Rusiyadan Bakıya tez-tez çamadanlarla pul daşıyan Emin Axundov kimdir... BU PULLAR KİMƏ ÇATIR?
26-08-2017, 14:26
Rusiyada “Rosprirodnadzor” federal agentliyi “Qazprom”un podratçısı olan “Peton” şirkətini Leninqrad vilayətinin Vıborq rayonunda sıxılmış qaz zavodunun tikintisi zamanı yol verilmiş pozuntulara görə cərimələyib. Bəs bu şirkət kimlərə məxsusdur və onun sahiblərinin Azərbaycanla hansı bağlılıqları var? Virtualaz.org xəbər verir ki, compromat.ru portalı müxtəlif Rusiya mənbələrindən bu şirkət və sahibləri barədə məlumatlarж toplayıb, dosye hazırlayıb. Belə məlum olur ki, şirkətin sahiblərindən birinin azərbaycanlı kriminal avtoritetlərlə sıx bağlılığı var və o, Moskvadan Bakıya tez-tez çemodanlarla dolu pul daşıyır...(http://www.compromat.ru/page_38274.htm)
Sayt yazır ki, əslində Başqırdıstanda qeydiyyatdan keçən Texnoloji-Mühəndislik Holdinqi “Peton” MMC podratçı kimi heç bir istehsal və tikinti bazasına malik olmayan “içiboş” şirkətdir. Bu şirkət ancaq o məqsədlə yaradılıb ki, ilk növbədə “Qazprom” kimi iri dövlət şirkətindən milyardlarla rublu “sağsın”, sonra həmin pullar “Peton”a nəzarət edən nüfuzlu mütəşəkkil qruplaşmasının üzvləri arasında bölüşdürülsün. Həmin qruplaşmada cəmləşən adamlar “Peton”a hər tərəfdən tam “krışa” təmin edir.
Emin Axundov
Şirkətin rəsmi həmsahibləri Eduard Həsənov, Oleq Polyakov və Emin Axundovdur. “Qazprom”da onu bu qaz nəhənginin idarə heyətinin üzvü Kiril Seleznyov himayə edir. Daxili İşlər Nazirliyində isə şirkətin “krışası” Baş İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri, general Andrey Kurnosenko və onun tabeçiliyindəki paqonluların böyük qrupudur. “Sistema” maliyyə korporasiyasının vitse-prezidenti Əli Uzdenov və “Novıy potok” şirkətlər qrupunun rəhbəri Dmitri Mazurov da “Peton”a hakimiyyət və iri biznes xətti ilə “krışalıq” edirlər.
“Peton”un sahiblərindən Eduard Həsənov əvvəllər məhkumluq yaşayıb və kriminal aləmlə sıx bağlıdır. Həmin Həsənov dələduzluq əməlinə görə 7 il həbs cəzası alıb, nəinki ali təhsili, heç tam orta təhsili də yoxdur.
Oleq Polyakov və Eduard Həsənov
Bildirilir ki, Eduard Həsənov şirkətə yaxın dostu, Azərbaycan vətəndaşı Emin Axundovu da cəlb edib. “Axundov vətənində kriminal avtoritet hesab olunur, “vor zakon”larla, o cümlədən ötən il İstanbulda güllələmən “Rövşən Lənkəranski” ilə sıx bağlı olub. O, əvvəllər sifarişli qətldə şübhəli hesab edilib. Emin Axundov digər “vor zakon” Çingiz Axundovun (“Ağbaş Çingiz”, 2007-ci ildə öldürülüb) qohumudur. Hazırda Emin Azərbaycan əsilli bir sıra “kriminal generallarla” münasibət saxlayır. Rəsmi olaraq Axundov “Peton” şirkətinin baş direktorunun birinci müavinidir, müəssisənin direktorlar şurasının üzvüdür. Eyni zamanda “Peton-Construction” MMC-nin sahiblərindən biridir”-dosyedə göstərilir.
O da qeyd olunur ki, Emin Axundov tez-tez Ufadan Bakıya gəlib gedir, bəzən Moskvadan tranzit keçməklə. Bu, Axundov üçün işdən evə-evdən işə gedib-gəlmək kimi adiləşib. “O, ağzına qədər pulla dolu çemodanlarla uçur. Bu çemodanlarda o cümlədən “kriminal generallar”ın payı da olur”-sayt yazır.
Bildirilir ki, “Qazprom”da bu şirkətin ikiqat himayəsi var, Seleznyovdan başqa “Qazprom invest Yuq” QSC-nin rəhbərinin keçmiş birinci müavini Andrey Qonçarenko da “Peton”a krışalıq edir. Qonçarenko Monakoda və Lacivərdi sahillərdə tez-tez əyləncə mərasimləri təşkil etməsi ilə tanınır.
“Peton”un digər şəriki Oleq Polyakov da bir sıra dələduzluq işlərində fiqurant olub. “Peton-Construction” şirkətinə başçılıq edən Murad Asadullin də maraqlı bioqrafiyaya malik adamdır. O, Ufa prokurorluğunda işləyib, rüşvətə görə işdən qovulub və vəkillik etməyə başlayıb. Asadullinin müştəriləri əsasən Başqırdıstan DİN-in FTX-nin yerli idarəsi tərəfindən həbs edilən əməkdaşları olub. Şirkətin sahiblərinin “Sistema” korporasiyasının rəhbəri Vladimir Yevtuşenkovla yaxın münasibətləri olsa da hazırda onlar korporasiya ilə “Rosnet” arasında “Başneft” şirkətinin özəlləşdirilməsi məsələsinə görə davam edən çəkişmədə “Rosneft”in rəhbəri İqor Seçinə tərəf meyllənməyə başlayıblar.
Qeyd edək ki, Azərbaycan mənbələrində “Peton” şirkətinin sahiblərindən olan və compromat.ru-da deyildiyi kimi “tez-tez Bakıya çemodanlarla pul daşıyan” Emin Axundovun barəsində məlumatlara rast gəlinmir. Rusiya mənbələrində isə göstərilir ki, Axundov Emin Rövşən oğlu Ufada qeydiyyatdadır, onun adına “Energo Group” adlı şirkət də qeydiyyatdan keçib...
Virtualaz.org