Astarada aranı qarışdırmaq istəyirlər: AKSİYA TƏHDİDİ

26-02-2016, 14:26           
Astarada aranı qarışdırmaq istəyirlər: AKSİYA TƏHDİDİ
Rayonun hüquq-mühafizə orqanları isə ticarət mərkəzini zorla ələ keçirmək istəyən Asif Həziyevlə bağlı heç bir tədbir görmək istəmir

Ötən günlərdə xəbər vermişdik ki, Astara rayonunda 28 sot ərazidə inşa edilmiş bazar ətrafında qalmaqal yaşanır. JAM.AZ xəbər verir ki, Rauf Həziyevə məxsus bazar bir müddət etibarnamə ilə qardaşı Asif Həziyevə etibar edilsə də, sonradan sahibinin qərarı ilə ondan alınaraq, Azər İbayevə etibar edilib.

Lakin Asif Həziyev heç bir hüququ və səlahiyyəti olmadan, zor gücünə bazarı əlində saxlamağa çalışır. Bununla bağlı Astara rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi iki qətnamə çıxarıb və həmin qətnamələrdə vurğulanıb ki, Asif Həziyevin bazara iddia etmək hüququ yoxdur. Di gəl, yerli Məhkəmə Qərarlarının İcra Şöbəsi qətnamənin tələblərini yerinə yetirməkdən maksimum dərəcədə yayınmata çalışırlar.

Qeyd edək ki, dünən Azər İbayev nəhayət, qanunun tələblərinə uyğun olaraq, bazarın idarə edilməsi üçün ora buraxılıb. Təhvil-təslim edən qanuni nümayəndə elə ilk gündən təxribatla üz-üzə qalmalı olub. Asif Həziyev anası və öyrətdiyi daha bir neçə adamla birlikdə bazara gələrək, etiraz aksiyası təşkil etməyə cəhd göstəriblər. Lakin Azər İbayev onların təxribatlarına uymayaraq, əraziyə polis çağırığb. Polis əməkdaşları həmin şəxsləri bazardan uzaqlaşdırsa da, öyrədilmiş adamların etiraz aksiyası keçirəcəyi gözlənilir. Çünki Asif Həziyev heç bir şəkildə bazarı əldən vermək istəmir.

Bu gün JAM.AZ-a müraciət edən Rauf Həziyevin həyat yoldaşı Svetlana Didenko bildirib ki, Asif Həziyev və öyrətdiyi bir qrup adamın məqsədi bazarı yenidən ələ keçirməkdir. «Onlar açıq şəkildə ictimai asayişi pozmaqla məşğuldurlar. İndiki dinc şəraitdə rayonda aksiya keçirib, ortalığı qarışdırmaq istəyirlər. Lakin bütün bunlar açıq şəkildə müşahidə olunduğu halda, Asif Həziyevlə bağlı hər hansı bir tədbir görülmür. Dəfələrlə edilən müraciətlərə əhəmiyyət verilmir. Maraqlıdır, Asif Həziyevi qanuni məsuliyyətə niyə cəlb etmirlər? Bu şəxs faktiki olaraq ictimai asayişi pozmaqla, təxribat törətməklə məşğuldur».

Didenko qeyd edir ki, Astara Polis Şöbəsi və Prokurorluğu bu məsələ ilə bağlı təcili tədbirlər görməlidirlər. «Bu bazar bizə məxsusdur və fəaliyyət göstərməlidir. Ora qanuni nümayəndə təyin edilib, Asif Həziyevin də orada heç bir haqqı yoxdur. İstəyimiz odur ki, Astaradakı bazarımız fəaliyyətini davam etdirsin və Asif Həziyev kimilər maneçilik törətməsinlər. Yerli hüquq-mühafizə orqanları isə asayişi pozmaq istəyənləri cəzalandırsın».

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.