CƏMİL HƏSƏNLİNİN YAZISINDAKI YANLIŞLIQLARA, QULU MƏHƏRRƏMLİNİN İSƏ HƏMİN YAZIDAKI ATMACALARINA CAVABIM

10-12-2023, 11:37           
CƏMİL HƏSƏNLİNİN YAZISINDAKI YANLIŞLIQLARA, QULU MƏHƏRRƏMLİNİN İSƏ HƏMİN YAZIDAKI  ATMACALARINA CAVABIM
Bu gün bir dostum professor Cəmil Həsənlinin 27 noyabrda öz səhifəsində paylaşdığı bir yazını diqqətimə çatdırdı.Açığı bundan xəbərim yoxdu.Hiss olunur ki,C.Həsənli bu yazını xeyirxah mövqedən və tariximizdəki faktların dəqiqləşdirilməsi mövqeyindən təqdim etməyə çalışıb.Mən də professorun həmin ənənəsinə əməl edərək bəzi faktları təqdim edirəm.
İlk öncə yazdığım fikir belədir ki, Azərbaycan tarixi sahəsində "Azərbayan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda 2001-ci ildə müdafiə etdiyim dissertasiya işi həqiqətən ilk elmi təsdiqini alan araşdırmadır.Yəni, söhbət tarix elmindən gedir və bu sahədə mənim bu mövzum ilk müdafiə işidir. Və həmin zamana qədər ikinci belə bir (söhbət tarix elmindən və birbaşa M.Ə.Rəsulzadə mövzusundan gedir) mövzu varsa C.Həsənli bizə təqdim etsin.Edə bilməz, çünki yoxdur.Və təbii ki, filologiya sahəsində V.Sultanlı, fəlsəfə sahəsində F.Ələkbərli bu mövzuda uğurlu müdafiələr ediblər və hər ikisi "Məhəmməd Əmin Rəsulzadə" yazıblar.Fikrim budur ki, tarix sahəsində bu ad elmi dövriyyəyə mənim müdafiəmdən sonra daxil edilib. "Məhəmməd" adı isə o zamana qədər təbii ki, yazılırdı.Söhbət elmi dövriyyəyə daxil edilməkdən gedir.İstək, arzu bir şeydir, elmi təsdiqi almaq isə bir başqadır.Onda nə üçün tədqiqatçılara elmi adlar verilir, mövzuları təsdiqlənir,müdafiə şuralarında müdafiə prosesləri aparılır?Ali Attestasiya Komissiyası təsdiqləyir, elmi jurnallarda məqalələr tələb edilir vəs.Bunu anlamaq üçün ali təhsil diplomuna sahib olmaq da yetərlidir..

Bəli, Sovetlər Birliyi dövründə adlarımız təhrif olunurdu -"Məhəmməd" adını "Məmməd"olaraq yazırdıq,"Yusifbəyli"ni "Usubbəyli" yazırdıq vəs.Ancaq indi müstəqilliyinin 32-ci ilini yaşadığımız Azərbayanda ruslaşdırılmış adlardan uzaqlaşıb doğma adlarımıza tədricən qayıtmalıyıq.Buraya əlavə etsək ki, Azərbaycan Nazirlər Kabinetinin Terminologiya Komissiyasının mövcud tövsiyyəsi olduqdan sonra ki, "Məmməd" "Məhəmməd" yazılsın onda burda nə problem var ki? Anlaşıqlı şəkildə bunu etmək olar.Bəli, biz də Sovetlər Birliyi dövründə "Məmməd" yazmışıq, indi isə bu nöqsanı aradan qaldırıırq.Bundan ötrü problem yaratmağa nə ehtiyac?Elmin də, tarixin də inkişafı araşdırmalardan, yanlışlıqların aradan qaldırılmasından keçir.
C.Həsənliyə xatırladıram ki, M.Ə.Rəsulzadənin təqdimatında "Məhəmməd" adını ilk dəfə yazan professor Asif Rüstəmli olub.C.Həsənli isə yanlış olaraq bu adı ilk dəfə professor Ş.Hüseynovun 1992-ci ildə yazdığını qeyd edir.C.Həsənliyə xatırladıram ki, professor A.Rüstəmli M.Ə.Rəsulzadənin "Azərbayan Cümhuriyyəti" kitabını 1990-cı ildə "Elm" nəşriyyatında 55 min tirajla nəşr etdirib və o kitabda "Məhəmməd Əmin Rəsulzadə" yazılıb. (Həmin kitabın fotosunu aşağıda təqdim edirəm).Hər halda C .Həsənlinin yazdığı 10 min tirajla A.Rüstəmlinin nəşr etdirdiyi kitabın 55 mini arasında böyük fərq vardır.
Qulu Məhərrəmli isə məqam gözləyirmiş kimi C.Həsənlinin bu yanlış təqdimatına az qalıb ürəyinin də şəklini qoysun və belə bir atmaca atıb ki, "Nəsiman Yaqublunun Qulu Məhərrəmlinin kitabı dərdi var". Əvvəla kim hansı kitabı yazır bu onun öz işidir.Qeyd edirəm ki,yaradıcılığmın,tarixi və elmi fəaliiyətimin 30 ilindən çoxunu həsr etdiyim, arxiv və kitabxanalarda keçirib topladığım,ictimaiyyətə çatdırdığım "Azərbayan Cümhuriyyəti" və "M.Ə.Rəsulzadə" mövzusu həqiqətən mənə doğmadır. Və görəndə ki, bu sahəni bilməyən adam, 70 yaşına çataraq bu mövzuda ictimaiyyətə bir arxiv sənədi təqdim edə bilməyib və indi bu mövzu ilə "oyun oynayır", plagiatlıqla məşğul olur,müxtəlif kitablardan köçürdüyünü "kitab" adı ilə ictimaiyyətə çatdırmağa çalışır, onda əlbəttə ki, Q.Məhərrəmlinin dediyi kimi bu "dərd"ə çevrilir. Yenə Q.Məhərrəmlinin "dərdə" çevrilən bir fikri də maraqlıdır.Yazır ki, bu kitabı hazırladım ki, M.Ə.Rəsulzadəni gənclər arasında daha da geniş təbliğ edim, təbliğatı gücləndirim, az qala yazır ki, məşhurlaşdırım vəs. Maraqlıdır, məgər bu sahənin dəyərli tədqiqatçıları az iş görüblərmi ki, Q.Məhərrəmlinin heç bir yeni tapıntı və sənədi olmayan kitabına ehtiyac olsun? Bu sahədə Azərbaycanda 1988-ci ildən başlayaraq Mövsüm Əliyev, Asif Rüstəmli, Nəsib Nəsibli, Nəsiman Yaqublu, Rüstəm Əliyev, Şirməmməd Hüseynov, Teyyub Qurban,Aydın Balayev, Cəmil Həsənli, Yadigar Türkel, Vaqif Sultanlı, Faiq Ələkbərli, Nəcibə Bağırzadə, Ədalət Tahirzadə, Vüqar Əhməd, Dilqəm Əhməd, Ceyhun Nəbi və digər araşdırmaçılar ciddi tədqiqatlar aparıb ictimaiyyəti bilgiləndiriblər.Bu qədər böyük tədqiqatçıların zəhmətini kənara qoyub "onu gənclər arasında mən məşhurlaşdıracağam" qənaətinə gəlmək isə çox gülüncdür.Və xüsusən o halda ki, bu tədqiqatçıların həmin mövzu ilə bağlı yazılarının və əsərlərinin sayı onlarladır,onda Q.Məhərrəmlinin bu fikri qeyri-ciddi fakta çevrilir.Xüsusən, bu sahəyə aidiyyatı olmayan insan belə hökmləri verəndə daha acınacaqlı görünür.Və xüsusən o halda ki, kitabının adını düzgün yaza bilmir.Necə deyərlər, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.
P.S. Sonda professor C.Həsənliyə 1990-cı ildə "Elm" nəşriyyatında nəşr edilmiş,"Məhəmməd Əmin Rəsulzadə" yazılmış kitabı təqdim edirəm.
Nasiman Yaqublu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.