Biri sahibkara kəllə vurur, o biri yumruqla qarovulçunun burnunu qırır... – İCRA BAŞÇILARI “AT OYNADIR”

7-05-2018, 00:04           
Biri sahibkara kəllə vurur, o biri yumruqla qarovulçunun burnunu qırır... – İCRA BAŞÇILARI “AT OYNADIR”
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin bu rayonda yeni inşa edilən Olimpiya İdman Kompleksinin qarovulçusunu şəxsən döyüb burnunu sındırması barədə əhvalatın səs-küyü səngiməmiş daha bir rayonda analoji hadisə baş verib. Bu dəfə Qax rayonunda icra başçısının müavini sahibkarı kabinetinə çağıraraq döyüb, onun sifətinə kəllə ilə zərbə endirib və xəsarət yetirib. Sahibkarın burnu qanayıb, o canını məmurun əlindən birtəhər qurtararaq yerli prokurorluğa şikayət edib.
Muxalifet.az xəbər verir ki, bu haqda məmurun kəllə zərbəsinə məruz qalan yerli sahibkar Mustafa Muxtarov özü “AzPolitika” portalına danışıb. O deyir ki, mayın 1-də icra başçısının müavini Elbrus Tağıyev ona zəng vurub, qaynanasına məxsus mağazanın məsələsi ilə bağlı görüşə çağırıb. Sahibkar mayın 2-də məmurun qəbuluna gedib. E.Tağıyev ona deyib ki, mağazanın yerləşdiyi ərazi ilə bağlı şikayət var. Guya hansısa şəxs onlardan şikayət edib, ərazinin qanuni sahibi olduğunu bildirib.
“Mən etiraz etdim, bildirdim ki, əgər həmin adamın əlində qanuni sənədi varsa qoy məhkəməyə müraciət etsin. Siz bu işə niyə qarışırsınız və təziq edirsiniz? Bu vaxt Elbrus Tağıyev özündən çıxdı, yerindən qalxıb üstümə yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, “bu zibili götürün rədd edin burdan””-Mustafa Muxtarov başına gələnləri belə nəql edir.

Elbrus Tağıyev

Muxtarov oradan çıxandan sonra birtəhər icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin qəbuluna düşüb, başına gələnləri ona danışıb. Şəkiliyev əvvəlcə müavini “tənbeh edəcəyini” deyib, amma sonra özü də Muxtarovdan “köhnə inciklikləri” yada salıb və onun özünü tənbeh edib. Nəticədə sahibkar prokurorluğa şikayət verməli olub. Amma kəllə vuran müavinlə bağlı cinayət işinin qaldırılması barədə məlumat yoxdur.

Vaqif Abdullayev

Və yəqin ki, belə cinayət işi qaldırılmayacaq. Çünki Beyləqanın icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin qoruduğu obyektdən metal konstruksiyaları oğurlamaqda şübhələndiyi (bu şübhələr isə təsdiqini tapmayıb) qarovulçu Rahil Əliyevi şəxsən döyüb burnunu sındırması, ona ağır küçə söyüşləri yağdırması, hətta şəhidin ruhunu təhqir etməsi faktı barədə indiyə qədər nəsə tədbir görən olmayıb. Hansı ki, zərərçəkən icra başçısının ona necə hücum çəkdiyini bütün təfərrüatları ilə sosial şəbəkələrdə yayılan videomüraciətində nəql edib, Vaqif Abdullayevin onu döyərkən bərk sərxoş olduğunu da danışıb.

Qarovulçu Əliyev

Bunlar rayonlardakı “balaca padşahların” vətəndaşlarla necə davrandığına dair çoxsaylı nümunələrdən ancaq ikisidir. Hansı ki, əvvəllər belə davranışlar hətta kütləvi iğtişaşlara və etirazlara da gətirib çıxarmışdı…(virtualaz.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.