Başçının oğlunun müəmmalı karyerası - Necə oldu ki...
2-06-2016, 10:42
Masallının icra başçısı Rafil Hüseynovun əyləncə məkanlarında şəkilləri yayılan, müxtəlif qalmaqallarda adı keçən oğlu Şəhriyar Hüseynova yeni vəzifə verilib. Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, icra başçısının oğlu Neftçala polis şöbəsində Cinayət Axtarış Bölməsində kiçik leytenant rütbəsi ilə əməliyyatçı kimi işə başlayıb. Şəhriyar Hüseynov mülki polis işçisi kimi işə qəbul edilsə də, qısa müddətdə kiçik leytenant rütbəsinə qaldırılıb.
Rütbə almaq üçün imtandan keçmək lazımdır. İcra başçısının oğlu olmaq və “imtahan”dan keçməmək isə mümkün deyil. Görünür Rafil Hüseynov bu imtahanda oğluna yenə hərtərəfli dəstəyini əsirgəməyib. Yoxsa, o da diğər mülki gənc polislər kimi rütbəsiz qalardı.
Bizimxeber.az əməkdaşlarının əldə etdiyi məlumata görə, bir neçə gün Neftçalada olan Şəhriyar Hüseynov sonradan kursa göndərilib. Bir sözlə, Rafil Hüseynov da nəhayət oğlunu polis orqanlarına yerləşdirə bildi.
Qeyd edək ki, ölkədəki əksər məmurların və ya icra başçılarının övladları nədənsə hüquq mühafizə orqanlarında çalışmağa üstünlük verirlər. Onların arasında, mühəndis, müəllim, həkim və ya digər peşələrdə çalışmaq istəyən yoxdur. Görünür bunun da özəl səbəbləri var.
Məlumat üşün bildirək ki, Neftçala rayon polis şöbəsinin rəisi Vüsal Şəbəndiyevdir.