Yalnız sonuncu nöqtədən sonra insana verilən qiymət ən doğru qiymətdir
30-03-2024, 10:34
Namiq Abbasov dünyasını dəyişib. Allah rəhmət etsin.
Ləyaqətli insan, əvəzsiz dövlət adamı olduğu ardıyca yazılanlardan bəlli.
İnsanın sürdüyü uzun bir ömrün qiyməti belə gündə verilir. Yəni ölmüş günündə. Yalnız öldükdən sonra kimin kim olduğu, necə yaşadığı, nə yolun yolçusu olduğu aydın olur.
Bununla bağlı əski bir hekayət də var. Lidiya şahı filosof Solon`a öz xəzinəsini, qoşununu, övladlarını göstərib deyir:
- Solon, sən dünyanı gəzirsən, de görüm məndən xoşbəxti varmı?
Solon şahın ehtiyacı olan cavabı vermir. Və gözdən düşür.
(Şahlar da qəribə tayfadı, var-dövlət başdan aşır, amma uşaq kimi tərifə olan ehtiyacları bitmir, hər addımına "afərin" deməsən olmur )
...Hekayət uzundur və canı odur ki, insan ölməyincə kimliyi bəlli olmaz. Bu gün qəhrəman olan, sabah xəyənətkar ola bilər. Yalnız sonuncu nöqtədən sonra insana verilən qiymət ən doğru qiymətdir.
Namiq Abbasov haqda gözəl fikirlər, xatirələr paylaşırlar.
Arada mən mutlu oluram. Niyə? Ölkəmdə ləyaqətli dövlət adamlarının varlığıına dərin (əşədü) ehtiyacım var.
Əminəm, xalqımızın da, dövlətimizin də "əsas ehtiyaclar sırası"nın başında gələn ehtiyac məhz budur.
Xoşbəxtlik səviyyəsi 101-i vuran vətəndaşımızın ən mühüm səadət əskiklərindən biri də ləyaqətli dövlət adamlarının əskikliyidir.
Vicdanla xidmət edən, gözü tox olan, büdcə oğurlamayan, düşmənə işləməyən məmurların əskikliyi dövlət üçün də, xalq üçün də böyük bəladır. Və ərazi bütövlüyü qədər mühümdür.
Bu yoxluq bizim xoşbəxtliyimizdən gedir, bizi xalq olaraq bədbəxt edir, vurub 101-ci sıraya atır.
Nə isə... bu barədə disertasiya yazmaq olar. Qısaca deyim:
Dünyada yaxşı ad-san qoyub getmiş görkəmli dövlət məmuru Namiq Abbasova Allah qəni-qəni rəhmət etsin.
Mehriban Vezir
TEREF