Karantinli Bakının dəniz “keyfi: Kabab tüstüsü, taykeş ayaqqabılar və sahibsiz itlər - Hövsanda nələr gördük?
21-04-2020, 13:36

Karantinli Bakının dəniz “keyfi: Kabab tüstüsü, taykeş ayaqqabılar və sahibsiz itlər
Dünyada yayılan pandemiya səbəbindən Azərbaycanda da xüsusi karantin rejimi tətbiq olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin 4 maya qədər uzadılmasına qərar verib. Bu müddətdə vətəndaşlar yalnız icazəli əsaslarla müəyyən müddətə yaşayış yerini tərk edə bilərlər.
“Evdə qal” çağırışlarına əməl edənlər çox olduğu kimi, görünür, artıq yorulanlar da var. Karantin təbdirləri ilə bağlı paytaxt Bakıda ticarət mərkəzləri, “mallar” bağlandığından, restoran və kafelər onlayn xidmətə keçdiyindən, bəzi Bakı sakinləri, təbii ki, xüsusilə yaxın ərazilərdə yaşayanlar istirahət üçün dəniz kənarına üz tutur. O başqa məsələdir ki, bunun üçün icazə alınıbmı? 8103 SMS xidmətində gəzinti üçün funksiya nəzərdə tutulmadığından, bu suala cavab vermək də çətindir…

Cebhe.info əməkdaşının müşahidələri göstərib ki, günəşli havadan bəhrələnən bəziləri ailəvi olaraq çimərliklərdə samovar qoyur, ocaq qalayır, əyləncəli oyunlarla istirahət edirlər. Hövsan çimərliyində sosial məsafəni qoruyaraq dayanan avtomobillər, sahildə ora-bura qaçan uşaqlar, samovar və ocaq ətrafında dövrə vuran insanlarla qarşılaşdıq. Sanki günlərlə evdə qalan insanlar koronavirusun “acısını” dənizdən və sahildən çıxarırdı.
Fiziki olmasa da, mənəvi -psixoloji rahatlıq üçün gözəl dəniz mənzərəsindən istifadə edənlərin arxalarında buraxdıqları mənzərə isə heç də xoş deyildi. Qayğılarından uzaqlaşmaq istəyən və bunun üçün dənizi seçən insanlar öz aləmlərində idilər...
Sahildə boş şüşə və sellofan torbalar, az əvvəl kabab bişirilən və sönməyən ocaqlar, göyə qalxan tüstü, sahildə qalan taykeş ayaqqabılar, qalaq-qalaq zibillər və daha nələr... Hələ insan və maşınların uzaqlaşmasını səbirsizliklə gözləyən küçə itlərini demirik…

Sahilboyu hər addımda qarşılaşdığımız mənzərə ancaq təəssüfləndirirdi. Bəziləri sahillə kifayətlənməyib, boş şüşə və torbaları sanki dalğanın sahilə çıxarması üçün dənizə tullamışdılar. Arxada buraxdıqları çirkli sahili tərk edib heç nə olmamış kimi evlərinə gedənlərin bu hərəkətinə heç cür haqq qazandırmaq olmur. Beyinlərdə bəlkə də gələn dəfə üçün planlar qurulurdu- ocaq qalamaq üçün daha çox taxta gətirmək, susuzluğu yatırmaq üçün şüşələrin sayını artırmaq, tumu, çərəzi limitsiz etmək...

Sahil uzandıqca, mənzərə də böyüyür. Dəniz şikayəçidir, hələlik səssiz şikayətçi. Çirkaba bürünən sahilini təmizləmək üçün bir azdan dalğalarını göndərəcək… Bəndənin yaratdığı çirkabı yenə Tanrı təmizləyəcək…