Cin malları "Femina"-da necə "firmenni" mala çevrilir
7-05-2016, 20:22
İşbazların vətəndaşları aldatması, “geydirmə” malları baha qiymətə sırıması barədə mətbuatda məlumatlar çox dərc olunub. Qafqaz Xəbər Agentliyi də vaxtaşırı bunu yazıb və insanları aldadan işbazları daim tənqid atəşinə tutub. Bu günlərdə Qafqaznews.az saytının elektron poçtuna şikayət məktubu daxil olub. Daimi oxucumuz olduğunu qeyd edən vətəndaş bildirib ki, bu yaxınlarda Sədərək Ticarət Mərkəzində yerləşən “Femina” xəz-dəri qalereyasında olduq. Rəhbərinin hacı olduğunu bilib, orada çalışanların daha ədalətli ve dürüst olacaqlarını düşündük. Malların üstündə olan qiymətlər dəhşetli dərəcədə şişirdilmiş idi. Ən ucuz xəz, üstündə yazIlan qiymətə görə 4500 manat idi. Həmin xəzin iç hissəsində “Made in China” yazıla-yazıla bizə onu gah Yunanistan, gah Italiya, gah da Kanada malı kimi təqdim etdilər.
Ziya adli satış meneceri yüksək endirim də edəcəklərini bildirdi. Biz deyəndə ki, köhnə xəzimiz var və onu da verməklə yeni xəzin neçəyə başa gələcəyini soruşanda bizə “4500 manat qiyməti olan xəz” üçün 2500 manat qiymət dedilər. Razılaşmadığımızda cəmi 500 manat endirim olacağını dedi. Mağazanın içində gəzişərkən, Elşad adlı satış menecerinin eyni xəzi digər bir müştəriyə 1400 AZN-ə -ə təklif etdiyini gördük, həm də üstündə köhnə xəz almadan. Bu fırıldaqçılığı görəndən sonra, təbii ki, mağazadan çıxmağa qərar verdik. Çıxışda Rövşən adlı menecer bizi saxlatdırıb, mağazanı xəz almadan tərk etməyimizin səbəbini soruşdu.
Biz bildirdik ki, qiymətlər çox bahadır, biz öz köhnə xəzimizi verib üstündə 600-700 manat ödəməklə yeni xəz almaq istərdik. Bizi “Femina”nın filialı olan “Monika” mağazasına yönəltdilər, orda xəzlərin qiymətləri 600-800 manat arası olsa da seçim zəngin deyildi və xəzlərin əksəriyyəti solğun idi, onların geyinilmiş olduğu hiss aydın sezilirdi”.
Vətəndaş əlavə edir: Elə məcburi köçkünlər var ki, böyük şirkət sahibidirlər, milyonlarla pul qazanırlar, buna baxmayaraq, məcburi köçkün statusundan istifadə edərək, müavinət də alırlar. Hələ üstəlik, körpələr evlərində otaqlar zəbt edib orda yaşayırlar. Bunlardan biri də, “Femina”nın direktoru Salman Mirzalıyevdir. Sizə “Femina”ya aid olan VÖEN-in surətini göndərirəm”. Vətəndaş xahiş edir ki, qiymətlərdə maxinasiyalar edən və insanları aldadan işbazların əməlləri araşdırılsın və aidiyyatı qurumlar tərəfindən lazımi ölçü götürülsün. Mövzunu diqqətdə saxlayırıq. Bizi izləyin.