Xacmazda Xaçmaz Regional Qaz İstismarı İdarəsi Xaçmazlıları aldadıb ciblərinə girir

19-01-2018, 01:23           

Xaçmazda soyğunçuluq?

Xaçmaz şəhərində bir Xaçmaz Regional Qaz İstismarı İdarəsi var. Mütəxəsislər deyir ki, əslində bu qurum mənasız bir qurumdur. Çünki hər rayonun özünün qaz idarəsi var. Artıq ştatlardır da, iş-güc olmasa da başlarını girələyib dövlətin pulunu alıb xərcləyirlər. Bununla bir işimiz yox, söhbətə yenidən qayıdacağıq. Amma hələlik Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsindən danışacağıq. O xidmət sahəsindən ki, vətəndaşların başına olmazın oyun gətirir. Xatırlayırsınızsa, bu yaxınlarda sözügedən sahənin sabiq nəzarətçi-çilingəri Turab Sultanov açdı sandığı, tökdü pambığı. Düzdür, müsahibəsindən sonra onunla yenidən müqavilə bağlamadılar və işdən azad etdilər. Heç Turab özü də yalvarmadı. Mərd-mərdanə xaçmazlılara dedi ki, Elmir Camalovun rəhbərlik etdiyi Xaçmaz xidmət sahəsində vətəndaşlar aldadılır, bildiriş terminallarının menyusuna müdaxilə olunur, idarənin borcları müxtəlif yollarla insanların cibindən çıxarılır və s. Amma bunların heç biri Elmir müəllimə təsir etmədi ki, etmədi. Əksinə, həvəsə gəlib yeni qanunsuzluğa əl atdı. Dekabrın sonunda qaz sayğacları sıfırlanmalı olduğu halda, bunu saxladı bayramdan sonraya. Şikayət edən vətəndaşlara bildirdilər ki, tətildən sonra hər şey “Azəriqaz” İB-nin dediyi kimi olacaq. Bayram ötdü, üstündən xeyli keçəndən sonra xaçmazlılara kütləvi şəkildə köhnə tarixlə bildirişlər gəldi. Bu dəfə şikayət edənlərə dedilər ki, respublikanın hər yerində belədir və mərkəzin tapşırığıdır. Adını çəkmədiyimiz nəzarətçi-çilingərlərdən biri müxbirimizə deyib ki, bayramdan əvvəl bildiriş terminallarını onlardan yığıblar. Sonra isə menyusunu dekabrın 30-u tarixinə dəyişdirərək qaytarıblar. Özlərinə də deyiblər ki, Elmir Camalovun göstərişidir. Bununla da vəziyyət qarışıb. Hətta iş o yerə gəlib çatmışdı ki, şəhər sakinləri aksiyaya çıxmaq istəyirdilər. Ekspertlərdən biri isə bizə dedi ki, əslində Elmir Camalov idarənin borcunun bir hissəsini bu yolla-vətəndaşların hesabına bağlamaq istəyib. Bu soyğunçuluq deyil bəs nədir? Mən üzümü rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə tuturam. Onların hamısının bu işdən xəbəri olub. Bəs kimdən və nədən çəkiniblər? Bir sahə rəisinin öhdəsindən gəlmək bu qədərmi çətindir? Yeri gəlmişkən deyim ki, Turab Sultanov rəsmi məktublarla SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, hesablama palatasına, energetika nazirliyinə və digər qurumlara müraciətlər də edib. Bildiyim odur ki, kişini nə yollasa “neprav” çıxarıblar. Görünür, SOCAR-dan yazmaq asan iş deyil. Amma vətəndaşları qaz kimi yolmaq da olar. Eyibdir, çox eyibdir, cənablar! Axı dövlətimizin başçısı yerli məmurlara belə işləməyi tövsiyyə etməyib. Dəfələrlə tapşırıb ki, onların şikayətlərinə ciddi yanaşın. Əgər ölkənin prezidenti özünü xalqın bir nömrəli xidmətçisi adlandırırsa və bununla da millətinə olan hüsn-rəğbətini ifadə edirsə, bəs sizlər xalqı nə yerinə qoymusunuz? Belə çıxır ki, cənab prezidentin tövsiyyə və tapşırıqlarını bəzi yerli məmurlar özlərinə aid etmirlər. Yoxsa Xaçmaz boyda rayonda bir xidmət sahəsi belə həngamə törətməzdi. Nə isə, geci-tezi var, hər şeyin üstü açılacaq, kimlərsə dövlət və qanun qarşısında cavab verməli olacaqlar.

“Şimal xəbərləri”nə Xaçmaz xidmət sahəsindən çoxsaylı şikayət zəngləri gəlib. Bunları nəzərə alaraq, qurumun satış şöbəsinin rəisi Vüqar Rzayev və rəisi Elmir Camalovla da əlaqə saxlanılıb. Bizə sözləri bu olub ki, idarəyə gəlin oturub aydınlaşdıraq. Həə, bircə bu çatmırdı. Deyəsən, reket jurnalistlərlə bizləri səhv salıblar. “Şimal xəbərləri”nin zəng etməkdə məqsədi yalnız qarşı tərəfin mövqeyini öyrənmək idi, daha Elmir Camalovun qapısında növbə çəkmək yox.

Yenə qayıdıram Xaçmaz RQİİ-yə. Bu qurumun əsas funksiyası həm də şimal bölgəsindəki rayonların xidmət sahələrinə nəzarətdir. Di gəl ki, sözügedən məsələdən quruma şikayət edənlər boş vədlərlə qayıtmalı olublar. Çünki bu idarə özü bir boşluqdan ibarətdir. Əgər belə olmasaydı, əhalinin haqlı narazılığına operativ şəkildə nəzarət edərək ciddi və qanuni tədbirlər görərdilər.

Fazil Mahmudov
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.