Şah İsmayılın guya Şirvanşah Xəlilullahın qəbrini açması ittihamına cavab...

21-12-2022, 08:04           
Şah İsmayılın guya Şirvanşah Xəlilullahın qəbrini açması ittihamına cavab...
II hissə
Şah İsmayıl dağıdıcı deyil, qurucu idi.
Etibarlı mənbələrdən söz düşmüşkən.. Həsən bəy Rumlunun “Əhsən ət təvarix” əsərində belə bir məlumat vardır: “Bakı əyanlarından təxminən yetmiş nəfər əllərində Qurani-Məcid əl-aman fəryadı qaldırdı. İsgəndər şanlı Xaqan (Şah İsmayıl) onların təqsirindən keçdi.
Şəhər sakinləri dövlət xəzinəsinə qanbahası olaraq min tümən ödədilər. Əzəmətli qazilər Həzrəti Sultan Cüneydi (1429–1460) şəhidlik izzətinə çatdırmış Şirvanşah Mirzə Xəlilullahın (1417–1465) qəbrini açdılar və onun cəsədini çıxarıb yandırdılar”.
Beləliklə, qızılbaşların qəbirlərlə düşmənçilik etdiklərini Səfəvi tarixçisi də təsdiqləyir. Amma gəlin hökm verməyə tələsməyək. Çünki bu məsələnin davamı maraqlıdır. Belə ki, “1945–1947-ci illərdə Şirvanşahlar sarayındakı türbədə aparılmış arxeoloji tədqiqatlar zamanı açılmış qəbirlər həmin məlumatın doğru olmadığını göstərmişdir” (Ş.K.Məmmədova. “Xülasət ət-təvarix Azərbaycan tarixinin mənbəyi kimi”, səhifə 65).
Bir sözlə, məlum olmuşdur ki, qızılbaşlar Şirvanşah Mirzə Xəlilullahın nə məzarına, nə də qalıqlarına toxunmuşdular. Onları heç kim dağıtmamış və yandırmamışdır. Bəs görəsən məşhur Səfəvi tarixçisi Həsən bəy Rumlu belə bir yalan məlumatı öz kitabına nə üçün daxil etmişdir? Bununla bağlı yalnız müəyyən fərziyyələr irəli sürə bilərik:
- Ola bilsin ki, bu kimi məlumatları “Əhsən ət təvarix” kitabına Səfəvilərin düşmənləri sonrakı əsrlərdə salmışlar;
- Mümkündür ki, Həsən bəy Rumlu həmin məlumatları Səfəvilərin bədxahlarının sifarişilə yazılmış əsərlərdən götürmüşdür;
- Bəlkə də müəllif ağızdan-ağıza gəzən şayiələri də gələcəkdə onların doğruluğunu yoxlamaq ümidilə qələmə almışdır;
- Qanlı səhnələr əsərin dramatizmini artırıb onu oxucuların bir hissəsi üçün daha maraqlı və cəlbedici edə bilərdi;
- Orta əsr insanlarının bir qismi düşünə bilərdi ki, hökmdar öz düşmənlərini nə qədər çox öldürüb onlara ağır fiziki və mənəvi əzab versə, bir o qədər də zəhmli və əzəmətli görünər;
- Sözügedən yalanlar sonrakı padişahların müəyyən əməllərinə haqq qazandırmaq, onları guya ənənənin davamı kimi qələmə vermək məqsədilə uydurulmuşdur.
Amma istənilən fərziyyə məntiqi cəhətdən bir qədər əsaslandırılmış ehtimaldır. Nəzərə alınması vacib olan faktların sayı isə ikidir:
- Şah İsmayıl Səfəvini əsasən iki nəfərin qəbrinin təhqir olunmasında daha çox ittiham edirlər. Bunlardan biri Şirvanşah Xəlilullahın, digəri isə İmam Əzəm Əbu Hənifənin məzarıdır. Arxeologiya elmi həmin ittihamlardan birinin puç olduğunu artıq sübuta yetirmişdir. Qalır ikincisi..
- Səfəvi dövrünə dair əsas mənbələrdə – “Əhsən ət təvarix” və “Tarixi aləm arayi Şah Abbas” əsərlərində, Osmanlı sultanları II Bəyazidin və I Səlimin, eləcə də özbək xanları Şeybəkin və Ubeydullahın məktublarında İmam Əzəm Əbu Hənifənin məqbərəsinin dağıdılması barədə heç bir məlumat yoxdur.
Daha bir maraqlı detala diqqət yetirək: Bağdad şəhəri 1508-ci ildən 1535-ci ilədək Səfəvilər dövlətinin, 1535-ci ildən 1624-cü ilədək Osmanlı imperiyasının, 1624-cü ildən 1639-cu ilədək yenidən Səfəvilər dövlətinin, 1639-cu ildən 1917-ci ilədək isə Osmanlı imperiyasının tərkibində olmuşdur. Tarixçilərin yazdıqlarına görə, 1508-ci ildə Şah İsmayılın guya dağıtdığı türbəni osmanlılar 1535-ci ildə bərpa etmişdilər. Bununla əlaqədar bir məsələni də vurğulamaq lazımdır:
İmam Əzəm Əbu Hənifənin türbəsinə münasibət hər iki dövlət üçün həqiqətən də prinsipial məsələ olsaydı, Şah I Abbas 1624-cü ildə Bağdadı yenidən ələ keçirdikdən sonra yəqin ki, onu təkrarən uçurtdurardı. Lakin tarixdən məlumdur ki, o, bunu etməmişdi.
Həmçinin qızılbaşlar İmam Əzəm Əbu Hənifənin qəbrilə belə sərt rəftar etsəydilər, yəqin ki, Bağdad osmanlıların əlinə keçdikdən sonra – XVI əsrin birinci yarısında Osmanlı dövləti icazə verməsəydi belə, yerli hənəfilər qisas almaq üçün şiə alimlərinin İraqdakı bəzi türbə və məqbərələrini uçurmağa cəhd göstərərdilər. Onlar bunu etsəydilər, sözsüz ki, ən azı Səfəvi qaynaqlarında bu barədə məlumat olardı. Amma tarixi mənbələrdə belə bir informasiya yoxdur.
Qızılbaşların ən üstün keyfiyyətlərə malik rəhbəri Şah İsmayıl olmuşdur. Gözəl tarixçimiz, professor Anar İsgəndərovun sözləri ilə desək, “Şah İsmayıl yalnız ölkələrin deyil, qəlblərin, könüllərin də fatehi idi. Şah İsmayıl qurucu, Şah İsmayıl hökmdar, Şah İsmayıl sərkərdə, Şah İsmayıl döyüşçü, Şah İsmayıl mürşid, Şah İsmayıl filosof, Şah İsmayıl şair idi..”
Çaldıranda gecə hücumuna icazə verməmiş, düşmənləri ilə həmişə mərdi-mərdanə döyüşmüş belə bir uca şəxsiyyət 741 il əvvəl vəfat etmiş böyük bir İslam aliminin məzarı ilə düşmənçilik aparardımı? Amma o da var ki, bir el məsəlində deyildiyi kimi, “od olmayan yerdən tüstü çıxmaz”.
Qızılbaş döyüşçüsü və diplomatı Oruc bəy Bayatın (1560–1604) məşhur əsərində maraqlı bir məlumata rast gəldik: “Anadolu problemini uğurla həll etdikdən sonra Şah I Təhmasib (1514–1576) İrana qayıtdı. Bəzi tarixçilərimiz bundan sonra baş vermiş məzəli bir əhvalatı da qələmə almışlar. Onu nəql etməyi lazım bilirik.
Beləliklə, Şah I Təhmasib Qoyunçayda Sultan I Süleymanı (1494–1566) dəf edən kimi geri dönüb Bağdad üsyançıları ilə mübarizə aparmaq üçün İraqa getdi. Orada öyrəndi ki, Sultan I Süleymanın başına tac qoymuş baş müfti bir neçə gün əvvəl vəfat etmişdir. Əmr etdi ki, onun qəbrini qazıb cəsədini oradan çıxarsınlar və yerinə it leşi qoysunlar. Açığı, mən başa düşə bilmirəm ki, bu cür hadisələrdən sonra onlar – Şah və sultan sülh münasibətlərini necə qoruyub saxlaya bildilər”.
Xatırladaq ki, Osmanlı imperiyasının əsas fiqhi məzhəbi hənəfilik olmuşdur. Bəzi hənəfi fəqihləri İmam Əzəm Əbu Hənifəyə hörmət əlaməti olaraq öz adlarına Hənəfi təxəllüsünü də əlavə edirdilər. Yeri gəlmişkən, Bağdad şəhəri bugün də hənəfi məzhəbinin əsas mərkəzlərindən biri sayılır.
Mümkündür ki, Oruc bəy Bayatın əsərində xatırlanan Bağdad müftisinin də ləqəbi Hənəfi olmuş, bu da öz növbəsində İmam Əzəm Əbu Hənifənin məqbərəsi haqqında məlum əfsanənin yaranmasına gətirib çıxarmışdır.
Zənnimizcə, böyük İslam alimi İmam Əzəm Əbu Hənifənin məqbərəsinin guya 1508-ci ildə dağıdılması barədə rəvayət illər sonra (böyük ehtimalla, 1528–1529-cu illərdə) eyni məkanda baş vermiş, əslində, məzhəbi deyil, siyasi xarakter daşımış bir hadisənin əsasında quraşdırılmışdır. Bununla yanaşı, istisna etmirik ki, heç ikinci hadisə də reallıqda olmamış, beləliklə, bir yalan digər yalanı doğurmuşdur.
P.S. Şah İsmayılın özbək xanı Şeybəkə yazdığı məktubdan: “Məktubunuzda məscidlərin və ziyarətgahların təmiri üçün bənnalar istəmişdiniz. Biz belə xeyirli işləri günəş tək uca hümmətinizə vacib və zəruri əməl saydığımız üçün, inşallah, İraqın (İraqi-Əcəmin) böyük şəhərlərinə yetişən kimi dünyada tayı-bərabəri olmayan ustaları seçib göndərəcəyik”.
Beləliklə, aydın olur ki, Şah İsmayılın dağıdıcı deyil, qurucu olduğunu onun rəqibləri də təsdiq etmişlər.
Müəllif: Araz Şəhrili
Rəsm : Farid Zakiyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.