DSMF-nin Ağsu şöbəsinin müdiri sakinlərin dəfn puluna göz dikir
7-08-2015, 16:44
Qanunvericilikdə sosial yardımın növlərindən biri olan dəfn xərci var. Birdəfəlik yardımdır və ailə üzvlərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütləq ödənilməlidir. Lakin Dövlət Sosial Müdafiə Fondunun bir sıra yerli şöbələri qanunvericiliyə zidd hərəkətlər edir. Bu şöbələrdən biri də Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsidir. Şöbə müdiri Temirşah İsmiyevin qanunsuz fəaliyyətinin nəticəsidir ki, rayon sakinləri süründürməçiliyə məruz qalır, hüquqları tapdalanır. Demək olar ki, DSMF-nin bütün şöbələrində vəziyyət bərbaddır. Ağsu rayon şöbəsində isə durum lap pisdir. DSMF-nin Ağsu rayon şöbəsində sakinləri aldadılır. Verilən məlumata görə, rayon sakinləri dəfn pulunu almaqda çətinlik çəkirlər. DSMF-nin Ağsu rayon şöbəsinin müdiri sakinlərin dəfn puluna göz dikir. Vətəndaşları süründürməçiliyə məruz qoyur. Vətəndaş dəfn pulunu alanda da bir hissəsini ala bilir. Qalan hissəsinin isə taleyi məlum olmur.
Qanuna görə, sığortaolunanlar üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə" ilə tənzimlənir
Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Dəfn üçün müavinət almaq hüququ olan şəxslər Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.
Əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət mərhumun yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.
Qanunvericilikdə dəfn üçün müavinət almaq hüququ olan şəxslərə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Lakin DSMF-nin Ağsu rayon şöbəsində qanunun aliliyi qorunmur. Ona görə də rayon sakinləri bu cür şəxslərin tamahkarlığının qurbanına çevrilirlər. Etibarlı mənbələrin verdiyi məlumata görə, şöbə müdiri qanunsuz əməlləriylə dövlət büdcəsinə də ziyan vurur. Qanuna əsasən təqaüd almaq hüququ olmayan şəxslər də rəhbərliyi görəndən sonra təqaüd ala bilirlər. Lakin qanunla təqaüd almalı olan şəxslər isə bundan kənarda qalırlar. Bu həmin sakinlərin rəhbərliyin maraqlarını təmin etməməsindən irəli gəlir.Vətəndaşları incidirlər, sənədlərdə lazımsız səhvlər çıxarmağa çalışırlar. Vətəndaşları get-gələ salırlar.Ta ki, vətəndaşdan nəsə qoparmasalar işini yola qoymurlar. Bizə verilən məlumata görə, şöbə müdiri vətəndaşlarla kobud rəftar edir. Əksər vaxtlarda problemli vətəndaşları qəbul etmir.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev bütün məmurlara sadə olmağı, vətəndaşlarla normal ünsiyyət yaratmağı tapşırıb. Bəzi məmurlar isə yerlərdə narazılıq yaradır.(Gündəlik Bakı)