Əkbər Hacıyevdən Ermənistanla sərhəd bölgəyə sensasion mesaj: - “Qaz gözləməyin, çəkilməyəcək...”

23-09-2015, 16:33           
Əkbər Hacıyevdən Ermənistanla sərhəd bölgəyə sensasion mesaj: - “Qaz gözləməyin, çəkilməyəcək...”
“Gədəbəyin Ermənistanla sərhədd ərazidəki Şinıx bölgəsində qazlaşdırmadan kənarda qalmış 20-ə yaxın kəndinə qaz çəkilməyəcək”.

Virtualaz.org saytı xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, bunun səbəbini həmin kəndlərin “dağlıq ərazidə yerləşməsi ilə” izah edib: “Həmin bölgədə 24 kənd var, onlardan 3-ə qaz çəkilib, çünli aran hissə idi. Digər kəndlər isə sıldırım qayalıq ərazidə yerləşir və hərəsində 10-20 ev var. Elə əraziyə qaz çəkmək üçün texnika yoxdur. Ümumiyyətlə, ən inkişaf etmiş Avropa ölkələrində belə dağın başında yerləşən, 10-20 ailənin yaşadığı kəndlərə 40 km-lik qaz borusu çəkilmir. Bir sözlə, həmin kəndlərə qaz çəkilməsi planlaşdırılmır. Çünki bu, iqtisadi cəhətdən özünü doğrultmur”.

Baş direktor əlavə edib ki, həmin kəndin əhalisi qaz balonları, yəni daşınan maye qazla qaz ehtiyaclarını təmin edə bilərlər.

Redaksiya qeydi:

Xatırladaq ki, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin qazlaşdırılması 2010-cu ildə başlayıb. Lakin “Azəriqaz” bölgənin cəmi 3 kəndini qazlaşdırdıqdan sonra işləri yarımçıq qoyub.

Bölgəyə qədər əsas qaz xətti çəkilsə də müəmmalı səbəbdən həmin kəmərin cəmi 3-4 kilometrliyində yerləşən kəndlərə kiçik diametrli borularla qazın paylanması həyata keçirilməyib. Bu isə yanacaq kimi odundan istifadə edən bölgə əhalisinin güzəranının get-gedə ağırlaşmasına səbəb olur.

Bölgə əhalisinin redaksiyamıza etdiyi müraciətlərdə bildirilir ki, artıq meşə fondu tükənib və ekoloji fəlakət əlamətləri özünü göstərir.

İndi Əkbər Hacıyevin düşmənlə sərhəddə ağır şəraitdə yaşayan bu kəndlərin əhalisinə göndərdiyi mesaj əsl sensasiya və prezidentin bölgələrdə qazlaşdırma işlərinin sürətləndirilməsinə dair verdiyi tapşırıqlara qarşı sabotaj hesab oluna bilər.

“Azəriqaz” rəhbərinin həmin kəndlərin niyə qazlaşdırılmayacağına dair dedikləri isə tamamilə absurddur. Çünki bölgəyə gedib baxmaq kifayətdir ki, həmin kəndlərin əvvəl qazlaşdırılan 3 kənddən relyef baxımından heç nə ilə fərqlənmədiyini görəsən.

Bu kəndlərə nəinki texnika işləyir, eyni zamanda ilin istənilən vaxtında ora istənilən minik maşını ilə gedib-gəlmək mümkündür.Həmçinin bu kəndlərin hərəsində 10-20 yox, onlarla və yüzlərlə ev var.

Onu da xatırladaq ki, SOCAR qonşu Gürcüstanda Azərbaycan qazı hesabına nəinki texnikanın çətin hərəkət etdiyi kəndləri qazlaşdırır, eyni zamanda ümumiyyətlə texnika işləməyən yerlərdə boruları vertolyotla daşıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.