Kərəm Həsənov dövlətin əmlakını necə "silib" - Şok faktlar, qeyri-şəffaf hesabatlar rəqəmlərin gözüylə!
2-06-2016, 10:04
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ötən il görülən işlərə dair hesabatı, komitənin bir sıra vəzifə və öhdəlikləri ortaya çıxır.
Məlumatlarda müəyyən ziddiyyətlər də yer alır, bizim araşdırmalarda ortaya çıxan mübahisəli məsələlər də.
Qeyd edək ki, komitə yalnız 2012-ci ildən bəri fəaliyyəti barədə hesabatlar dərc etməyə başlayıb. Həmin ilin hesabatına görə, ölkə üzrə kiçik özəlləşdirmə formasında ümumilikdə 600-ə yaxın müəssisə və obyekt, 620-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Səhmlərin satışı üzrə keçirilmiş 53 pul və ixtisaslaşdırılmış pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri satılıb.
Göründüyü kimi, komitə boş dayanmayıb. Özəlləşdirmə paylarının vaxtı başa çatsa da, pul hərracları vasitəsilə müəssisələrin özəl əllərə verilməsi intensiv olub. Bu, ay ərzində 50 müəssisə və obyektin, bir o qədər də obyektin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi deməkdir. Göründüyü kimi, obyektin özəlləşdirilməsi ayrıca göstərilir, yerləşdiyi torpaq sahəsininki ayrı. Bu da sahibkarların narazılığına səbəb olan əsas problemlərdəndir.
32 yeni müəssisənin hər birinə ortalama 5 milyon investisiya qoyulub
Həmin il investisiya müsabiqəsində özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə qaliblər tərəfindən 160 milyon manata yaxın investisiya qoyulub. Bu da səhmləri hərracda satılan səhmdar cəmiyyətlərdə ortalama 5 milyon manat investisiya deməkdir.
İlin sonuna komitəyə 6000-ə yaxın dövlət müəssisə və təşkilatları tərəfindən "Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması" daxil olub və qəbul edilmiş hesabatlar təhlil edilib. İl ərzində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinin araşdırılmasına dair ümumilikdə 170-ə yaxın monitorinq keçirilib. İlin sonuna ƏMDK-nın sərəncamında olan 95 dövlət müəssisəsindən 82-si və 313 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 268-i illik balans hesabatlarını təqdim edib. Komitənin sərəncamında olan 95 dövlət müəssisəsindən 92-si və 313 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 309-u əmlakın inventarizasiya aktlarını təqdim edib.
2013-cü ildə dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, ondan təyinatı üzrə səmərəli istifadə, icarəyə və istifadəyə verilməsi, dövlət, həmçinin özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması, dövlət müəssisələrindən hesabatların və inventarizasiya aktlarının alınması və təhlili istiqamətində işlər həyata keçirilib. Aparılmış araşdırmaların nəticələrinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə vəziyyəti barədə aşkar olunmuş nöqsan və pozuntu halları ilə bağlı tədbirlər görülüb. Amma ortaya çıxarılan nöqsan və pozuntuların nədən ibarət olduğu xırdalanmır. Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə, dövlət və özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahəsinin zəbt olunması, qanunsuz istifadə hallarının aşkar edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə komitənin sərəncamında olan dövlət müəssisə və obyektlərində 2736 monitorinq keçirilib və müvafiq arayışlar tərtib edilərək təhlil edilib. Artıq dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinin araşdırılmasına dair hər hansı bilgi verilmir.
Dövlət əmlakı qanunsuz "silinib"
Aparılmış monitorinqlər zamanı dövlət əmlakının səmərəsiz istifadə edilməsi, qeyri-qanuni silinməsi hallarına yol verildiyinə görə tərtib edilmiş araşdırma materialları Baş Prokurorluğa göndərilib.
Nizamnamə kapitalında dövlətin payı olan 300-ə yaxın səhmdar cəmiyyətindən 218, komitənin sərəncamında olan 69 dövlət müəssisəsindən 68 balans hesabatı qəbul edilib.
"Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat"ı təqdim etməli olan 6300-ə yaxın dövlət müəssisəsi və təşkilatından 5800-dən çox xüsusi hesabatın alınması təmin edilib. Bununla da aydın olur ki, 500-ü hesabat verməyib. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat formasını qanunla müəyyən edilmiş müddətdən gec təqdim etmiş müəssisələr üzrə 7 vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb. Özəlləşdirilmədən sonra imzalanmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı 90-dan çox sosial təyinatlı obyektdə monitorinqlər aparılıb.
90 obyektdən 70-i ya profilini dəyişib, ya da öhdəliklərindən qaçır
Keçirilmiş monitorinqlərin nəticələri barədə müvafiq arayışlar tərtib edilib və mülkiyyətçilərə özəlləşdirilən sosial obyektlərdə profili saxlanılmaqla normal fəaliyyətin təmin olunması istiqamətində qanunvericiliklə və alqı-satqı müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsi barədə 70-dən çox xəbərdarlıq məktubu göndərilib.
Buradan aydın olur ki, 90 obyektdən 70-i özəlləşdiriləndən sonra ya profilini dəyişib, ya da müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Bu isə monitorinqə cəlb olunan müəssisələrin 78%-nin problemli olduğu mənasına gəlir. Əslində komitənin bu hesabatını oxuyanda onun öhdəliklərinin də nədən ibarət olduğu anlaşılır.
Belə görünür ki, özəlləşdiriləndən sonra müəssisələrin öz fəaliyyət profillərini saxlamaq kimi bir öhdəlikləri varmış. Lakin bu gün dövlətin nəzarətindən qismən və ya tam çıxarılmış səhmdar cəmiyyətlərinin böyük əksəriyyəti öz profilinə uyğun işləmir, daha çox istifadəsində olan əmlakı icarəyə verməklə "dolanırlar". Onların çoxu sanki işləmək yox, həyatda qalmaq uğrunda mübarizə aparır. Hələ biz müqavilə şərtləri ilə sərmayə öhdəlikləri, işçilərin iş yerini itirməməsi kimi vəzifələrin yerinə yetirilməməsindən danışmırıq.
"Yeni BEMZ" və "Bakı Kondisioneri" necə sağlamlaşdırılıb?
Komitə dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası, özəlləşdirilmiş müəssisələrə dəstək tədbirləri sahəsində bir sıra işlər gördüyünü qeyd edir. Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə "Yeni BEMZ" və "Bakı Kondisioneri" açıq səhmdar cəmiyyətləri üçün hazırlanmış restrukturizasiya və sağlamlaşdırma proqramlarının layihələri hazırlanıb. Hər iki proqramın komitədə təqdimatı keçirilib, "Yeni BEMZ" ASC üçün hazırlanmış proqram üzərində işlər yekunlaşdırılıb, "Bakı Kondisioneri" ASC üzrə işlər hələ davam etdirilməkdədir.
Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası ilə bağlı cəlb edilmiş məsləhətçi şirkətinin iştirakı ilə 30-dan çox dövlət müəssisəsinin müvafiq restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin məqsədəuyğunluğu barədə təkliflər hazırlanıb. Bunlar hələ sağlamlaşdırmaya hazırlıqdır, prosesin özü ilə bağlı növbəti hesabatlarda konkret işlərə rast gəlinmir. Əslində səhmdar cəmiyyətlərinin ən yaralı yeri də budur. Uzun illər çek hərraclarında özəlləşdirilən müəssisələr sağlamlaşdırılmadan satışa çıxarılıb və əziyyətini payçıları indi də çəkirlər. Bununla bağlı hər hansı kütləvi tədbir yalnız hesabatlardadır. Bəlli ki, onlara iri məbləğdə vəsaitlər də ayrılır.
Özəlləşdirilən müəssisələr qədər də onlara aid torpaq sahələri ayrıca satılır
Dövlət müəssisələrinin yaradılması, yenidən təşkili və nizamnamələrində əlavə və dəyişikliklərin edilməsi barədə daxil olmuş müraciətlərə baxılaraq 20-dən çox məhdud məsuliyyətli və 5 açıq səhmdar cəmiyyəti dövlət qeydiyyatına alınıb, 3 açıq səhmdar və 8 məhdud məsuliyyətli cəmiyyətinin nizamnamələrinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması təmin edilib.
Səhmdar cəmiyyətlərinin adı yazılmır, amma yenidən qeydiyyat adətən cəmiyyətin ləğv olunub başqa hüquqi formaya keçməsi ilə nəticələnir ki, bu zaman kiçik səhmdarlar ortaqlıqdan, zor və ya xoş, uzaqlaşdırılır. Dövlət əmlakının özəlləşdirilməsi və investisiyaların cəlb edilməsi üzrə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq, 2013-cü ildə ümumilikdə kiçik özəlləşdirmə formasında 700-ə yaxın dövlət müəssisə və obyekti, 720-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Buradan da bəlli olur ki, özəlləşdirilən müəssisə qədər də onlara aid torpaq sahələri ayrıca satılıb. Səhmlərin satışı üzrə keçirilmiş pul hərraclarında 41, ixtisaslaşdırılmış pul hərraclarında 5, investisiya müsabiqələri vasitəsilə isə 3 səhmdar cəmiyyətinin səhmləri satılıb.
Dövlət müəssisələrinin bazasında yaradılmış 28 səhmdar cəmiyyətinə idarə heyətinin sədri təyin olunub, 20-dən çox səhmdar cəmiyyətində səhmdarların birinci ümumi yığıncağının keçirilməsi təşkil edilib. Soruşan gərək ki, il ərzində niyə yalnız 20 müəssisədə ümumi yığıncaq keçirilib? 28 səhmdar cəmiyyətində ilk sədr təyinatı olubsa, onun 28-də də ümumi yığıncaq keçirilməliydi, çünki Mülki Məcəllənin 107-1.2. maddəsinə görə səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir.
Saysız-hesabsız hərraclarda şəffaflıq necə təmin olunur?
İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 57 milyon manat məbləğində investisiya qoyulub. Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş və müqavilə öhdəliklərini icra etmiş 7 dövlət müəssisəsi üzrə mülkiyyət hüququ alıcılara keçib. Ümumilikdə keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 93 dövlət müəssisəsinə 882 milyon manatdan artıq həcmdə investisiya qoyulub, bu müəssisələrdə 16 500-dən çox iş yeri yaradılıb, dövlət büdcəsinə 54 milyon manata yaxın məbləğdə pul vəsaiti ödənilib. Həyata keçirilmiş özəlləşdirmə nəticəsində 2013-cü ildə dövlət büdcəsinə ümumilikdə 35 milyon manatın ödənilməsi təmin olunub. 5 açıq səhmdar cəmiyyətdə isə səhmlərin əmək kollektivi və onlara bərabər tutulan şəxslərə güzəştli satışı təsdiq edilib. Kiçik dövlət müəssisələrinin satışı üzrə respublikanın şəhər və rayonları üzrə keçirilmiş 180-dən çox hərracda 520-yə yaxın əmlak satılıb.
Dövlət mülkiyyətinə keçən əmlakın satışı üzrə keçirilmiş 7 hərracda 120-dən çox əmlak satılaraq dövlət büdcəsinə 48 800 manat ödənilib. Səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərracından, səhmdar cəmiyyətləri və kiçik dövlət müəssisələrinin güzəştli satışından 278 428 manat vəsaitin, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından 48 809 manatın dövlət büdcəsinə köçürülməsi təmin edilib. Saysız-hesabsız hərraclar keçirilir, şəffaflığın təmin olunması üçün birini də canlı izləmə şansımız yoxdur...
//Bizimyol.info