Şamanizmin səmavi dinlərə təsiri
28-12-2022, 08:24
Türklər İslam dinini qəbul etdikdən sonra da kamlıq inanclarını yaşatmış və ona İslami don geyindirmişlər. Qəbir kultu, böyüklərə hörmət, ziyarətgahlara və pirlərə inam, seyidlərə və dərvişlərə nəzir vermək, kəhanət, göy cisimlərinin insan həyatına təsir etməsi kimi inamlar bunların bir neçəsidir.
İslamın qəbulundan sonra şaman türklərin anlayışında dədəyə, ozana, aşığa, dərvişə və qələndərə çevrilmişdi. Kamlıq inanc sistemi türklərin yaşadığı coğrafiyalarda yaranan bütün İslami cərəyanlara təsir etmişdir. Qələndərilik, heydərilik, yəsəvilik, vəfailik, xəlvətilik, qızılbaşlıq və ələvi-bektaşilikdə güclü kamlıq (şamanlıq) təsiri hiss olunur.
İslam dini ayinlərində də şaman ünsürləri tapmaq mümkündür. Müsəlman türklər arasında ölü üçün ehsan verilməsi, ölünün 7, 40 və ilinin qeyd edilməsi, qəbirə hörmət, şəkilli başdaşı qoyulması, yas mərasimləri və məhərrəmlik ayinləri şaman inanc sisteminin təsiri altında formalaşıb. Misal üçün, məhərrəmlik ayinlərində mərsiyə oxunması, yas tutmaq, qara geyinmək, qan axıtmaq, ehsan vermək, qətl günü ev təmizliyi və paltar yumağın günah hesab edilməsi şamanizmin təsiri ilə xüsusilə Səfəvilər dövründə şiə inanc sisteminə daxil olmuşdur. Ümumiyyətlə, yas mərasimlərində qara libas geymək Azərbaycan və Anadoluda yasın başlıca əlamətidir. Belə mərasimlərdə Azərbaycanda yuxa və halva, Doğu Anadoluda isə "semini" adlanan çörək bişirilib paylanırdı.
Şamanizm Avropa xalqlarına da təsir etmişdir. Xüsusilə, yeni ilin qeyd edilməsi və Şaxta Baba (Santa Klaus) kimliyi şaman təsiri ilə formalaşıb və XII əsrdən etibarən Avropada yayılıb. Qəribədir ki, Avropa xalqlarının inanc sisteminə şaman mənfi və müsbət iki formada daxil olub. Mənfi mənada "küpəgirən qarı" şaman qadın obrazının, Şaxta Baba isə müsbət şaman obrazının ifadəsidir. Bu obrazların başlıca xüsusiyyəti hesab olunan göydə uçmaq şamanın mistik qüdrətinin ifadəsidir.
Şamanizmin Anadolu və Azərbaycanda yaşayan ən yayılmış nümunəsi uşaqların bəzi xəstəliklərə qarşı ovsunlanmasıdır. Çöp çıxarılması, banka qoyulması, uşağın yastığının altına dəmir parçası qoymaq, paltara dua tikmək, boyuna dua asmaq, qola ağ, qara və qırmızı parça bağlamaq kamlıq inancının günümüzdə də yaşandığına və "otaçı" (türkəçarə) deyilən şaman müalicə üsullarının həyatımızda davam etdiyinə əyani sübutdur.
Əkbər Nəcəf, İnanc Yaddaşı səh 137-138
Teref.az