Abonentin qaz sayğacı dəyişdirildi, 344 manat cərimə gəldi

2-11-2018, 07:10           
Abonentin qaz sayğacı dəyişdirildi, 344 manat cərimə gəldi
Xətai rayonu, UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 37-də yaşayan Alina Əliağayeva “Azəriqaz” İstehsalat Birliyini sayğaca müdaxilə adı ilə əsassız cərimə yazmaqda ittiham edib. Virtualaz.org-a müraciət edən şikayətçi deyib ki, yayda qəsəbənin qaz boruları dəyişdirilib, köhnə sayğaclar smart tipli sayğacla əvəzlənib. Amma çox keçməyib ki, ona və bir neçə qonşusuna cərimə yazılıb.

“Kart vasitəsilə sayğaca pul yükləmək istəyərkən bizə 344 manat cərimə yazıldığını öyrəndim. İndi hər dəfə kartdan pul silirlər”, – şikayətçi danışır. Onun sözlərinə görə, sayğacların dəyişdiriləcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq olunmayıb, köhnə sayğacların çıxarılma prosesini görməyiblər: “Sayğacın möhürünü “Azəriqaz”ın öz əməkdaşları qırıblar, buna görə də, şikayətlər araşdırılmır. Avqustun sonunda Bakı Regional Qazın Satışı Departamentinə, sentyabrın 17-də isə qonşularla birgə “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik, amma bir nəticəsi olmadı”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev virtualaz.org-a bildirib ki, sakinə yazılı məlumat veriblərsə, deməli, araşdırma aparılıb. Heç bir abonentə yanlış cərimə yazılmasından söhbət gedə bilməz. “Sayğaca kənar müdaxilə aşkarlandıqda nöqsanlı sayğac yenisi ilə əvəzlənir ki, həmin müddətdə abonent qazsız qalmır. Sayğac dövlət yoxlamasından keçirilməsi üçün göndərilir. Nöqsan aşkarlanmış köhnə sayğac yoxlamadan keçirildikdən sonra rəy gəlir. Əgər rəydə sayğaca müdaxilə edildiyi aşkarlanıbsa, o zaman sərfiyyat əsas götürülərək, həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır”, – Kərbalayev qeyd edib.

Neftçilərin Hüquqlarını Müdafiə təşkilatının sədri Mirvari Qəhrəmanlı isə şikayətçinin məhkəməyə müraciət etməsini məsləhət görüb. Qəhrəmanlı deyib ki, son 2 ildə sayğaca kənar müdaxilə bəhanəsi ilə yüzlərlə abonent cərimələnib. Məhkəməyə müraciət edənlərin əksəriyyəti “Azəriqaz”a qalib gəlib, cərimələr silinib. “Sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması ilə bağlı cərimə tədbiq olunmamalıdır. Cərimələr isə “Azəriqaz” tərəfindən yivli birləşmələrə vurulmuş plombların qırılması ilə əlaqədardır.

Plombların qırılması ilə əlaqədar tərtib olunmuş aktlar kompüterdə doldurulub, halbuki əllə doldurulmalıdır. Şikayətlərin araşdırılması zamanı məlum olur ki, əksər hallarda həmin aktlar abonentə təqdim olunmayıb, bəzən aktlara abonent əvəzindən qol çəkilib”, – hüquq müdafiəçisi əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.