Azərbaycanda yeni 10 manatlıqlar problem yaradıb
10-07-2019, 11:16
Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixindən tədavülə buraxılmasına baxmayaraq, hələ də əskinasın istifadə olunmasında problem yaşanır.
“Yeni Sabah” xəbər verir ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır.
Yeni pul nişanının məhdudiyyətsiz istifadə olunacağı açıqlansa da, şəhər nəqliyyatını idarə edən sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir.
Problemlə bağlı, Mərkəzi Bankın 2 ay əvvəlki açıqlamasında may ayının sonuna qədər bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcəyini qeyd olunmuşdu. Fəqət sakinlər hələ də bununla bağlı əziyyət çəkirlər.
Qeyd edək ki, yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.
Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və Mərkəzi Bankın dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.