Oliqarxiya dövrü bitir: Hədəfdə hansı nazirlər var?
14-01-2018, 01:25
Son 5 ildə Azərbaycanda bir neçə yüksək çinli dövlət adamı və nazir prezident tərəfindən vəzifəsindən azad edilib. Bununla bağlı ilk xəbər 5 il əvvəl keçmiş təhsil naziri Misir Mərdanovdan gəldi. 1998-cü ildən nazir işləyən Misir Mərdanovun vəzifəsindən azad edilməsi, cəmiyyətdə o təəssüratı yaratdı ki, iqtidar öz sistemini yeniləmək qərarı verib və bu, prosesin başlanğıcıdır. Çünki bəzi vəzifəli şəxslər hesab edir ki, ölənədək öz postunun mütləq hakimi olacaq. Amma çox zaman bir sərəncam bütün təəssüratları alt-üst edir.
M.Mərdanovun postundan uzaqlaşdırılmasından keçən qısa müddət sonra gözlənilmədən Milli Təhlükəsizlik naziri Eldar Mahmudov görəvindən alındı və hətta nazirlik özü də ləğv edildi. Araşdırmalardan sonra nazirin və ətrafının cinayətləri də məlum oldu. Sonra onlara cinayət işi açıldı və bir neçə general həbs olundu. MTN polkoviniki İlqar Əliyevin həbsxanada intiharı isə vəziyyətin bildiyimizdən də acınacaqlı olduğunu gösətrdi.
“Qələmi qırılanlar”
MTN ətrafında baş verən hadisələr özünə yekun nəticə tapmamış bu dəfə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov vəzifəsini itirdi. Onun və ətrafının Eldar Mahmudov çetesindəki böyük pay sahibi olduğu üzə çıxdı. Daha sonra Nəqliyyat Nazirliyi ləğv edildi və Ziya Məmmədov istefaya göndərildi. Abbasov və Məmmədovun “qələmlərinin qırılmasından” sonra növbəti pis xəbər vergilər naziri Fazil Məmmədova verildi. Xəbər yayıldı ki, Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırılıb və yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.
Açıq və gizli oliqarxlar
Beləliklə, son 5 ildə Azərbaycanda hətta bəzən cəmiyyətin ümidsiz yanaşdığı, amma maraqlı ilginc proseslər baş verir. Bu, nazirlərin istefaya göndərilməsi ilə bağlı olan təəssürat deyil, bu, cəmiyyətin nəzərində “alınmaz qalanın mütləq hakimi” kimi görünən şəxslərin gözlənilmədən öz postlarını və imtiyazlarını itirmələri ilə bağlıdır. Başqa sözlə, son bir neçə il ərzində bir sıra oliqarx nazir, yaxud vəzifəyə gətirildikdən sonra oliqarxlaşmış dövlət adamı öz postundan məhrum edildi. Sonuncu olaraq, Fazil Məmmədov və Ziya Məmmədov, həmçinin “gizli oliqarx” Əli Abbasov ətrafında cərəyan edən hadisələr o təəssüratı yaradır ki, hakimiyyət korrupsioner əməlləri ilə ad çıxarmış digər oliqarxlara da güzəşt etmək fikrində deyil. Nəzərə alsaq ki, bu il ölkədə prezident seçkiləri keçiriləcək, bu baxımdan, hakimiyyətin proses ərzində ona baş ağrısı yarada biləcək digər oliqarxlardan xilas olmağa cəhd edəcəyi istisna deyil.
“...köpləri alınmalı və yola salınmalıdırlar”
Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək tərcüməçi-yazar Nadir Qocabəyli “Cümhuriyət” qəzetinə açıqlamasında prosesin davamlı olacağını istisna etməyib. Lakin o, bununla bağlı əks halı da istisna etmir: “Nazirlərin vəzifələrdən çıxarılması və yeniləri ilə əvəzlənməsi hər hansı siyasi məntiqə söykənən sistemli və köklü islahata bənzəmir. Bu, daha çox hakimiyyət daxilində gedən mübarizənin təzahürü və cızığından çıxanların cəzalandırılması təsiri bağışlayır. Burada qarşıdan gələn prezident seçkilərində hakimiyyətin əsas namizədinin kim olacağının rolu ola bilər”.
N.Qocabəyli hesab edir ki, seçkilərdə kimin qalib gəlib-gəlməməsindən asılı olmayaraq, hakimiyyət sistemində dəyişikliklər gözləniləndir: “Ancaq günümüzdən baxanda hələ ki, indiki prezident daha şanslı göründüyündən, proqnozu da onun prezidentliyi dönəminə görə verməliyik. Məncə, nazirlərin azad olunması 2018-ci ilin payızından sonra da davam edəcək. Bəzi oliqarx nazirlər o qədər şişiblər ki, artıq hakimiyyətə problem yaradırlar. Odur ki, köpləri alınmalı və yola salınmalıdırlar”.
Cebhe.info