Pavlikianlıq nədir?
11-12-2023, 15:08
I HİSSƏ
Pavlikianlıq VIII əsrdə Beyləqanda ortaya çıxan, Nəsturilikdən sonra xristianlıq daxilində meydana gələn ən güclü sosial-dini cərəyan idi. Pavlikianların inanc baxışı xristianlıqdan daha çox islama yaxın idi. Çünki cərəyanın yaranmasında islamın xəvarici məzhəbinin ciddi təsiri olmuşdur. Həmin dövrdə Beyləqan, Varsan, Baceravan və Ərdəbildə çoxlu sayda xarici (xəvaric) yaşayırdı.
Xaçı inkar edən, İsanın xaça çəkilmədiyini müdafiə edən, İsa Məsihin yaradıcı deyil, yaradılmış olduğunu dilə gətirən, Məryəmin "tanrının oğlunu" yox, bir bəşər övladını doğduğunu, bu səbəbdən Məryəmin ilahlığını rədd edən pavlikianların inancları xristianları çox narahat etdiyi kimi, onları müsəlmanlara yaxınlaşdırırdı. Pavlikianlar dini iyerarxiyanı rədd edir, dindarların kasta sisteminə qarşı kəskin mübarizə aparırdılar. Onları manixesitlər və xristianlarla eyniləşdirən əsas tələb vəftiz və müqəddəs şərab və çörək rituallarını qəbul etməsi idi.
VIII əsrin ortalarında Azərbaycanda başlayan xarici üsyanları pavlikianların dini-sosial bazasını genişləndirdi. Həmin üsyanlarda pavlikianların xaricilərin içində iştirak etdiyi məlum olur. Artıq bu müddət ərzində pavlikianlar Azərbaycan, Anadolu, Ərməniyyə və başqa bölgələrə yayılmışdılar.
Pavlikianlara qarşı Bizans uzun illər amansız mübarizə apardı. Bizansda hakimiyyətə gələn Makadoniya sülaləsinin ilk nümayəndəsi I Basil Anadolunu itirmək qorxusu ilə Dvinə qədər uzanan böyük hərbi səfər təşkil etdi və 100 mindən çox pavlikianı ailəsi, uşaqları və qadınları ilə birlikdə öldürdü. Bizansın təqibindən qaçan minlərlə pavlikian gəlib İrminiyyə bölgəsinə sığındılar və yerləşdikləri yerin adı ilə "tonraklar" adını aldılar. Onlar zaman-zaman Sacilərin Bizansa qarşı təşkil etdiyi hərbi səfərlərdə iştirak etdilər. XI əsrdə Səlcuq oğuzlarının gəlişinə qədər Bizansın qorxusundan pavlikianların bir hissəsi islamı qəbul etdi, bəziləri isə öz inancını gizlətməyə məcbur oldu. Onların arasında türklərin olduğu da məlumdur. Belə ki, səlcuqlar dövründə həmin pavlikian türk qrupları Bizansa qarşı türklərə qoşulub, ələvi-bektaşi və qızılbaş inanclarının formalaşmasına güclü təsir göstərdilər.
Əkbər N.Nəcəf, Sacilər, səh 284 - 292
Teref. Xocanın Blogu