Xanın kəraməti və ya “maa heş-zad eliyəmməzsən”

11-12-2023, 12:04           
Xanın kəraməti və ya “maa heş-zad eliyəmməzsən”
Biri var idi, biri yox idi, Xan həzrətləri vardı. Onun haqqında müxtəlif əfsanələr dolaşırdı ki, onlardan biri “qibtə” ilə bağlı dediyi sözlərdir. Deməli, ravi mənbəsi məlum olmayan sənədə əsasən nəql edir ki, hansısa bir görüşdə o dövrün nüfuzlu əyanı yaxınlaşıb ona “Mən sizə qibtə edirəm” söyləyib. Əvəzində xan isə ona “əəə, sən maa heş-zad eliyəmməzsən” deyib.
Xan qibtəni başa düşüb-düşməyib, hadisə olub-olmayıb bilmirəm, bu barədə heç bir bilgim yoxdur. Amma bu gün hələ də “qibtə”ni “paxıllıq”la səhv salan insanlar var. Onların sırasında yer alan ölkənin ən məşhur yazıçılarından biridir ki, paxıllığın enerji olduğunu və doğru yerə xərclənəcəyi təqdirdə insana müsbət mənada qazanc gətirəcəyini iddia edir. Bunu isə qeyd-şərtsiz izləyiciləri qəbul edir və dəstəkləyir. Çünki artıq sözü deyən elə bir fiqura çevrilib ki, həqiqətin nə olması əhəmiyyətini itirib. Əsas odur ki həmin yazıçı desin, vəssalam, bu artıq ravinin nəql edəcəyi tarixi mənbə kimi istinad nöqtəsinə çevriləcək. Məsələn, heç kimə maraqlı deyil ki, sözügedən qələm sahibi vaxtı ikən məşhurlaşmaq üçün, necə deyərlər, tutuzdurmaq naminə kimlərinsə ünvanına daş atırdı, çox keçmirdi ki, çıxıb üzr istəyirdi və ya onun əvəzinə kimsə bunu edirdi. Təkcə o deyildi, bir ara bəzi gənc yazarlar bostana daş atmaqla, qalmaqalla gündəmə gəlirdi. Söyülmək, haqqında danışılmaqdan zövq alırdı.

Nəhayət, günlərin bir günü o hörmətli insan əhəmiyyətli kütlənin diqqətini çəkəcək şəxsə çevrilir və nə hikmətdirsə, hər dediyi sanki konstitusiya qaydaları və ya Quran ayəsi kimi qəbul olunur. Boşluqlar həmişə belə halların, oxşar qəhrəmanların ortaya çıxması üçün münbit şərait yaradır.
Paxıllıq enerji baxımından insanı irəli aparacaq mexanizm ola bilməz. Çünki məhz enerjiyə əsasən paxıllıq etdiyin insan həmişə səndən üstün olacaq. Bu, qanunun işləmə mexanizmidir. Paxıllıq sənin danışığını, rəftarını, davranışını anlaqsız, məntiqsiz edəcək. Sənin özünü içdən-içə yeyəcək. Çünki paxıl deyir ki, “onda olmasın, məndə olsun”, “qudurasan e, qurbağa”, “kimdi e, o?!” və s. Bu məntiqlə hansı inkişafı əldə etmək olar?! Yaxud paxıllıq edən qarşı tərəfi əldə etdiyi uğurlara görə daim məsxərə obyektinə çevirir. Sağlam rəqabətdən əsər-əlamət qalmır. “Torba tikmək”, “haqqı qəbul etməmək” anlayışını doğuran səbəblərdən bəlkə də ən birincisi budur. Üstəlik, bu xüsusiyyət insanı ələ keçirsə, onu yalnız paxıllıq etdiyi şəxsə qalib gəlməyə fokuslayacaq. İşi-gücü mərdimazarlıq da ola bilər. O “filankəs yaxamdan əl çəkmir” deyirlər ha, bax bunun fəsadlarıdır.
Amma… Qibtə isə “onda var, lap yaxşı, məndə də olsun” prinsipinə əsaslanır. Məsələn, qarşındakının uğuruna sevinib özün də həmin məqama çatmaq üçün əlindən gələni edirsən. Sağlam rəqabət formalaşır, hətta qibtə etdiyi şəxsi örnək bilir. Hələ onun üçün də, özünə görə də eyni səviyyədə dua edir.
Sahibkar tanıyıram ki, işçisi onun yanından ayrılıb özünə biznes qurmaq istəyib. O isə falçı yanına gedərək həmin şəxsə cadu etdirib. Bilmirəm necə olub, hansı fövqəlhadisə baş verib, amma işçisi suyu süzülə-süzülə geri qayıdıb. Bu, paxıllıqdan doğan qeyri-insani davranışdır, amma qibtə etsəydi, onunla sağlam rəqabətə girə bilərdi və ticarətini daha da genişləndirərdi.
Həmin o ali yazıçı bir dəfə də atalar sözlərindən misal gətirərək nə qədər əhəmiyyətsiz olduğunu iddia edib. Bir-birinə zidd olan məsəlləri nümunə göstərərək lağa qoyub, fəlsəfə yapıb. Bəli, ola bilər ki, absurd məsəllər mövcuddur. Elə tarixdə də yuxarıda dediyim kimi oxşar hal zəmin yaradıb ki, qondarma ravi basıb-bağlasın.
Amma onlarla atalar sözü var ki, motivasiya mənbəyi, hərəkətə keçirən düsturdur.
“Ziyanın yarısından qayıtmaq da xeyirdir” misalı niyə pis olsun ki?! Kimsə deyə bilər ki, “qardaş, gecdir”, amma bu məsəl sənin addım atmağın üçün istinad nöqtəndir. Yaxud biədəb səslənsə də, “kişi tüpürdüyünü yalamaz” misalı fikirləşib danışmağa, düşünüb hərəkət etməyə təşviq edir. O sənin baxış bucağında asılıdır. “Atalar üçdən deyib” - bunu yaxşı mənaya yozub “həvəsdən düşmə, alınacaq” kimi dəyərləndirə bilərsən. Yüzlərlə misala məhz yüzlərlə məna vermək olar. Əsas budur ki, qazanclı çıxasan.
Hələ bunu “KQB”nin zehniyyətimizi işğal etmək üçün bizə sırıdığı atalar sözləridir” kimi konspiroloji nəzəriyyə ilə ifadə etmək ayrı bir aləmdir. Kəşfiyyat orqanları mövcud şəraitlə manipulyasiya edir, çünki münbit məqam yetişir. Necə deyərlər, özündən şey çıxaranda effektiv nəticə vermir. Versə də, ümumi qaydanı pozmur, risklidir və nöqtə atışı olmalıdır.
Xülasə sözümün canı budur ki, şayiələr, bəh-bəhli səsləndirmələr, dərhal qəbul etmələr, görən kimi qiymətləndirmələr insanı zəiflədir, tez təsirə düşən edir. Bu gün “deepfake” kimi süni intellektin işlədiyi bir zamanda yaşayırıq, belə dövrün insanlarıyıq, aldanmamaq, uymamaq gərəkdir.
Mahiyyət etibarilə “sən maa heş-zad eliyəmməzsən” yanaşmasını ayna qoyun, lap istəsəniz bayna qoyun. Söhbət ayna-bayna deyimindən gedir.
Hə, unutmadan deyim, sağlam fikirləri qəbul etmək elə insanın sağlamlığından xəbər verir, amma elə dəyərlər var ki, üzərindən keçməklə bir çox insanın yanlış düşünməsinə rəvac verə bilərsən.
İnsaf və ədalət naminə deyək ki, həmin yazıçı kifayət qədər müsbət düşüncələri izləyiciləri ilə bölüşür.
Samir Mirzə
siam.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.