Cəlilabadda 30 nömrəli TSEK-də əlillik pensiyası 5000 manatdır - İTTİHAM

29-09-2015, 23:05           
Cəlilabadda 30 nömrəli TSEK-də əlillik pensiyası 5000 manatdır - İTTİHAM
Cəlilabad rayonundan dosye.org saytın elektron ünvanına şikayət xarakterli məktub ünvanlanıb. Vətəndaşın ünvanladığı məktubu olduğu kimi ixtiyarınıza veririk:

Yazıb sizə bildirirəm ki, 10 ildir böyrəklərimin polikistozu xəstəliyindən əziyyət çəkirəm. Ağır işlərdə fəhlə işləməkdən böyrəklərim 12 santimetr uzanmışdır. Respublikanın müxtəlif xəstəxanalarında müalicə almışam. Ailə vəziyyətimiz olduqca ağırdır. Bizi Böyük Vətən Müharibəsi veteranı olan qoca atam saxlayırdı. O rəhmətə getdi. Anan Sovet vaxtı “Əmək veteranı” və “Qəhrəman ana” adı almış 1-ci qrup əlildir, onun aldığı pensiyanın ümidinə qalmışıq.

Xəstəlik sənədlərimi toplayıb 30 saylı TSEK-ə verdim. TSEK-ə rəhbərlik edən Allahverən Şirinov məni qəbul etdi. Mənimlə söhbətdə o açıq-aşkar dedi ki, pensiyaya çıxmağın indi qiyməti 5 min manatdır, əgər 2 min 500 manat versən, sənə əlillik pensiyası təyin edərik. Mən etirazımı bildirdim, həqiqi xəstə olduğumu dedim. O dedi ki, belə həqiqi xəstələrdən çox var, mən sənə əlillik pensiyası təyin edən deyiləm.

Mən onun qəbulunda olarkən rayonun tanınmış dəllallarından biri içəri daxil oldu, əlindəki beş sənədi onun qabağına qoyub “Haqq-hesab çatıb” dedi. Allahverən beş sənədin beşinin də üstünü sakitcə yazdı. Mən dedim ki, bəs mənim sənədimi niyə yazmırsız, haqq-hesab vermədiyimə görə? Dedi, bəli, get hara deyirsən de, haqq-hesab çatmayınca sənə əlillik qrupu yazmayacağam. Xahiş edirəm ki, bu qanunsuzluğa hüquqi qiymət verəsiniz və Cəlilabadda rüşvətxorluq yuvası yaratmış Allahverən Şirinov haqda ölçü götürəsiniz.

Mənim atam Böyük Vətən Müharibəsi qəhrəmanı olub, bədəni bütöv qəlpə yarası idi. Əgər o bilsəydi ki, övladları bu cür ağçılıqla və qanunsuzluqla üzləşəcək, gedib canını qoyardımı? Sabah mən övladlarıma necə deyəcəm ki, get Vətən uğrunda vuruş? Gəlin baxın, yaşadığım ev 1906-cı ildə tikilən köhnə evidir, üstümüzə uçur. Yeməyə çörək tapmırıq, Allahverən Şirinov kimilərə hardan rüşvət verək? Xahiş edirəm ki, mənim məktubumu işıqlandırın və haqq-ədalətin bərqərar olması üçün köməklik edin.

Qasımov Akif Məmməd oğlu

Cəlilabad rayonu Qarazəncir kəndi

Redaksiyadan: Qarşı tərəf kimi 30 saylı TSEK-in həkimi Allahverən Şirinovu dinləməyə hazırıq. Eyni zamanda yazılı formada münasibətini də dərc etməyədə borcluyuq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.