Şəmkir iş adamları Şeyxülislamdan soruşurlar: “Haram pulla yardım etməyin düşər-düşməzliyi olar, yoxsa olmaz?”

5-04-2020, 17:46           
Şəmkir iş adamları Şeyxülislamdan soruşurlar: “Haram pulla yardım etməyin düşər-düşməzliyi olar, yoxsa olmaz?”
Ötən gün Şəmkir Şampan Şərabkarı ASC-nin direktoru Hafiz İbrahimovun facebook səhifəsində paylaşdığı bir statusu saytımızda dərc etməyimiz rayonda ciddi rezonansa səbəb olub. Xatırladaq ki, həmin statusunda iş adamı rayon Şəmkir İcra Başçısına Koronavirusa Qarşı Mübarizə Fonduna yardım etmək təklifində bulunmuş və ediləcək yardımın mənbəyini də göstərmişdi:



“Hansı mənbələr həsabına yardım edə biləcəyini də cənab başcı Alimpaşa Məmmədovun diqqətinə catdırmagı özümüzə borc bilirik:
Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;
S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.



Təklifi saytımızda yayımlanandan bir gün sonra, yəni bu gün rayondan adını açıqlamayan və özünü iş adamı təqdim edən bir vətəndaş bizə telefon açaraq iddialarla razılaşmadığını dedi və Ovqat.com-u yanlış məlumat yaymaqda günahlandırdı. Biz də öz növbəmizdə ona iddiaların bizə aid olmadığını, rayonu çox adamdan, bəlkə hətta Alimpaşa Məmmədovdan da yaxşı tanıyan Hafiz İbrahimov tərəfindən irəli sürüldüyünü, İcra Başçısının da cavab haqqı olduğunu xatırlatdıq və ona bu fürsəti tanıdığımızı bildirdik.



Bizə ən maraqlı gələn isə iş adamının söykəndiyi bir arqument oldu. İş adamı sonunda bizimlə razılaşdı ki, Hafiz İbrahimovun dilə gətirdiyi faktların nə qədər doğru olub-olmadığına biz qəra verə bilərik; faktı araşdırmaq hüquq mühafizə orqanlarının işidir. Bununla belə, Hafiz müəllimin onun təklifində yüz faiz məntiqi xətanın var. Xəta isə ondan ibarətdir ki, adətən təbii fəlakətlərlə bağlı yardım fondlarına ödənişlər halal zəhmətlə qazanılan gəlirlərdən edilir. Məhz buna görə də iri məmurlar tərəfindən fonda bütün yardımlar maaşlar şəkilində olub. Çünki biz inanclı toplumuq və haramdan yardımların düşüb-düşməyəcəyini bilmirik. Yəni iş adamının sözündən belə çıxdı ki, Alimpaşa məhz qaş düzəltmək əvəzinə vurub göz çıxarmamaq xətrinə fonda yardım keçirmir. Hafiz İbrahimov isə ondan haram pulla yardım edilməsini istəyir: “Bəlkə onun koronavirusdan əziyyət çəkənlərlə qəsdi-qərəzçiliyi var. Siz də hələ onun təxribat xarakterli yazısını dərc edirsiniz. Utanmırsınız?!”



Doğrusu, iş adamının bu fikirləri bizi əməlli-başlı xəcalət tərində boğdu və özümüzdən gələndən sonra xeyli düşündürməyə vadar etdi. Axı, necə olur, haram pulla həccə gedib hacılıq ünvanı qazanmağın düşər-düşməzliyi olmur, amma söhbət kiməsə yardıma gələndə bu, düşər-düşməzə çevrilir?
İstərdik ki, təkcə Şəmkir camaatını deyil, bütün iri məmurları düşündürən bu suala hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri cavab versin. Bu qəliz sualın cavabını özü bilməsə, hər halda zəng vurub Bakıdakı İran səfirliyində hesabat verdiyi Həsən Ruhani həzrətlərindən soruşa bilər. Cənab Şeyx unutmasın ki, iri məmurların çoxu onun fitvasını gözləyir. Zira ölkəmizdə Ziya Məmmədov kimi bir çox milyarder köhnə və təzə məmurlar var ki, sırf bu suala cavab tapa bilmədiklərindən oğulları ilə bərabər məlum fonda cəmi 5 min manat halal maaşlarını ödəyiblər. Şeyx həzrətləri bir “hə” desə, təbii ki, yardımların ardı-arası kəsilməz. Beləliklə, cənab Şeyx, buyurun bu suala aydınlıq gətirin: Haram pulla yardım etmək olar, olmaz?
ovqat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.