min avroluq səhvə yol verdi" fikrinin ana xətt təşkil etdiyi yazı dərc olunub.

"Xorvatiyanın ən yaxşı hakimlərindən biri Avropada inanılmaz səhvə yol verdi. Konfrans Liqasının qrupunda Bazeldə ev sahibi ilə "Qarabağ"ın qarşılaşdığı həlledici matçı idarə edən Fran Yoviçin niyyəti bu deyildi. Amma istənilən halda, idman və maliyyə baxımından çox vacib bir matçda hakimlik etmək imkanı qazanan Yoviç və köməkçiləri UEFA-nın etibarını sarsıtdı.

Bu klublar son tura birinci yer uğrunda mübarizə aparmaq üçün çıxmışdılar. Hər ikisi qrupdan çıxmağı təmin etsə də, şərtlər eyni deyildi. Birinci yerin sahibi birbaşa 1/8 final mərhələsinə, ikinci yer isə Avropa Liqasından üçüncü yeri tutan güclü komandalardan birinə (Lester, Olimpik Marsel, PSV, Seltik...) qarşı pley-offa yollanacaqdı.

Həmçinin, maliyyə baxımından klubun birinci və ya ikinci yeri tutacağı baxımından böyük fərq var idi. Çünki UEFA-dan qrupun qalibi 650 min avro və pley-off mərhələsinə adladığı üçün əlavə 600 min avro alır. İkinci yerin dəyəri isə 325 min avro və pley-off üçün 300 min avro. Yəni cəmi 625 min. Yəni yarıbayarı aşağı gəlir. Ona görə də Yoviç və onun köməkçiləri Hrvoje Radiç və Luka Puşiç son dərəcə dəyərli olan matçda diqqətli olmalıydılar".

Qeyd edək ki, "Qarabağ" "Bazel"ə səfər matçında 0:3 uduzaraq qrupda 2-ci yeri tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.