Sübut edilə bilməyən benzin fırıldağı

18-01-2018, 09:54           
Sübut edilə bilməyən benzin fırıldağı
Çəkidə aldatmaq, südə su qatmaq və s. bu kimi fırıldaqların tarixi çox qədimlərə gedib çıxır. Sanki insanlar cəmiyyət formalaşdırmağa başlamazdan əvvəl kələk mexanizmlərini düşünüblərmiş...

Bu əyri əməllərdən insanları çəkindirmək üçün həm bu dünyada, həm də o biri dünyada cəzalandırılacaqlarına dair xəbərdarlıqların da olması onu dəlalət edir ki, bu kimi əməllər hələ peyğəmbərlərin zamanında olub. Amma insanlar elə o zamandan necə idilərsə, indi də elədirlər. Və texnologiyalar inkişaf etdikcə, dünya, cəmiyyətlər, toplumlar mürəkkəbləşdikcə, kələkbazlıqların da ona uyğun şəkildə yeni-yeni təzahürləri, formaları ortaya çıxır.

Bu kimi xoşagəlməz, əslində insanlıqdan uzaq, adamlara inamı sarsıdan işlərlə məşğul olanlara qarşı ən sərt tədbirlər sovetlər vaxtı görülürdü. Məsələn, bizim rayonda Qulu adlı dükandar cəmi 30 qəpiyə görə gedib 5 il türmə yatmışdı. 70 qəpiklik “Kosmos” siqaretini müştəriyə 1 manata satımışdı, o da şikayət etmişdi, gəlib Qulunu tutub damlamışdılar. Bu sərt tədbirlər səbəbindən SSRİ vaxtı əliəyriliklə, tərəzi “basmaqla” məşğul olanların sayı minimuma enmişdi. Onlara az qala vətən xaini kimi baxılırdı. Xüsusi bir maddə, idarə də vardı belələri üçün - “Sovet əmlakını talayanlarla mübarizə idarəsi” idi adı səhv etmirəmsə...

Əslində kapitalizm quruluşu əliəyriliyin, kələkbazlığın qarşısını təbii metodlarla alınmasına səbəb olmalıdır. Nədən ki, burada rəqabət mühiti var, istehsal müəssisəsi, şirkət, mağaza əsasən özəl mülkiyyət olduğu üçün sahibkarlar özlərinin inkişafı, daha çox müştəri cəlb etmək məqsədilə dürüst çalışmağa maraqlı olmalıdırlar. Amma təəssüf ki, hələlik bizim ölkəmizdə kapitalizmin sanki vəhşi, sivil dünyada rast gəlinməyən forması müşahidə olunur. Əksər sahibkarlar müştərilərə vicdanlı xidmət göstərməklə deyil, anındaca, ilk fürsətdə “yolmaqla”, kələk gəlməklə qazanmağa çalışırlar. Sanki təfəkkürlərdə “indi nə qapazladım, qapazladım, nə bilim sabah nə, necə olacaq” düşüncəsi formalaşıb...

Azərbaycanda vətəndaşlara kələk gəlinən obyektlər sırasında yanacaqdoldurma məntəqələri öndə gəlir. Son illərdə bu sahədəki acınacaqlı durumu aşkarlamaq daha da asanlaşıb. Nədən ki, çəndə nə qədər yanacaq olmasını göstərən əqrəbli mexaniki qurğu müasir maşınlarda elektron qaydada litri ölçən cihazla əvəzlənib. Yəni artıq çəndəki yanacağı təqribi deyil, dəqiq rəqəmlə görə bilirik. Amma nə olsun? Azərbaycanda əksər yanacaq doldurma məntəqəsindən (YDM) ikisinin, məsələn, 20 litr yanacaq əvəzinə 18, maksimum 19 litr yanacaq vurduqlarını sübut etmək mümkün olmur. Son aylarda bununla bağlı maraqlı müşahidələrin şahidi olmuşam. Konkret iki faktı deyim: Maşında benzinin qurtarmağa az qaldığını siqnal verən qırmızı işıq yandı və bundan təxminən 2 kilometr qarşıda ənənəvi olaraq yanacaq doldurduğum məntəqəyə girdim. 20 manatlıq - 22,2 litr yanacaq (Aİ 92) doldurdum və kilometrajı sıfırladım. Həmin yanacaqla avtomobili 249 km sürdükdən sonra Xırdalan dairəsi yaxınlığında qırmızı işıq yandı. Qarşıda tıxac olduğunu görüb, “birdən tıxacda çox qalaram, ənənəvi YDM-ə çatmaram” deyə düşünüb də Xırdalan ərazisində - Ekologiya postunun yanındakı bir YDM-ə girib yenə 20 manatlıq yanacaq (Aİ 92) vurdum. Müqayisə üçün kilometrajı yenə sıfırladım. Sonrakı günlər də maşını eyni xətt üzrə - iş-ev - sürdüm, bu dəfə cəmi 232 kilometr getdikdən sonra qımızı işıq yandı. Nəzərə alsaq ki, maşınım 100 kilometrə ortalama 9-9,5 litr yanacaq sərf edir, deməli, sonuncu dəfə azı 1,5 litr az yanacaq vurulub. Bu cür testləri azı 5 dəfə aparmışam son aylarda. Eyni mənzərə - bir YDM düzgün vurur, ikisi oğurlayır...

Təsəvvür edin, hər 20 litrdə 1,5 litr yanacaq kəsilir və bunu YDM-lərə sübut etmək istəyəndə, ən sonda “get, nə bilirsən elə” cavabını alırsan...

Hər il ölkədə təxminən 1,3 milyon ton civarında benzin, 1,2 milyon tona yaxın dizel yanacağı satılır. Hesab edək ki, lap bu YDM-lərin tən yarısı düzgün işləyir. Ümumilikdə satılan 600 min ton benzinin, elə o qədər də dizelin lap az göstərici ilə götürsək 5 faizi kəsilirsə, burada söhbət il ərzində təxminən 100 milyon manata yaxın vəsaitin vətəndaşlardan oğurlanmasından gedir!

YDM-lərdə çalışan tanış operatorlar da bu kələyin olduğunu etiraf edirlər. Məgər Dövlət Standartlaşma və Patent Agentliyinin bu fırıldaqlardan xəbəri yoxdurmu? Əlbəttə var. Niyə bu məsələyə göz yumulur, onu deyə bilmərəm. Dəqiq səbəbi bilmirəm. Hər halda, biz hüquqi dövlət qururuq. Odur ki, dövlət baba bu məsələyə də əncam qılmalıdır.

Elşad MƏMMƏDLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.