Mübariz Ağayev Ziya Məmmədova “dirsək göstərdi” – Göyçaydakı malikanə kompromat kimi...

29-09-2015, 22:13           
Mübariz Ağayev Ziya Məmmədova “dirsək göstərdi” – Göyçaydakı malikanə kompromat kimi...
Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədovun Göyçaydakı topdağıtmaz malikanəsi ilə bağlı qalmaqal yaranıb. Belə ki, Göyçayın Hüngütlü qəsəbəsinin sakinləri sözügedən malikanənin yerləşdiyi ərazinin onlardan su qiymətinə alındığını, üstəlik pullarının verilmədiyini iddia ediblər. Bundan sonra isə müvafiq dövlət qurumları hərəkətə keçərək məsələni araşdırmağa başlayıb. Xatırladaq ki, sözügedən malikanə 2010-cu ildə Ziya Məmmədovun əmisi oğlu Mansur Məmmədov Göyçayın icra başçısı işlədiyi dövrdə inşa edilib.Mansur Məmmədov hazırda Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Savash.org-a isə Ziya Məmmədovun Göyçaydakı malikanəsi ətrafında yaranan qalmaqalla bağlı sensasion məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, əslində bu məsələ Ziya Məmmədovun “vurulması” prosesinin növbəti epizodudur və baş verənlərin pərdəarxasında ciddi qüvvələr dayanıb. Mənbəmizin sözlərinə görə, son günlərə qədər Ziya Məmmədovun kadrı kimi tanınan, amma hazırda nazirə qarşı çıxan Göyçayın hazırkı icra başçısı Mübariz Ağayev də “malikanə ssenarisinin” aparıcı iştirakçılarındandır:
“Gəlin, baş verənləri soyuq başla təhlil etməyə çalışaq. Nazir Ziya Məmmədovun indi etiraz doğuran malikanəsi 2010-ci ildə inşa edilib. Məndə olan məlumata görə, malikanənən tikildiyi torpaq sahələrinin bəzisi hətta 2010-cu ildən qabaq əhalidən alınıb. Əgər, həmin vaxt torpaq sahiblərinə pul verilməsəydi, onlar beş il gözləyib, 2015-ci ildə etiraz edərdilərmi? Məsələnin mahiyyəti bundan ibarətdir ki, bu məsələ planlı şəkildə hazırlanıb və icra başçısı Mübariz Ağayevin əliylə ustalıqla icra edilir”.
Bu baxımdan baş verənlərlə bağlı Göyçay RİH-nin mətbuat xidmətinin rəhbəri Arif (soyadını dəqiqləşdirə bilmədik-red) mətbuata açıqlamasında bildirib ki, bu problem onları maraqlandırmır: "Çünki indiki icra başçısı Mübariz Ağayev və mən vəzifəyə bu ilin fevralında gəlmişik. Haqqında söhbət gedən malikanə isə 2010-cu ildə tiklib”.
Göründüyü kimi, hər şey ortadadı: Söhbət Mübariz Ağayevin də patronu olan Ziya Məmmədovun Göyçaydakı malikanəsindən gedir, amma Mübariz Ağayevin sözçüsü deyir ki, “bu bizi maraqlandırmır”. Əslində isə məsələ Mübariz Ağayevi və komandasını möhkəm maraqlandırır, amma fərqli aspektdən. Onların marağı, məsələnin ictimailəşməsi və Ziya Məmmədov əleyhinə toplanan dosyeyə əlavə edilməsidir.
Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədova məxsus olan və ərazisində vertolyot meydançası, gölü, tennis kortu və bir çox başqa istirahət guşələri olan dəbdəbəli malikanə rayonun Hüngütlü qəsəbəsi ərazisində yerləşir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.