Akif Çovdarov Kərəm Həsənova qarşı ifadə verib?

28-02-2016, 18:24           
Akif Çovdarov Kərəm Həsənova qarşı ifadə verib?
Akif Çovdarovun istintaqa verdiyi ifadələrdə komitə sədriylə olan iş birliyindən bəhs etdiyi deyilir

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adı yenidən «MTN işi»ində hallanmağa başlayıb. Buna səbəb həbsdəki ləğv olunmuş MTN-in işçilərinin istintaqa verdiyi ifadələrdir.

TEREF.İNFO yazır ki, Politika.Az-a etibarlı mənbələrdən daxil olan məlumatlarda vurğulanır ki, bəzi MTN generalları istintaqa verdikləri ifadələrində müxtəlif vəzifəli şəxslərin adlarını çəkiblər. Həmin məmurlarla birgə işləri, habelə sabiq nazir Eldar Mahmudovla əlaqələri, həmçinin keçmiş nazirlə məmurlar arasında əldə olunmuş anlaşmaların ifadələrdə təsvir edildiyi vurğulanır.

Mənbə bildirir ki, həmin ifadələrdə bir neçə yüksək çinli məmurun da adı var. O cümlədən komitə sədri Kərəm Həsənovun. İddia edilir ki, Akif Çovdarovun istintaqa verdiyi ifadələri sırasında adı keçən sözügedən şəxsin Eldar Mahmudovla əlaqələrindən, birgə işlərindən, habelə bu birgə işlərdən dolayı verilmiş tapşırıqlardan bəhs olunur.

Qeyd edilir ki, Akif Çovdarov Kərəm Həsənovla birbaşa əlaqə quraraq, bəzi məsələlərin sifariş əsasında araşdırdıqlarını etiraf edib. Həmçinin o, ələ keçirdiyi bəzi əmlakların özəlləşdirilməsini, özünün və yaxınlarının adına keçirməsində komitə sədrinin ona göstərdiyi köməkliklərdən də bəhs edib.

Nəzərinizə çatdıraq ki, Kərəm Həsənovun adı hələ proses başlayandan «MTN işi»ndə hallanırdı. Belə ki, onun Eldar Mahmudovla şərikli biznesə malik olması, habelə qardaşını nazirlikdə işə düzəltdiyi, qudasının isə MTN-də idarə rəisinin müavini təyin etdirdiyi qeyd edilirdi. Bundan əlavə, hazırda deputat olan qardaşı Malik Həsənovun da məhz Eldar Mahmudovun xahişi əsasında mandat sahibi olduğu vurğulanırdı.

Mənbə bildirir ki, Kərəm Həsənovun adının yenidən istintaq orqanlarına düşməsi komitə sədri üçün əlavə başağrısına çevriləcək. Çünki Akif Çovdarovla əlaqəli olan istənilən məmurla bağlı hakimiyyətdə aqressiv münasibət formalaşıb. Və bu əlaqələr daha dərin məzmun daşıyırsa, onun cəzalandırılması baş verir. Həsənovla Çovdarov arasındakı münasibətlərin ən üst səviyyədə olması isə belə deməyə əsas verir ki, istintaqın sonunda komitə sədrinin də cəzalandırılması qaçılmaza çevriləcək.

Redakisya bu əlaqələrin daha hansı dərinliyə qədər getməsi, Kərəm Həsənovla Akif Çovdarovun hansı birgə işləri ilə bağlı geniş araşdırmalara başlayıb. Yaxın günlərdə əldə edilən məlumatlar oxuculara təqdim olunacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.