Təğyir-libas olan, rüşvəti peşkəşlə əvəzləyən, İsfahanı türkləşdirən Şah Abbas
29-09-2016, 01:02
APA TV-nin "Səsli tarix" layihəsinin növbəti buraxılışın Səvəfilər tarixində özünəməxsus yeri olan Şah Abbasa həsr olunub. Xalqın qan yaddaşında Azərbaycan nağıllarının qəhrəmanı olaraq qalan Şah Abbas əslində apardığı islahatlarla yadda qalıb. Səfəvilər tarixinin paradoksal simalarından biri olan bu şəxs barədə tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin fikirlərini sizlərə çatdırırıq.
Məhəmməd Xudabəndə dövründə zəifləyən Səfəvilər
Şah Abbas haqqında danışarkən ilk növbədə Şah Abbasa qədərki dövrdə Səfəvilər dövlətinin həm daxili, həm də xarici vəziyyəti haqqında məlumat vermək lazımdır. Aydın məsələdir ki, Şah İsmayılın dövründə qurulan Səfəvi dövləti Təhmasib vaxtında həm sərhədlər baxımından nisbətən genişlənməyə başlayır, Şirvan və Şəki də Səfəvilər dövlətinə qatılır. Digər tərəfdən müəyyən stabillik dövrü başlayır. Arada 2 illik II Şah İsmayılın dövründə artıq Səfəvilər dövlətində mərkəzdən qaçma meylləri yaranmışdı. Və bu meyllər dövlətin idarəsində o qədər də fəal iştirak etməyən və gözləri yaxşı görməyən Məhəmməd Xudabəndənin dövründə daha da zəifləyir. Lakin Məhəmməd Xudabəndənin dövründə faktiki olaraq dövlətin bütövlüyünün qorunmasında onun böyük oğlu Şah Abbasın qardaşı Həmzə Mirzə çox mühüm xidmətlər göstərib. Lakin təəssüf ki, həm ordu komandanı kimi, cəsurluğu ilə seçilən bu sərkərdənin ölümü müxtəlif mənbələrdə müxtəlif cür verilir, istənilən halda onun qatilinin bir xristian dəllək olduğu qeyd edilir.
Şah Abbasın ilk cəzası: Atasına xəyanət edib, onu taxta çıxaran əyanları məhv etmək
Şərqdən özbəklərin hücumları intensivləşir, cənubda Şah İsmayıl dövründə Hörmüz limanı ələ keçirilir, böyük coğrafi kəşflərdən sonra avropalılar faktiki olaraq müstəmləkəçilik siyasətinə başlayır, qərbdən Osmanlı təhlükəsi qalmaqda davam edir. Belə bir vaxtda qızılbaşların Mazandaran qruplaşması qızılbaş tayfaları şamur və ustaclı tayfaları Abbası taxta çıxarırlar. Abbas taxta çıxanda azyaşlı idi. Hətta onu taxta çıxaran əmirlər belə güman edirdilər ki, ondan oyuncaq kimi istifadə edəcəklər. Ancaq onlar zənlərində yanıldılar. Çünki Abbas taxta çıxandan sonra onu taxta çıxaran əyanları sarayda ziyafətə dəvət edir və onlara belə bir sualla müraciət edir: Hökmdarına xəyanət edən əyanın cəzası nədir? Onlar xorla “təbii ki, ölüm cəzası” deyəndə o “bəs niyə siz Məhəmməd Xudabəndəyə qarşı qiyam etmişdiniz?” deyib onların əksəriyyətini cəzalandırır.
İslahatlar: Rüşvət əvəzinə peşkəş, tayfa prinsipi ilə qurulan ordu, tayfa başçılarının şah tərəfindən təyin olunması
Abbas taxta çıxanda daxili siyasətdə əsas məsələ xəzinəni doldurmaq idi, çünki xəzinə faktiki olaraq boşalmışdı. Xarici siyasətdə isə 3 istiqamətdə - qərbdə Osmanlı, cənubda Hörmüz limanında möhkəmlənmiş portuqaliyalılar, şərqdə isə özbəklərlə müharibə aparılmalı idi. Hər bir ağıllı hökmdar ilk növbədə xarici savaşı dayandırır və daxili siyasətdən başlayır. Abbas hansı tədbirlərə əl atdı? İlk növbədə gündəmdə olan məsələ xəzinəni doldurmaq idi. Bu məqsədlə Abbasın dövründə rüşvətin kökü faktiki olaraq kəsilir və peşkəş deyilən verginin tətbiqinə başlanır. Ayrı-ayrı ali vəzifələrə təyin olunmaq istəyən adam özü birbaşa şaha pul verərdi və xəzinə bunun hesabına doldurulurdu. Abbasa qədər qızılbaş tayfalarında sərhədlər qarışıq şəkildə qorunurdu, döyüşürdülər. Lakin Şah Abbas bunu ləğv etdi. Ordunu tayfa müxtəlifliyi prinsipi ilə qurdu. Afşar tayfası bir istiqaməti, Qaramanlı tayfası bir istiqaməti, Qacar tayfası bir istiqaməti qorudu. Yəni, tayfa müxtəlifliyi prinsipini qoydu. Və tayfa başçılarını özünə tam bağlamaq üçün Abbas növbəti addımı atır. Tayfa başçılığında irsilik problemi aradan qaldırılır. Yəni, əvvəllər tutaq ki, afşar tayfasının başçısı Sevindik xan idisə, ondan sonra başçı onun oğlu olmalı idi. Şah Abbas bu sistemi ləğv elədi. O ayrı-ayrı qızılbaş tayfalarının başçısını bir-bir özü təyin edirdi. Təyinat zamanı şəxsin həm şəxsi keyfiyyətləri, həm də dövlətə bağlılığı nəzərə alınırdı. Şah Abbas üçüncü addımı da atır, indiyə qədər Səfəvilərdə mövcud olan çərik sistemini ləğv edir. Və birbaşa şaha bağlı olan qulamlar qvardiyası, eyni zamanda texnikanın inkişaf etmiş olduğu dövrdə topçular və tüfəngçilər korpusu yaradılır. Yəni, artıq Səfəvi ordusu odlu silahla tam təmin olunur. Qəribədir ki, çox vaxt topların tökülməsində Şah Abbas özü iştirak edirdi. Hətta belə bir epizod da var ki, topxana üçün top tökülərkən Abbas özü qəlibin içinə çuqunun tökülməsini müşayiət edərkən birdən qəlib dağılır və şah ayağının yanması təhlükəsi ilə üzləşir.
Osmanlı ilə imzalanan biabırçı İstanbul müqaviləsi
Şah Abbas üçün xarici siyasətdə ən böyük təhlükə qərbdən idi. Osmanlı daha güclü rəqib idi. Ona görə də Osmanlı ilə Abbas sülh müqaviləsi imzalayır. Səfəvi tarixində 1590-cı ildə imzalanmış İstanbul müqaviləsindən ağır sülh müqaviləsi yoxdur. Bu müqaviləyə əsasən, faktiki olaraq, Azərbaycan ərazisi işğal edildi. Səfəvilərə yalnız Səfəvi şeyxlərinin məzarı yerləşən Ərdəbil, onun ətrafı, yəni Qaradağ və digər bölgələr qaldı. Qalan ərazilər, hətta dövlətin paytaxtı Qəzvin, Azərbaycanın baş şəhəri olan Təbriz Osmanlı tərəfindən işğal edildi. Bütün ərazilər Osmanlı işğalı altında idi - Dərbənd, Tiflis...
Şah Abbas paytaxtı niyə Qəzvindən İsfahana köçürdü?
Bəzən Abbası qınayırlar. Abbas paytaxtı İsfahana köçürdü. Paytaxt işğal olunubsa, Abbas nə etməli idi? Yəni, biz bu gün desək ki, Şuşa bizim paytaxtımızdır, nə dərəcədə düzgündür? Abbası qınayırlar ki, paytaxtı İsfahana köçürüb dövləti farslaşdırdı. Amma mənbələr tam tərsini deyir. İsfahan Şah Abbasa qədər hansı dövlətin paytaxtı olmuşdu? Böyük Səlcuq İmperatorluğunun. Niyə biz Abbası Böyük Səlcuq İmperatorluğunun davamçısı yox, nədənsə İran şahı adlandırılır?
İsfahanın türkləşdirilməsi, Qəndəharın Səfəvi ərazisinə qaytarılması
Abbasın növbəti tədbiri nədən ibarət idi? İsfahanda türklərin üstünlük təşkil etməsi üçün İsfahanın içərisində türklərdən ibarət xüsusi bir məhəllə - Abbasabad adlı bölgə düzəltmişdi. Bu, hər hökmdarın işi deyildi. Osmanlı ilə müqavilə bağladıqdan sonra sanki Qərb tərəfdən təhlükə gözləməyən Abbas əsas siyasətini Şərq istiqamətinə yeritdi. 1598-ci ildə özbəklərlə müharibə etdi. Burada da Abbas orijinallığı ilə seçildi. Döyüşdən əvvəl mərhum babası İsmayıl kimi özbək xanı Abdulla xanı təkbətək döyüşə çağırdı. Lakin Abdulla xan qaçıb gizlənmişdi. Və şərq istiqamətində sərhədləri möhkəmləndirdikdən sonra Qəndəhara qədər gedib çıxdı və Qəndəharı yenidən Səfəvilərin ərazisinə qatdı. Bundan sonra artıq Hörmüz məsələsi həll olunmalı idi. O dövrü araşdıran tarixçilər bilirlər ki, XVII əsrin əvvəllərində portuqaliyalılar hansı gücə malik idilər. Lakin Abbas Portuqaliya ilə İngiltərə arasında olan ixtilafdan istifadə etdi. Hətta ö dövrdə ingilis diplomatları etiraf edirlər ki, Böyük Moğol imperatorlarına arzularımızı diktə etdiyimiz halda, Abbas özü şərtləri bizə diktə edirdi.
Osmanlı elçisinin tərbiyəsizliyi, Səvəfi-Osmanlı müharibəsinin başlamasının səbəbləri
Hörmüz problemini çözəndən sonra Abbas Osmanlı ilə müharibə aparmaq istəmirdi. Hətta Osmanlı sultanı III Muradın qələbələri ilə bağlı Şah Abbasın ona məktubları var. Məktubların birində deyilir ki, “müsəlman qılıncının kafir üzərindəki qələbəsindən məmnun olduq. Və əgər lazımdırsa, sərhədlərdəki qızılbaş ordularımı da sizin ixtiyarınıza verə bilərəm. Ta ki, bu qələbələrdən əhli müsəlmanlar şərafət-məab olsunlar”. Bundan artıq Abbas nə etməli idi? Lakin əvəzində Abbasın sarayına gələn Osmanlı elçisi çox qəribə bir təklif irəli sürdü. Abbasın tək oğlu vardı - Səfi Mirzə. Elçi istəyir ki, şahın övladı Osmanlı sarayında sultanı əyləndirsin və saqilik etsin. Şahı bu cür təhqir etmək olardımı? Lakin yenə də tədbirli Abbas səfirə başqa cür cavab verir. Deyir ki, “Səfəvi qaydasına görə vəliəhd hökmdardan da şanlı sayılır. Lazımdırsa, özüm gedərəm saraya, təki müharibə olmasın. Sonradan Osmanlı sərkərdəsi daha da azğınlıq edəndə həmin elçinin saqqalını, bığını qırxdırır, eşşəyə tərsinə mindirib İstanbula yola saldırır. Bu artıq müharibənin başlanması demək idi.
Ordunun önündə piyada gedən şah
Abbas haqqında olan mənbələr dəfələrlə bir fikri təkrar edirlər - Azərbaycan Abbas üçün mühüm rol oynayırdı. Hətta Azərbaycan ayrıca bir bəylərbəyliyə çevrilmiş, Zülfüqar bəy Qaramanlı ora bəylərbəyi təyin edilmiş, qoşunun əsas nüvəsi də Azərbaycan ordusu idi. O dövr bütün gürcü mənbələri qızılbaş, yaxud Səfəvi ordusu kəlməsi işlətmir. Məsələn, Parsedan Qorqiçanidzedə iki sözdən bir Azərbaycan ordusu formasında gedir. Şah Abbasın rəhbərliyi ilə Azərbaycan ordusu fəaliyyətə başlayır. Çox az bir müddətdə - 1602-1608-ci illərdə böyük ərazilər azad edilir. Mənbələr Abbasın daha bir orijinallığı barədə də söhbət açırlar. Çox zaman qoşunun önündə Abbas özü camış gönündən tikilmiş çarıqla gedərdi. Səbəbini soruşanda “qoy, ordu məni qabaqda və sadə adam şəklində görsün” deyərdi. Abbas qısa zamanda Həmədandan Dərbəndə qədər olan əraziləri azad edir. Şah belə bir qayda qoymuşdu ki, Səfəvi ordusu gələnə qədər hansı şəhər özü Osmanlı qarnizonunu qovub çıxararsa, həmin şəhər bütün vergilərdən azad ediləcək. Abbasın Azərbaycanı işğaldan azad etməsini böyük şövqlə qələmə alan İsgəndər bəy Münşinin gözəl bir kəlamı var. Abbası daim narahat edən onun dədə-baba gorxanası olan Azərbaycanın yad tapdağında olması idi. Bu isə Abbasın Azərbaycana nə qədər bağlı olduğunu göstərir.
Şah Abbas xalqın qan yaddaşında necə qalıb?
Gəlin görək xalqın qan yaddaşında Abbas necə qalıb? Yəqin ki, tamaşaçıların əksəriyyəti uşaq vaxtı nağıl oxuyub. Bizim Azərbaycan nağılları nə ilə başlayır? Şah Abbas cənnət məkan. Yəni, xalq onu hələ sağlığında cənnət ilə müjdələmişdi. Əgər Şah Abbas Azərbaycan türkcəsinə sayğı ilə yanaşmasaydı, “Vərqavə gülşə” adlı ilk poema onun dövründə Azərbaycan türkcəsində yazılmazdı. Əgər Şah Abbas fars dilinə üstünlük verirdisə, nədən “Vərqavə gülşə” türkcə yazıldı? Bəlkə də “Şahnamə”ni yazdığına görə Əbülqasim Firdovsiyə o qədər hörmət edilməmişdi, nəinki, türkcə yazan Nəsihiyə o qədər hörmət edilirdi. Bütün dastan, nağıllarımızda biz Abbası nə cür görürük? Təğyiri-libas olub əhalinin güzəranı ilə maraqlanır. Bax, bu, xalqın qan yaddaşıdır. Xalqın qan yaddaşı bu və ya digər formada, istər şişirdilmiş, istərsə də kiçildilmiş formada yazılmış istənilən tarix əsərdən üstündür.