Yazıçılarımız pis örnək göstərirlər.
2-04-2024, 07:04
Bir dostumuz ötən günlərin birində Vaqif Səmədoğlu heyranlarını təhqir etdi. Düzü, məəttəl qaldım, heç gözləməzdim. Özü sevmir deyə sevənlərə ağır sözlər söyləmək yaraşan iş deyildi.
Başqa biri Nərimanovun siyasi fəaliyyətini qınayanları abırdan salır, az qala "axı siz kimsiniz ki Nərimanovu bəyənmirsiniz?" deyə hikkə göstərir.
Olmaz belə!
Başqasının heyranlarına və ya sevdiyinizi sevməyənlərə hücum etmək nə demək? Ünvanlarına artıq-əskik yazmaq, hörmətsizlik etmən ayıb deyilmi?
Heç kimin sizin kimi düşünmək mükəlləfiyyəti yoxdur. Gücünüz çatırsa içinizdəki diktatora qarşı vuruşun. Birdən fürsətiniz olar, Allah eləməsin, sizin kimi düşünməyənləri zindana atarsınız.
Pis örnək olmayın. Onsuz da pis örnək bolluğu var. Zatən, elçisi günüm olmuş bir aqibətimiz var.
Son 100 ildə Azərbaycan şairi, yazıçısı topluma o qədər pis nümunə göstərib, saya gəlməz... bir araya gətirsən kitab olar.
Lütfən... hədləri gözləyək. Necə olsa adımız qələm əhlidir. Xalqın gözü bizdədir.
Fərqli düşüncəyə dözmək, müzakirə və ya mübahisə etmək master-klasının siz göstərməyəcəksiniz... kim göstərəcək?!
Mehriban Vezir
TEREF