Ona verilən ev tapşırığına görə yalnız "2" düşür... - Aqrar sektorun inkişafında ciddi əyintilər
2-06-2016, 10:39
Kənddə sərbəst və dayanıqlı sahibkarlıq təbəqəsinin formalaşdığı, kiçik və orta sahibkarlığın inkişafına şəraitin yüksək səviyyədə olduğu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun dəbdəbəli "sovetyönlü" boyat raportları da deyəsən vaxtın-zamanın süzgəcindən keçə bilməyəcək. Gundelik-baku.com bildirir ki, aqrar sahədə bu gün mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün gərəkli tədbirlər yetərli deyil. Baxmayaraq ki, ölkə rəhbərliyi kənd təsərrüfatında köklü dəyişikliklərin aparılması üçün geniş tədbirlər planı həyata keçirməkdədir. Düzdür, aqrar sektorun idarəçilik mexanizmləri sürətlə dəyişdirilir, yeniləşdirilir. Lakin kənd təsərrüfatı üçün əldə edilmiş müasir texnika və texnologiyalar şəbəkəsinin işlək vəziyyətdə olmaması, inkişafın yalnız arxalı və oliqarx məmurların çevrəsinə aid təsərrüfatları əhatə etməsi, orta və kiçik sahibkarlıq subyektlərinin isə belə bir qayğıdan faktiki məhrum edilməsi kimi reallıqlar nəzərdən qaçmamalıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən edilən birbaşa yardımlara göz dikilir. Fermerlərə yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə hər il ayrılmış yarım milyard manatdan artıq vəsaitin düzgün bölüşdürülməməsi və bu sahədə "pripiska" hallarının artması fərdi təsərrüfatların inkişafında demək olar ki heç bir irəliləyişə gətirib çıxarmayıb. Bütün bunlar aqrar sahənin patronu ilə yerli icra strukturlarının əlbir fəaliyyətsizliyinin, daha doğrusu sövdələşməsinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Etiraf etməliyik, Heydər Əsədov nazir təyin olunduğu müddət ərzində öz sələfinin dəhşətli "mirasından" hələ də yaxa qurtara bilmir. Ölkədə taxıl istehsalında şişirtmələrə yol verilməsi faktları da üzə çıxıb. Şübhəsiz, kənd təsərrüfatı naziri ciddi və əsaslı kompromatların qarşısında duruş gətirmək gücündə deyil. Maxinasiyalı subsidiyalar və yeni texnikanın bölüşdürülməsi ilə bağlı digər yeyintilərlə adı oxşar "əməliyyatlarda" hallanan nazirin yaxın zamanlarda cəzalandırılacağı gözlənilir.Onun ölkə rəhbərliyi qarşısında özünü təmizə çıxarmaq cəhdləri isə heç bir nəticə verməyib. Belə ki, Heydər Əsədovun artıq ən yüksək səviyyədə sorğu-suala çəkildiyi barədə ciddi informasiya var. Söhbət ölkə rəhbərliyinin keçrdiyi yaxın iclaslarından birindən dərhal sonra kənd təsərrüfatı nazirinin nəzarətə götürləcəyindən gedir. Məlumatlı mənbənin bildirdiyinə görə, Heydər Əsədovun rəhbərlik etdiyi nazirlik əməkdaşlarının yol verdiyi bütün maxinasiyaların dövlətə vurduğu ziyan milyonlarla manatı ötüb keçib. Yaxın günlərdə bu məsələ ilə bağlı araşdırmalara başlanacağı istisna edilmir. Bu isə kənd təsərrüfatı naziri üçün son dərəcə arzuolunmazdır. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.