“Kovid-faşizmin” fəsadları, və ya, dünya niyə bu qədər qarışdı?!
1-04-2024, 08:24
İnsanlıq tarixinin son “pandemiyasından” 4 il keçir, artıq o zaman zorla susrudulanlar, hər yerdə basqı altına alınan alimlər danışmağa, elmi araşdırmalarını dərc etməyə başlayıblar. O zaman nə hikməkdirsə, demokratik Qərblə avtoritar Rusiya və Çin eyni mövqedə idilər, sərt qapanmalar, maska rejimi, vaksinasiya – hər 3 anti-insanı yanaşmada əlbir, sinxron davranırdılar.
İnsanlıq tarixinin azadlıq və haqlar uğrunda apardığı minillərə dayanan mücadiləsini 4 il əvvəl böyük hay-küy, psixoloji basqı, əsl “faşist” yanaşması ilə silməyə çalışdılar. İnsan haqq və azadlıqlarını tapladılar, bütün Dünyada iqtisadiyyatı çökdürdülər ki, bu gün də hələ iqtisadiyyat özünə gələ bilmir – dünyada inflyasiyanın, kasıblaşmanın bu qədər tez və sürətlə yayılmasının əsil səbəbi “kovid”-lə bağlı dünya ölkələri miqyasında qəbul edilən axmaq, səhv və məntiqdən kənar qərarlar oldu. Hər bir ölkə, elitalar bu mərəzdən, virusdan öz məqsədləri üçün istifadə etməyə başladılar ki, bu da Dünya miqyasında ciyanət deməkdir. Elitalar anlayırdılar ki, suallar, sorğular başlayacaq, “kovid” zamanı alınan qərarların sorğulanması artacaq, deməli Dünya qarışmalı, müharibələr artmalı, bu məsələlərin gündəmə gəlməsinin qarşısının alınması lazım idi. Səhv qərarların məsuliyyətindən yayınmaq üçün Dünya qarışdı-qarışdırıldı – sülh və sakitlik dövrü olsaydı indi dünyada elitalara qarşı minlərlə cinayət işləri açılar, bütün bu sürəc ciddi sorğulanardı.
Bu gün dünyada sağ, hətta aşırı-sağ siyasi cərəyanın kəskin yüksəlməsinin arxasında məhz “kovid-faşizm” durur – insanları o qədər alçatdılar, o qədər hüquqlarını tapdaladılar ki, əks-reaksiya yarandı. Yəni, bu dəfə qlobal elitanın niyyəti və hədəfləri alınmadı, amma bu o demək deyil ki, gələcəkdə cəhdlər olmayacaq, ona görə də, bəşəriyyəti minillərdir inkişafa aparan sorğulamaq, tələb etmək, sual altına almaq kimi davranışlar yenidən hakim mövqe tutmalıdır.
Yadınıza salın, bütün dünyada, elə bizdə də açıq havada belə maska taxtırırdılar, taxmayanları cərimələyirdilər – yəni, absurd bu dərəcəyə çatmışdı, o zaman belə davranışları sorğulayanlara qarşı hökumətlərlə yanaşı “liboş” tayfa da da “cəbhə” açmışdı. İlk gündən bu virusun doğru idarə edilmədiyini, belə yanaşmanın iqtisadiyyatı çökdürəcəyini yazanlara, deyənlərə, danışanlara qarşı elə ilk səsini ucaldanlar məhz həmin “liboş” tayfası oldu – deməkdikləri qalmadı, “avam, savadsız, komploçu” və s. aşağılayıcı ifadələrlə hamını susdurmağa çalışırdılar.
Dünyada hətta uşaqları, körpələri belə vaksinləşdirdilər, bunu tələb etdilər – indi isə cinayətlərdə birbaşa əli olan ÜST etiraf edir ki, uşaqlara kütləvi, ucdantutma “kovid” əlehinə peyvənd vurmaq doğru deyildi. Onu da etiraf etdilər ki, sərt qapanmalar və adi maskalar virusla mücadilədə heç bir effekt vermədi – yaxşı, buna görə kimsə məsuliyyət daşıdımı?! Yox...
P.S. Bir daha, heç kim inkar etmirdi və indi də etmir ki, virus var idi, yolxucu idi, amma virusdan çox son 4 ildə insanları virusla mücadilədə buraxılan səhvlər, stress, iqtisadi çətinliklər, böhran öldürdü və buna görə heç kəs üzr istəyib cavabdehlik daşımadı, əksinə, bu bəşəri cinayəti yaddan çıxartmaq üçün dünyanı qarışdırdılar, müharibələri, toqquşmaları artırdılar və nəticədə dünyada sağ, aşırı-sağ gücləndi, güclənməkdə də davam edəcək...
Natig Cəfərli
TEREF