Şeyx 7 yaşlı İsmayılın amansız təqibi və sadiq Qızılbaşların onu mühafizəsi.

30-03-2024, 08:34           
Şeyx 7 yaşlı İsmayılın amansız təqibi və sadiq Qızılbaşların onu mühafizəsi.
Sultan Əlinin Qızılbaşları Ərdəbil yaxınlığındakı Şəmasi adlı yerdə darmadağın edildikdən sonra sədaqətli sufilər Şeyx Heydərin oğlanları İsmayıl və İbrahimə Ərdəbildə gizlənməyə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. Eybə Sultanın dəstələri şahid təfsilatı ilə həmin hadisələri danışan anonim salnaməçinin dediyinə görə, ”Ərdəbil əhalisinə münasibətdə zorakılığa və təzyiqə əl atdılar, qətl və qarətlərə başladılar”. İsmayıl, anası Aləmşah bəyimin ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı Səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı. Sonra isə yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verildi. İsmayıl, Şeyx Cüneydin qızlarından biri olan və burada ona baş çəkən bibisi Paşa xatun (Məhəmmədi bəy Türkmanın arvadı) istisna olmaqla hamıdan gizlənərək bir ay həmin qadının himayəssində qaldı. Paşa xatun İsmayılı Zülqədər tayfasından olan Übayi-cərrahə adlı qadının yanına gətirdi. Həmin qadının evi “rumluların məhəlləsində” (“məhəlleyi rumiyan”), Şeyx Xacə Əlinin azad edərək Ərdəbilə yerləşdirdiyi Teymurun türk əsirlərinin nəsilləri yaşayan məhəllədə idi. Eybə Sultan Rüstəmdən İsmayılı və onun qardaşını hər vasitə ilə tapmaq barədə təkidli göstərişlər alırdı. O, Ərdəbili “məhəllə-məhəllə, ev-ev” axtarırdı, lakin bunun nəticəsi olmurdu. Eybə Sultanın adamlarının onun məhəlləsində axtarışlara başladığından xəbər tutan Üba, İsmayılı ehtiyatla öz evindən çıxarır, və Ərdəbilin Cümə məscidinə gətirərək Allahvermiş ağanın dəfn edilmiş olduğu sərdabədə yerləşdirir. Üba hərdənbir Aləmşah bəyimin yanına gəlir və ona oğlu İsmayılın sağ-salamat olduğunu xəbər verirdi. Lakin bir qədər keçdikdən sonra Üba İsmayılın olduğu yeri dəyişdirməyin zəruriliyini yenidən hiss etdi. Həmin məsciddə Eybə Sultanla döyüşdə yaralanmış Qızılbaşlardan biri də gizlənmiş və həkim köməyi üçün Übaya müraciət etmişdi. Üba müridi İsmayılla görüşdürdü. Mürid İsmayıla xəbər verdi ki, ”Şəmasi kəndindəki döyüşdən qaçmaqla canını qurtarmış 80 sufi Ərdəbilin ətrafındakı Baqrov dağında gizlənərək ona xidmət etmək üçün fürsət axtarır”. Mürid, Übanın məsləhəti ilə Ərdəbili tərk etdi və sağ qalmış Qızılbaşların arasında olan Rüstəm bəy Qaramanlıya İsmayıl barədə məlumat vermək üçün həmin dağa tərəf yola düşdü. Rüstəm bəy gecə yarısı öz adamları ilə gizlicə şəhərə gəldi. İsmayılı məsciddən götürüb adı çəkilən dağa yola düşdü və oğlanı Kərkan kəndində xətib Fərruxzadın evində gizlətdi. Mənsur bəy Qıpçaği, Hüseyn bəy Lələ, Qırx Seyyidi Əli, Çulban bəy, Xadim bəy Xəlifə, Dədə bəy, Göy Əli bəy və digər sufilər özlərinin gənc rəhbərini təhlükədən harada daha yaxşı qorunmağın mümkünlüyü barədə məsləhətləşməyə başladılar. Qərara alındı ki, İsmayıl Məhəmməd bəy Türkmanla (İsmayılın bibisi Paşa xatunun əri) və onun qardaşı Əhməd bəylə çoxdan bəri yaxşı münasibətdə olan Rəşt hakimi Əmirə İshaqın evinə aparılsın. Bu səfər zamanı İsmayılı Rüstəm bəy Qaqmanlı, Əhmədi bəy və onun qardaşı Məhəmmədi bəy Türkman 80 nəfərlik Qızılbaş dəstəsi ilə müşayiət edirdilər. Onlar əvvəlcə Tulunav hakimi Əmirə Müzəffərin evinə gəldilər. Bundan xəbər tutan Eybə Sultan Əmirə Müzəffərə qasidlə məktub göndərərək Heydərin oğlanlarını təslim etməyi tələb etdi. Onlar Xalxal hakimi Cagir bəy Pornakdan da eyni məzmunlu məktub aldılar. Bu tələblərə əhəmiyyət verməyən Əmirə Müzəffər qardaşları Kəskərə göndərdi. Ondan bu barədə müvafiq tapşırıq almış yerli hakim Əmirə Səyavuş onları öz evində qəbul etdi. Dördüncü gün İsmayılın dəstəsi Rəştə doğru hərəkət etdi. İsmayılın tərəfdarları Rəşt hakiminin dəvətinə baxmayaraq, onu “Ağ məscid” deyilən yerdə yerləşdirməyi üstün tutdular. Rəştdə olduğu zaman İsmayıla daim məscidin qonşuluğunda yerləşən
zərgərlik dükanının sahibi olan Əmirə Nəcm adında yerli sakin qulluq etmişdi. Rəşti də təhlükəsiz hesab etməyən sadiq müridlər İsmayıla Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına keçməkdə kömək etdilər. Lahicanda İsmayılı və onu müşayiət edənləri mehribanlıqla qarşıladılar və Key Əfridun mədrəsəsi ilə üzbəüz binada yerləşdirdilər. Karkiya Mirzə Əli özünün hörmətli qonaqlarına hər cür diqqət göstərirdi. Tanınmış yerli alimlərdən biri Şəmsəddin Lahici ərəb və fars dillərini öyrətmək, Quranı oxumaq üçün İsmayılın və onun qardaşının tərbiyəçisi təyin olundu..
Bununla belə Ağqoyunlu Rüstəm İsmayılla hesablaşmaq ümidini itirmirdi. İsmayıl Gilana qaçdıqdan az sonra Eybə Sultan Übanı həbs etməyə və ondan İsmayılın Ərdəbildə qaldığı yeri öyrənməyə nail oldu. Üba Rüstəmin əmri ilə Təbrizin bazar meydanında edam edildi. İsmayılın qaçırılmasının təşkilinə kömək etmiş Məhəmmədi bəyin və onun qardaşı
Əhmədi bəyin əmlakı hökumət tərəfindən müsadirə olundu. Rüstəm padşah İsmayılı qaytarmaq tələbi ilə Karkiya Mirzə Əliyə dəfələrlə hədələyici məktublar göndərir, lakin Lahican hakimi hər dəfə üzürlü bəhanələr gətirməklə onun tələblərini rədd etdi. İsmayıl Lahicanda təqribən 6 il qaldı. Bu, həddi-büluğ yaşına çatmaq və yeni çıxışa hazırlaşmaq üçün zəruri idi. Bütün məsələləri həll edən Qızılbaş əmirlərinin hasablamalarına görə, Ağqoyunlu şahzadələri arasındakı ara müharibələri və onların dövlətinin dağılması İsmayılın qalibiyyətli yürüşünü asanlaşdırmalı idi. Bura, İsmayılın yanına itaətkar olduqlarını bildirmək üçün, xüsusilə Rum, Qaracadağ və Əhərdən çoxlu tərəfdarlar gəlirdi..
Oktay Əfəndiyev
"Səfəvilər dövləti"
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.