99 YP 439 nömrəli DYP-çi Bəşirov Yusifin Malakan “əməliyyatı” - DYP “QURBAN” AXTARIŞINDA

25-09-2015, 22:46           

Son günlər 7News.az informasiya portalına DYP əməkdaşlarının özbaşınalığı, qeyri-etik davranışları, qanunsuz cərimələmə hərəkətləri ilə bağlı şikayət tipli yazılar daxil olmaqdadır.



Ötən günlərdə bir şikayət məktubunu tam araşdırdıqdan sonra dərc etdik . “99 YP 482 nömrəli DYP-dən və Hüseynov Tanrıverdidən uzaq durun” başlığı ilə dərc edilən yazıda kifayət qədər ciddi qanun pozuntusundan söhbət gedirdi.

Budəfəki yazımızın qəhrəmanları isə 99 YP 439 nömrə nişanlı DYP avtomobilini idarə edən polislər haqqındadır. Ümumiyyətlə, bu ərazidə yaşayan, işləyən hər kəsi “boğaza yığan” polis görəvliləri kütləvi narazılıqla nəticələnən qanunsuz fəaliyyətlə məşğuldurlar. 99 YP 439 nömrə nişanlı DYP avtomobilini idarə edən BƏŞİROV YUSİF ALGÜL oğlunun “qəhrəmanlıqları” haqqında məlumatları dəqiqləşdirmək üçün Malakan bağına üz tutduq. Gördüklərimiz, eşitdiklərimiz sözün hər mənasında bizi şoka saldı. Əhalinin dediyinə görə bu polislər xüsusi amansızlıqla “yığıcılıq” təsərrüfatı ilə məşğuldurlar. Belə ki, onlar pusqularda gizlənərək şikarın tələyə düşməsini gözləyirlər. Hər dəfə adət elədiyi yerdə saxlayan sürücü isə əsl “Qurbana” çevrilmiş olur.

Müşahidələrimiz zamanı isə daha bir olay diqqətimizdən yayınmadı. 10 880 dövlət nömrə nişanlı son model Mercedes E Class avtomobili bu “igid” polis əməkdaşlarının gözü qarşısından xüsusi səsgücləndiricini işə salaraq maksimum sürətlə “avtoşluq” etməyə başladı. Məsələ burasındadır ki, “avtoş” oliqarxa heyrətlə tamaşa edənlərin sırasında məhz bu polis əməkdaşları da vardı. Görünür DYP-nin təlimatlarına müvafiq olaraq bu polislər xüsusi kriteriyalarla işləyirlər. Bura avtomobilin qiyməti, sürənin kimliyi və s. kimi kriteriyalar aiddir.

Müşahidələrimizi davam etdirməkdə qərarlı idik. Çox təəssüf ki, xoş bir hal ilə qarşılaşa bilmədik. Daha bir “ŞİKAR” isə iki qanun arasında sıxılaraq polislərə təslim olmaq məcburiyyətində qaldı. Belə ki, şəxsi ailə problemi ilə əlaqədar olaraq mobil telefonuna zəng gələn sürücü sükan arxasında danışmağın qayda pozuntusu olduğunu dərk edərək avtomobili 5 dəqiqəlik yol kənarına verib telefona cavab vermək məcburiyyətində qalır. Bu zaman özünü yetirən “igidlər” sanki dünyanın ən xöşbəxt insanı kimi şikarı aşılamağa çalışırdılar. Sürücü avtomobili söndürmədiyini, hətta sükan arxasından ayrılmadığını və telefona cavab vermək məcburiyyətində olduğunu dəfələrlə desə də DYP əməkdaşları onu PPX ilə hədələyərək boynuna cərimə “itələdilər”. Həm sürücü, həm də bizlər hələ də müəmmalar içindəyik: sükan arxasında mobil telefondan istifadə etdiyimizdə “Niyə kənara verib cavab telefonla danışmırsan?” və bu kimi müxtəlif formalarda iradları söyləyən DYP əməkdaşı başqa planetdənmi gəlib?

Daha bir “iyrənc” məqam isə polislərin bahalı avtomobillərin sahibləri ilə “bazarlığa”çıxması, müəyyən məsələlərdə “razılığa” gəlmələri idi ki, bu da özlüyündə ətrafdakı insanlarda ikrah hissi doğururdu.

7News.az informasiya portalı olaraq növbəti yazılarımızda sözügedən DYP əməkdaşlarının audio yazılarını da təqdim edəcəyik. Əziz DYP işçiləri: QURBAN BAYRAMINIZ MÜBARƏK!

Mövzunu diqqətdə saxlayacağıq…






99 YP 439 nömrəli DYP-çi Bəşirov Yusifin Malakan “əməliyyatı” - DYP “QURBAN” AXTARIŞINDA













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.