BABƏK VƏ XÜRRƏMİLİK

1-04-2024, 12:04           
BABƏK VƏ XÜRRƏMİLİK
816-cı ildə 18 yaşlı Babək xürrəmilər hərəkatının başına keçdiyində dünya yeddi din arasında bölüşdürülmüşdü. Əndəlüsdən Çinə qədər – Şimali Afrika, Cənubi və Mərkəzi Asiya torpaqları İslamın, Bizans və Avropanın böyük hissəsi xristianlığın, Şimali Qafqaz, Qara dənizin şimalı və İdil-Ural hövzəsi musəviliyin, Hindistan, Tibet və Çinin bəzi bölgələri buddizmin nəzarəti altında idi. Türk dünyasının Uyğur Xaqanlığının hakimiyyətində olan topraqlarında manixeizm, Kimək Xaqanlığının hakimiyyəti altındakı bölgələrdə isə tenqriçilik inancı hakimdi. Çində və Türk ölkələrində daoizm, konfutsi, nəsturilik, buddizm və İslam dini təsirli idi. Bu dini-siyasi mənzərədə təkcə Zərdüşti-atəşpərəstlik məğlub olmuşdu. Sasanilərin yıxılması ilə zərdüştilik özünün bütün siyasi dayaqlarını itirmişdi.
Babək belə bir dini-siyasi şəraitdə tarix səhnəsinə çıxdı. Xürrəmilik siyasi müstəvidə araşdırıldığından onun hiyeroqrafiyası təhlil edilməyib. Bu yazı müəyyən qədər həmin missiyanı icra etməyə çalır.
ƏKBƏR NƏCƏF
İnancların sərhədləri coğrafiyalarla məhdudlaşmır. Tarixi mənbələrin izlərini müəyyən etməkdə çətinlik çəkdiyi missiyaçılıq, təbliğat və gizli dini təşkilati fəaliyyətlər dünyanın hər yerinə sirayət edir. Belə təşkilatlar və qruplar orta əsr dövlətlərinin gözləri və qulaqları idi. Xəzər xaqanlığı Qırmızı dənizdən Çinə qədər ticarət yolları üzərində və şəhərlərdə təşkilatlanmış musəvi inanclarına bağlı Rahdanilərin xəbərləşmə sistemindən istifadə edərək qonşu ölkələrdə hər bir hadisə haqqında məlumata sahib olurdular. Göytürklər soqd tacirlərindən faydalanırdılar. Uyğurlar manixeist və buddist tacir və hacılardan, Sasanilər nəsturilərdən, Roma isə mitraist təşkilatlardan istifadə edirdi.
Ən böyük və güclü dini təşkilatlanma tacirlər və sənətkarlar arasında kök salmışdı. Onlar hadisələri, bilikləri, sirləri asanlıqla bir-birinə ötürə bilirdilər. İkinci sırada dini cəmaatlar gəlirdi. Fatimilər Səlcuqlu imperiyasının sirlərini nizarilər vasitəsilə öyrənirdilər. Fatimilər ortadan qalxdığında nizarilər həmin sirləri böyük qazanclar hesabına Avropa dövlətlərinə satmağa başladılar. Çingiz xan Orta Şərqdəki hadisələr haqqında nizari-ismaililər vasitəsilə xəbərdar olurdu. Avropanın informasiya şəbəkəsini uzun əsrlər boyu Şərqdə fəaliyyət göstərən yezuit, dominiken cəmaatları formalaşdırdılar.
Ən güclü gizli təşkilatlanma mitraistlərin idi. Qnostik mənbələrdə onların təşkilatlanma və fəaliyyətləri insanı heyrətləndirir. Xristianlıq qarşısında böyük böhran keçirən Roma imperiyasını belə ələ keçirmişdilər. Onların təsirilə 307-ci ildə Tanrı Mitra Roma imperiyasının xilaskarı elan edildi. VI-VII əsrlərdə Şotlandiyadan Çinə qədər Avrasiyanın demək olar ki, hər yerində gizli mitraist təşkilatları vardı. 100 nəfərlik qruplar halında təşkilatlanırdılar. Təkcə Romada 10 min üzvü olan 100 gizli mitra məbədi vardı.
Mitraistlər özləri kimi qnostik dini cərəyan olan manixeistlərlə yaxın əlaqədə idilər. Çox vaxt eyni kimlik altında fəaliyyət göstərirdilər. Bardaisanın yaratdığı fikirlərin təsirilə süryani və Qafqaz xristian cəmaatlarını da ələ keçirmişdilər.
Müqəddəs yağ
Babəkin atası Matar həmin mitraist-manixeist təşkilatlardan birinə daxil idi. Matar adı Mitra sözündən yaranıb. Ərəb mənbələri onu “səyyar yağ taciri” kimi tanıdırlar.
“Yağ” mitraizm inancında müqəddəs şərabdır. Həmin şərab, qiyamət günü Saoşyant və Ahura-Mazdanın öküz Hathayosu qurban edib onun yağından düzəldəcəkləri ölümsüzlük şərbətinin simvolu idi. Müqəddəs ölümsüzlük yağının rəmzi olan şarab mitraistlər tərəfindən “barsom” bitkisindən hazırlanırdı. Zərdüşt inanclarına sonradan əlavə olunan mitraist təməllərə söykənən “Yaşt” mətnlərinin 145-ci ayəsində belə deyilir: “Barsom bitkisilə heç bir zaman pozulmayan həqiqətin qalib tanrıları Mitra və Ahuraya ibadət edərik. Ulduzlara, aya və günəşə ibadət edərik. Bütün ölkələrin tanrısı Mitraya ibadət edərik”.
Ölü üçün halva çalmaq ənənəsinin ilk versiyası olan kərə yağı paylanması inancı mitraizmdə mövcuddur. Cənnətə gedən ruh üçün Ahura-Mazda “bahar kərə yağı” (təzə kərə yağı) verilməsini buyurur. Verilən yağ “ölüm sonrası ruhun qidası” idi.
Barsom bitkisindən hazırlanan şərabı içən insan xoşbəxtlik tapırdı. Bu sərxoşluq halı, bir növ, əbədi həyatın təcəssümü olub, “xürrəm” adlanırdı. Ərəb mənbələrinin əksəriyyəti xürrəm adının “xoş” mənasına gəldiyini qeyd edirlər, amma arxa planını açmırlar. Belə ayinlərdən biri Cavidanın arvadı tərəfindən təşkil edilmişdi. İbn ən-Nədim yazır: “Sonra qadın (Cavidanın arvadı – Ə.N.) buyurdu, bir inək gətirdilər, əmr etdi ki, bu inəyi kəssinlər və dərisini soyub yerə sərsinlər. Qadın şərabla dolu bir tası dərinin üstünə qoydu və çörək doğrayaraq, tasın kənarına düzdü. Sonra o, adamları bir-bir çağırıb, onlara dedi ki, ayaqları ilə dərinin üstünə çıxıb, bir tikə çörək götürsünlər, onu şəraba batırıb yesinlər və belə təkrar etsinlər: “Ey Babəkin ruhu, Cavidanın ruhuna inandığım kimi sənə inanıram”.
Bu mərasim mitraist inancında “haoma” adlanır. Ayin “Müqəddəs çörəkdən yeyilməsi və şərabdan içilməsi” mərasimidir. Mitraizmin güclü təsirləri ilə bu inanc xristianlıqda “İsanın əti və qanı” şəklini aldı. Bu səbəbdən Justin və Tertullian kimi müqəddəslər xristianlıqdakı “çörək və şərabın” mitrazimlə əlaqəsi olmadığını iddia etsələr də, məsələni qabartmaqdan çəkindilər.
Mərasim zamanı Cavidanın arvadı xürrəmilərə ayaqları ilə inək dərisinə basmalarını buyurur. Bu, Mitranın inəyi oğurlaması və Günəşin (Solun) əmrilə qurban etməsinin ritual şəklidir.
İbn ən-Nədim sözlərinə belə davam edir: “Onlar üç dəfə içəndən sonra, qadın bir reyhan budağı götürüb Babəkə uzatdı, o da reyhanı onun əlindən aldı – bu, onların toyu idi”.
Üç dəfə içmək “üç Mitra” anlayışına işarədir. Mərasim dağda (Bəzz qalasında) icra olunub. Çünki mitraizm inancına görə, inək dağda mağarada günəş və ayın hüzurunda qurban edilib. Qurban zamanı Mitra ilə yanaşı Kavut və Kavutopat da ayini izlədikləri üçün “üçlü Mitra” təsəvvürü yaranıb. Qurban mərasiminin dağda icra olunması Mitranın evinin Hura (xürrəm adı buradan yaranıb) dağının üstündə göyün dərinliyində olmasından qaynaqlanır.
Cavidanın arvadının rəhbərlik etdiyi mərasimdə iki ritual birbaşa manixeizmlə bağlıdır. Bunlar Cavidanın ruhunun Babəkə keçdiyi və qadının Babəkə reyhan verməsində öz əksini tapıb. Reyhan manixeizmdə həyat ağacını ifadə edirdi. Həmin inanc mitraizmdə “tac” mənasına gəlir. Ruh köçü, manixeizmin əsasını təşkil edir. Mitraizmdə tənasuh (ruhun bir bədəndən başqasına köçü) anlayışı yoxdur. Bu, həmin dövrdə mitraist inanclarla manixeizmin iç-içə keçdiyini göstərir. Amma burada üçüncü bir inanc da manixeizm və mitraizm qədər təsirlidir. Bu, şamanizmdir. Qadın faktorunun bu qədər ön plana çıxması şamanizmin bariz ifadəsidir. Ağ şaman adlanan ən böyük şamanlar qadın olurdu.
Cavidanın arvadı
Mərasimi qadının idarə etməsi, hətta mərasim qaydalarını onun xürrəmilərə göstərməsi Cavidanın arvadının adi bir qadın olmadığını göstərir. Belə olan halda həmin qadın nəyə görə Cavidanın yerinə məhz Babəki seçdi? Mənbələr Babəkin xürrəmilərin rəhbəri olmasına qədər onun haqqında iki mühüm fakta diqqət çəkirlər.
Birincisi hadisə, anasının oğlunu ağacın altında çılpaq yatarkən görməsidir. İbn ən-Nədim bu hadisəni belə şərh edir: “Deyirlər ki, bir dəfə bu qadın, bir tayfanın qoyununu otaran Babəki axtarmağa gedəndə, onu bir ağacın altında çılpaq yatmış gördü. Anası Babəkin saçlarının dibində xırda qan damcılarını fərq etdi. Sonra birdən Babək oyanıb ayağa durdu və anasının gördüyü qan yox oldu. Qadın belə dedi: Mən başa düşdüm ki, oğlumun alnına tale şanlı bir şöhrət yazıb”.
Digər məsələlər kimi, tarixçilərin diqqətindən yayınan bu hadisə yunan mənbələrinin “signatio” adlandığrığı mitraist vaftiz hadisəsidir. Mürid ancaq vaftiz edildikdən sonra gizli mitra məbədinə qəbul edilirdi. Vaftiz zamanı mürid çılpaq şəkildə soyndurulur və üzü üstə yerə yatırdı. Vaftizi icra edən şəxs əlindəki qana boyanmış qılıncla ona toxunurdu. Qılınc qan rəngində olsa da, vaftiz qansız icra olunurdu. Mitraizmə inanan Roma imperatoru Kommoda belə bir vaftiz ayinini icra edərkən, səhvən qılıncla müridi öldürmüşdü. Mitra ayinini kirlətdiyi üçün imperator lənətlənmişdi.
Babəkin vaftizini Mitra özü icra edib. Ağacın altında çılpaq yatarkən saçlarının dibində qan damcıları görünməsi, oyanan kimi də yox olması vaftizin ilahi güc tərəfindən reallaşdığını göstərir.
İkinci hadisə, Cavidanın bir gün Babəkin kəndinə gələrkən onun məqsədli şəkildə kəndxuda tərəfindən Babəkin anasının evinə göndərilməsidir. Cavidan burada Babəki sınaqdan çıxardıqdan sonra öz xidmətinə qəbul etmişdi. Cavidan adının “əbədi” mənasına gəlməsi onun manixeist-mitraist inanclara bağlı olduğunu ifadə edir. Digər tərəfdən, hadisələrin sonrakı gedişatında məhz Cavidan ön plana çıxır. Halbuki, xürrəmilərin iki lideri vardır (Cavidan və Əbu İmran) və onlar qatı rəqabət halında idilər. Baş verən döyüşdə onlar bir-birini öldürdülər. Amma bundan sonra Əbu İmran adı undulur, sadəcə, Cavidanın varisinin kim olacağı gündəmə gəlir.
Ərəbdilli mənbələr “Cavidanın arvadı Babəkə vurulduğu” üçün onu seçdiyini iddia edirlər. Amma bu iddia öz özünü təkzib edir. Belə ki, Cavidanın yerinə kimin seçiləcəyindən aslı olmayaraq, həmin şəxs Cavidanın arvadı ilə evlənmək məcburiyyətində idi. Çünki ruhla birlikdə miras da seçilənin olurdu. Buna görə də Cavidanın ölməzdən əvvəl öz arvadına Babəkin xürəmilərin rəhbəri olmasını vəsiyyət etməsi daha inandırıcıdır.
Babəkin anası
Ərəbdilli mənbələr Babəkin atasından çox onun anasının kimliyini qabardırlar. Bu da əsassız olmamalıdır.
Mənbələrə görə, Babəkin anası “doğulan uşaqlara süd analığı edən bir gözü kor qadın” olub. Amma əsas mənbələr Babəklə birlikdə qaçarkən əsir alınan anasının kor olduğunu qeyd etmirlər. Əgər doğrudan da onun bir gözü görmürdüsə qadının bu fiziki qüsuru başlıca mənbələrdə əks olunmalı idi.
“Taygöz” ifadəsi mitraizmin və şamanizmin mühüm əlamətidir. Zərdüşt 77 yaşında od məbədində Turanlı Bratvarkhş tərəfindən öldürülüb. Zərdüştü öldürdükdən sonra qatil “qurd şəklinə” girmişdi. Zərdüşt mitra dininə qarşı çıxdığına görə öldürüldü. Qurd şəklini almaq mitraizmin şamanizmin içindən çıxdığının ən bariz ifadəsidir. Şamanizmdə ağ şamanların (qadın şamanlar) mərasimlərdə qurd və digər heyvanların şəklinə girdikləri, qara şamanların (kişi şamanlar) isə həmin heyvanların libasına büründüyü məlumdur.
Digər tərəfdən, “qurdlar” mitraizmdə gizli cəmiyyətin adıdır. Zərdüşt bu cəmiyyəti kəskin tənqid edir və Ahura-Mazdadan kömək istəyir. Avestaya görə, bu məqsədlə Ahura-Mazda Zərdüştü onlardan qoruması üçün kral Viştaspı yaratmışdı. Bu cəmiyyətə üzv olanların “qurd” adını alması üzvlərin ağır təlim-tərbiyyədən keçdiklərini göstərirdi. Qurd kimi nizam-intizama bağlılıq, dözümlülük, qənaətkarlıq və əxlaqlı olmağı ifadə edirdi. Bunun ən bariz dəlili Roma mitraistlərinin öz təşkilatlarına üzv seçərkən yunan və latın dilli mənbələrə görə tətbiq etdikləri “qurd qanunu” idi. Dağılan legionların yerini Roma imperatorları hərbi nizam-intizama sahib “qurdlarla” doldurmuşdular.
Babəkin anasının adı “Bərumert”dir. “Mart” və ya “mert” Avestada “həyat” mənasına gəlir. “Bəru”, böyük ehtimalla, partlar dövründə iran dillərinə girmiş türkcə “börü” (qurd) sözündən yaranıb. Part-Arşaki hökmdarlarından biri də Börüd adını daşıyırdı.
Amma zərdüşlüklə qarışan mitraizmdə qadına yer yoxdur. Bu da xürrəmilikdəki qadın faktorunun şamanizmdən qaynaqlandığını göstərir. Bunu Babəkin anasının “süd anası” olması isbat edir. Mitraizm inancında göydə yaradılan bədənin cövhəri yağış olaraq torpağa düşür və bitkilərə qarışır. Bitkini yeyən inəyin südü haomaya (müqəddəs şəraba) qarışdırılaraq evlənən qadına verilir və o, hamilə qalır. Bu inancda şamanist və manixeist təsirlər öz əksini tapıb. “Bitkidən yaranma” manixeizmi, “qurd ana” isə şamanizmi əks etdirir. Uşaq əmizdirən qurd mifi şamanist və qədim türk inancında (Aşina) mövcuddur. Romanın yaranması haqqında qədim etrusk inancında da “qurd ana” təsviri var.
Bütün bunlar Babəkin anasının və Cavidanın arvadının adi insanlar olmadığını, gizli bir inanca mənsub olduqlarını göstərir.
Babəkin atası – Matar
Bəzi mənbələrdə Babəkin atasının Abdullah olduğu qeyd edilir. Amma həmin mənbələr Babəkin qardaşının adının da Abdullah olduğunu yazır. Bu məlumatın gerçəyi əks etdirmədiyini Səid Nəfisi öz əsərində izah edib. Buna görə də Təbərinin məlumatı daha inandırıcıdır. Təbəriyə görə, Babəkin atasının adı Matr və ya Matar idi. Matar Mitra ilə eyni sözdür. Ərəbdilli bəzi mənbələr (əd-Dinavəri) Babəkin atasının “Əbu Müslümün qızı Fatimənin oğlu olan Mutahhar” kimi təqdim edir. Mutahhar adı “Matar” adının ərəbcəyə salınmış formasıdır. Amma onun Əbu Müslümün nəvəsi olması mübahisəlidir.
Əbü Müslümün oğlu olmayıb, beş qızı vardı. Qızlarından ikisinin adı məlumdur: Fatimə və Əsma. Fatimənin real şəxsiyyət olduğu məlumdur.
Mənbələrdə Babəkin atasının “dilənçi” olması və yağ satması manixeist xüsusiyyətdir. “Müqəddəs yağ” manixeizmdə də vardır və vaftizdə istifadə edilir. Mənbələr Matardan “nəbati” kimi də bəhs edirlər. Ərəbcə “nəbati” – bitkilərdən dərman düzəldən (əczaçı) mənasına gəlir.
Babəklə Əbü Müslümün şəxsiyyətinin birləşdirilməsi manixeist təsirlərdən irəli gəlir. Çünki Əbu Müslümdən sonra formalaşan müslümiyyə təriqəti də manixeistlər kimi tənasuh (ruhun köçü) inancına sahib idilər. İlk xürrəmi hərəkatının Əbu Müslümün sərkərdəsi İshaq ət-Türki tərəfindən başladılması da xürrəmilik ilə Əbu Müslüm arasındakı bağların dərin olduğunu deməyə əsas verir.
Xürrəmilik
Mitranın göy üzündəki dərgahına açılan qapısı olan Hura dağından adını alan xürrəmilik tanrının şərəfinə təşkil edilən qurban mərasiminin də adı idi. Ruhi sərxoşluq və şənliyin təcəssümü olaraq təşkil edilən bu mərasimdə Mitranın sonsuz nurunun ifadəsi olan Şirvinin ruhu Cavidandan Babəkə keçmişdi. Müqəddəs dağ anlayışı mitraizmi şamanizmə bağlayan digər güclü əlamətdir.
“Şirvin”, “Şərvin” Avestada zikr edilir. Amma tam ifadəsini Maninin əsərlərində tapıb. Şirvin “əbədi zaman”ı ifadə edən Survan və ya Zurvandır. Maninin fəlsəfəsində “üç zaman, iki məkan” anlayışı var. Sonuncu zaman əbədi zamandır, yəni Zurvandır. Mani xristian-qnostik Bardaisanın təsirilə Zurvanı xristianlığın “Tanrı Ata”sı ilə eyniləşdirib, onu “İşıq cənnətinin kralı”, “sonsuz nur”, “əbədi ışıq” adlandırdı. Bütün ruhların yaradıcısı odur və peyğəmbərlərdə təcəlli edən onun nurudur. Xürrəmilər həmin “sonsuz ruhun” bədən dəyişdirdiyinə inanırdılar.
Tənasuh mənasına gələn ruh köçü manixeizmin əsaslarından olub, bu cəhətdən xürrəmiliyi mitraizmdən, zərdüştlük və məzdəkizimdən ayırır.
Ərəbdilli mənbələr həmin mərasimin gecəsində xürrəmilərin “yığışıb içdiklərini, tütək çaldıqlarını, kişi və arvadların bir-birinə qarışıb, çıraq və tonqalları söndürdükdən sonra bir yerdə yatdıqlarını” yazır. Bəzi müəlliflər “kişinin anasının və bacısının” da həmin gecədə iştirak etdiyini iddia edirlər.
Mitraizmdə belə bir inanc var. Mitraizmin təsiri ilə bu, digər dinlərə, hətta bəzi İslam məzhəblərində də yer alıb. Amma ərəbdilli müəlliflər burada bir səhvə yol veriblər. Belə bir mərasimdə “çıraq və tonqalların söndürülməsi” mümkün deyildir. Çünki yanan atəşin söndürlüməsi mitraizmdə, zərdüştlükdə və məzdəkizmdə günahdır. Buna görə də həmin gecə qadın və kişilərin iştirakı ilə keçirilən ayinin səmah olduğu aydındır. Səmah ayini radikal islami gruplar tərəfindən kəskin şəkildə tənqid edilmiş və “əxlaqsızlıq” kimi qiymətləndirilmişdi. Osmanlılar dövründə qızılbaş-ələvilərin qadınlı-kişili səmahları “mum söndü” (çıraq söndü) adlandırılmışdı. Məşhur türk sufi Əhməd Yəsəvi də eyni iftiraya məruz qalmışdı.
“Müqəddəs rəqs” inancı mitraizmdə və şamanizmdə var. Çin mənbələrinin birində türklərin qurban bayramından bəhs edilərkən belə deyilir: “Qurban mərasimində qadınlar və kişilər qarışıq halda oturaraq şərab içib rəqs edirlər və nəşə ilə qəhqəhə çəkirlər”. Həmin fakt Qarakitaylar dövründə yazılmış çincə “Leao-che” adlı mənbədə də əks olunub.
Xürrəmilikdəki bir başqa məsələ qadın və kişi bərabərliyidir. Bu anlayışı Məzdəkə şamil etmək doğru deyildir. Ümumiyyətlə, Məzdək hərəkatına Sasani dövləti daxilində dini-siyasi islahat hərəkatı olaraq yanaşmaq lazımdır. Üstəlik, Məzdək bütün manixeist inancları qadağa etmiş və mitraya inanan maqları belə, təqib etmişdi. Məzdəkizmdə qadınların ümumiliyi qadın-kişi bərabərliyi mənasına gəlmir. Halbuki, xürrəmilikdə evlənmə anlayışı var.
Babəkin qələbələri
Azərbaycan tarixçiliyində Babəkin Xilafətin 6 ordusunu məğlub etdiyi iddia edilir. Halbuki mənbələrdən Babəkin xilafətin, sadəcə, üç ordusunu məğlub etdiyi aydın olur.
İlk döyüş 819-20-ci ildə Yəhya ibn Muaz ilə Babək arasında gerçəkləşmiş, amma bu döyüşdə tərəflərdən heç biri qələbə əldə edə bilməyiblər.
İkinci döyüşdə Babək 822-ci ildə İsa ibn Məhəmməd başçılığındakı xilafət ordusunu ağır məğlubiyyətə uğratdı. Bu, Babəkin xilafət qarşısında ilk qələbəsi idi.
Üçüncü döyüş 825-ci ildə reallaşdı. Xəlifə Məmun Babəkin üzərinə Züreyk adı ilə tanınan Əli ibn Sədəqəni göndərdi. Amma Sədəqə özü döyüşə getməyib, sərkərdəsi Əhməd ibn Cüneydi göndərmiş, o da məğlub olub, Babək tərəfindən əsir alınmışdı. Bu, Babəkin ikinci qələbəsi idi.
Dördüncü döyüş 830-cu ildə Babəklə ərəb ordularının komandanı Məhəmməd ibn Humeyt Tusi arasında meydana gəlmişdir. Həştadsər adlı dağlıq bölgədə gedən döyüş Babəkin qələbəsi ilə nəticələndi. Bu, Babəkin Xilafətə qarşı əldə etdiyi üçüncü qələbə idi.
Beşinci döyüş 833-cü ildə oldu. Bu vaxt Xilafət ordularının komandanı İshaq ibn İbrahim idi. Döyüşdə xürrəmilər ağır məğlubiyyətə uğradılar. Bəzi mənbələrə görə, İshaq ibn İbrahim 60 min xürrəmini qılıncdan keçirdi. Yəni beşinci döyüş Babəkin məğlubiyyəti ilə nəticələndi.
Altıncı döyüş 834-cü ildə Babək ilə Əbu Səid Məhəmməd arasında oldu. Zəncan ilə Ərdəbil arasında meydana gələn döyüşdə Babək ağır məğlubiyyətə uğradı. Bu döyüş Babəkin sonunu hazırladı.
Yəni Babək Afşinə qədər xilafətin altı ordusu ilə vuruşmuş, bunların, sadəcə, üçündə qələbə çalmışdır.
Afşin
Afşin Orta Asiyada Fərqanə bölgəsində yerləşən Göytürk nəslindən gələn Uşrusana xanlığının hökmdarı Heydər ibn Kavusun oğlu idi. Vəliəhdlik haqları əlindən alınınca Afşin hərbi kömək məqsədilə Məmunun sarayına gəldi və aldığı kömək sayəsində 821-ci ildə Uşrusananı ələ keçirdi. Bir məlumata görə, həmin döyüşdə öz atasını və qardaşı Fəzli öldürmüşdür.
Amma Afşin Uşrusanada qalmayıb yenidən xilafət sarayına qayıtdı. Ölkəsini isə təyin etdiyi adamlar vasitəsilə idarə etməyə başladı. Misirdə baş verən üsyan qarşısında Mötəsim onu oraya göndərdi. Misir üsyanını uğurla yatırınca şöhrəti bir anda artan Afşini xəlifə “hacib” elan etdi. Mötəsim Afşini 835-ci ildə Babəkin üzərinə göndərdi.
Afşinin əsas niyyəti Babək və xürrəmi üsyanını yatırmaq olmayıb. Əksinə, o, bu üsyandan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışmışdır.
Məsələ burasındadır ki, Abbasilər dövründə Xilafətin idarəsi uğrunda üç siyasi-etnik güc arasında kəskin mübarizə başladı. Birinci gücü ərəblər təşkil edirdilər və əməvilər dövründə olduğu kimi, ərəblərin haqlarının qorunmasını istəyirdilər. İkinci güc, “irani” adlandırılan, Sasani ənənsinə bağlı qruplar tərəfindən təşkil edilmişdi. Bunlar Abbasi Xilafətini Sasani dövlət modelinə uyğun hala gətirmək istəyirdilər və buna da nail olmuşdular. Xüsusən də buddist inanclara sahib Bərməki ailəsinin vəzirliyi dövründə həmin qrup Kəbəni belə atəşgaha çevirməyə cəhd edəcək qədər irəli getmişdi. Sasani dövrü mənbələrinin ərəbcəyə tərcümə olunması, xəlifələrin özlərinə nümunə götürəcəkləri “adil hökmdar” Xosrov Ənuşirəvan mifinin yaradılması, vəzirlik məqamının təsis olunması və dövlət idarəçiliyinin xəlifələrdən vəzirlərə keçməsi, paytaxtın Şamdan Bağdada köçürülməsi irani qrupun xilafətdə güclü olduğu Abbasilərin ilk 50 ilində gerçəkləşmişdir.
Xəlifə Harun ər-Rəşid öldükdən sonra xilafətdəki ərəblərlə irani qanadın arasında müharibə başladı. İrani qanad Məmunun, ərəblər isə Əminin tərəfində yer aldılar. Baş verən döyüşdə ərəblər məğlub oldu və Əmin öldürüldü. Bu vaxt irani qanadın başında dayanan Məmunun vəziri Fəzl ibn Səhl ilə ordu komandanı Tahir ibn Hüseyn 813-cü ildə Bağdada girdiklərində böyük qətliam törətdilər. Minlərlə ərəb öldürüldü, Xəlifə Əmin isə alçaldılaraq edam olundu. Bu hadisədə ərəblər özlərinin xilafət içindəki hərbi gücünü itirdilər. Beləcə, irani qanad xialfəti tamamilə öz nəzarətləri altına aldı.
Amma Bağdad hadisələri Xəlifə Məmuna dərindən təsir etdi. Xəlifə, bir növ, odla su arasında qaldı. Ərəblərin ona nifrət etməsi, iranlılara da inanmaması Xəlifə Məmunu gizli axtarışlar aparmağa məcbur etdi. Xilafətin yeganə xilasını ordunun türklərdən təşkil edilməsində görən Xəlifə Məmun Mərvdə olarkan türkləri yaxından tanımış və onlara etibar edəcəyinə inanmışdı. Elə bu məqsədlə də Afşinin ölkəsində qalmasına tərəfdar idi. Babəklə müharibədə Xəlifə Məmun bütün diqqətləri xürrəmi təhlükəsinə çəkərkən bir tərəfdən də türklərdən ibarət gizli ordu hazırlayırdı. Artıq Məmun dövrünün axırlarında Bağdadda türklərdən ibarət 10-25 min arasında bir ordu hazırlanmışdı. Planını həyata keçirmək üçün Xəlifə Məmun 818-ci ildə onu hakimiyyətə gətirən Fəzl ibn Səhli gizlicə Tusda öldürdü və ancaq bundan sonra 819-cu ildə paytaxt Bağdada daxil ola bildi.
İrani qanad Məmunun niyyətini başa düşüncə, xilafətin daxilində bu dəfə iranlılarla türklər arasında mübarizə başladı. Bu mübarizə Mötəsimin vəfatından sonra türklərin xeyrinə nəticələnsə də, mübarizənin son qurbanı Afşin oldu. Belə ki, irani qanadın başında dayanan Tahir ibn Hüseyn Mötəsim tərəfindən Babəkə qarşı göndərildiyi halda bundan imtina edib Xorasana getdi və bölgənin hakimiyyətini ələ keçirdi. Babək üsyanından kənar qaçarkən Afşini bu cəngəlin içinə soxmağa çalışdı. Afşin də Babəklə müharibəni uzatmaqla fürsətdən istifadə edib xilafətin bütün imkanlarını öz əlinə keçirmək istəyirdi. Amma adamlarının, xüsusilə də yaxın qohumu Məngüçurun səriştəsizliyi ucbatından oyunu Tahir ibn Hüseynə uduzdu. Təşkil olunan məhkəmədə Babəklə ittifaqda və onunla eyni inancda olmaqda ittiham edilib həbsə atıldı.
Afşin hadisəsi türk əmirlərini dərindən sarsıtdı. Xəlifə Mötəsimin ölümündən sonra artıq xilafətin nəzarətini tamamilə ələ keçirməyə və özlərinin istədikləri xəlifələri hakimiyyətə gətirməyə qərar verdilər. 847-ci ildə Xəlifə Vasiqin vəfatından sonra Xialfətin idarəsini öz əllərinə keçirən türklər Abbasilərin sonuna qədər mövqelərini qoruyub saxladılar.
Babəkin sonu
Afşinlə Babəkin müharibəsi 3 il davam etdi. Onlar arasında əsas geniş miqyaslı üç döyüş olmuşdur: Ərşək, Həştadsər və Bəzz. Sonuncu döyüşdə Bəzz ələ keçirilmiş, Babək isə qaçmışdı.
Babəkin niyə məhz Bizansa qaçmaq istəməsi maraqlıdır. Xürrəmilər əvvəllər də Bizansa qaçmışdılar. 834-cü il məğlubiyyətində yüzlərlə xürrəmi qaçıb Bizansa sığınmışdı.
Tarixçilər həmin dövrdə Bizansda gedən hadisələri diqqətə almırlar. Halbuki Babək üsyanının yaşandığı zamanlar Bizans tarixinin ən qaranlıq dövrünü keçirirdi. 820-ci ildə Bizans hakimiyyətini Friqiya əsilli Amorion sülaləsi ələ keçirdi. Sülalənin ilk nümayəndəsi Pəltək Mixail (820-829) “rafizi” idi. Ondan sonra hakimiyyətə oğlu Teofil (829-842) və sülalənin son nümayəndəsi Axmaq Mixail (842-867) keçmişdi.
Amorion sülaləsi dövründə Bizans manixeistlərin və mitrasitlərin güclü nəzarəti altına girdi. Uzun illər davam edən, bəzi vaxtlar soyqırma belə çevrilən manixeist kökənli ikonoklazmaçılar (şəkilçilər və ya təsvirçilər) bu sulalə dövründə qalib gəldilər və beləcə, İsanın şəklinə ibadət etmək rəsmən ortodoks xristianlığında qəbul edildi.
Manixeizmin və mitraizmin təsiri ilə İsanın şəkilləri insan və heyvan formasında çəkilirdi. Bəzi şəkillərdə İsa “quzu” və “buğa”ya oxşadılırdı. Bu təsvirlər mitraizmdə İsanın Mitra üçün qurban edildiyini əks etdirirdi.
Amma Teofilin evləndiyi Teodoranın saray içində Anadolu ortodoksluğunu təşkilatlandırmağa başlaması Babəkin taleyinə də təsir etdi.
Babək Bizansı öz inanc və fikirlərinə yaxın hiss etdiyi üçün ora qaçmaq istədi. Amma buna nail ola bilmədi. Çünki qarşısı kraliça Teodora tərəfindən alındı. Kraliça Teodora məzdəki-manixeist inanclara qarşı idi, Anadolu və Qafqaz xristianları ilə gizli bağları vardı. Teodoranın dəstəyi ilə Səhl Sumbat, Xaçen knyazı Atrnersex, Kitiş və Beyləqan hakimi Yesai Əbu Musa yenidən təşkilatlandırılan ortodoksluğun tərəfində yer alırdılar. Çünki Babək üsyanı zamanı Anadolu və Qafqaz xristianlığı manixeizm və onun təsiri ilə formalaşan pavlikianlıq qarşısında ağır vəziyyətdə idilər.
Babəkin edamından cəmi iki il sonra – 840-cı ildə Beyləqan hakimi Yesei Əbu Musa pavlikianları qılıncdan keçirdi. Yəni Səhl Sumbat Babəki öz dini məqsədləri üçün qurban verdi.
Teodora başçılığında Bizansın bölgədə təşkilatlanmasının qarşısını alan Afşin Babəkin əsir alınmasından sonra təcili Bizansa hücum etdi və Bizans ordularını məğlub etdi. Amma Bizansa Anadolu və Qafqazda ən böyük zərbəni Xilafət ordularının baş komandanı Boğa əl-Kəbir vurdu. 851-ci ildə bölgəyə böyük səfər təşkil edib, aralarında Səhl Sumbatın da olduğu 300-dən çox xristian din və dövlət adamını həbs edən Boğa, bunları Bağdada edam etdirdi. Minlərlə xristianı isə kilsələrə doldurub yandırdı.
Qaliblər
Babəkin edamından sonra mənzərə böyük ölçüdə dəyişdi. Sürətlə müsəlman olmağa başlayan qarluqlar və oğuzlar manixeist Uyğur xaqanlığına son qoydular (840) və manixeizm dünya siyasi səhnəsindən silindi.
Xəzər-Bizans rəqabətində isə slavyanların xristian olması ilə Xəzərlər Bizans qarşısında məğlubiyyətə uğradılar. Xəzər xaqanlığı xristianlaşan ruslar tərəfindən ortadan qaldırıldı.
Xilafəti ələ keçirən türklər öz tarixi gedişatlarını dəyişdirdilər. Xilafət qapısı türklərə açılınca bir anda İslam coğrafyasında çox sayda müsəlman-türk dövlətləri meydana çıxdı. 150 il dayanmadan müsəlmanlarla vuruşan türklər, indi özləri müsəlman olub müsəlman olmayanların düşmənlərinə çevrildilər.
Babək hadisələri zamanı xilafət tarixində həm də bir yenilik oldu. İlk dəfə Xilafət özü üçün rəsmi məzhəb elan etmək ehtiyacını hiss etdi. Xəlifə Mötəsimin əmri ilə mötəzilə məzhəbi rəsmi məzhəb oldu.
Bizansda hakimiyyəti Makedoniyalılar sülaləsi ələ keçirdi və Bizans tarixinin inkişaf mərhələsi başladı. Avropada isə kilsə mitraizmə və manixeizmə qarşı kəskin mübarizəyə başladı. Bu mübarizə səlib müharibələrinə qədər davam etdi. Boqomillər və katarlar kimi böyük manixeist-xristian cəmaatlar soyqırıma məruz qaldılar. Buna rəğmən, Qərb xristianlığı monastır, cəmaat, hətta cəngavərlik anlayışına qədər bütün əsaslı və köklü qurumlarını mitraist-manixeistlərdən idxal etdi.
Görüntüdə xürrəmilik sonrasında İslam və Xristian dini qalib çıxdı və sürətlə öz daxilindəki məzhəbi problemləri həll etməyə çalışdılar. Bu problemi müəyyən qədər həll etdiklərinə inandıqları vaxt XI əsrin axırında bu dəfə bir-binin qarşına çıxdılar…
Xürrəmi hərəkatındakı dini qruplardan biri olan Bardaisançılar özlərini xilas edə bildilər və İsmaili ideyalarının təməllərini atdılar. 819-cu ildə tarixdə ilk İsmaili dövləti də məhz Bardaisanın yurdu Aran və Azərbaycanda ortaya çıxdı. Bunlar Salarilər dövləti idi. Salarilərin əsasını isə, tarixçilərin iddia etdiyi kimi, kəngərlər yox, sabir türkləri qoydular.
Ekber N. Nəcəf
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.