Rəis müavini generalın əmrinə qarşı - Polisdən qovulmuşu kim yenidən polisə işə götürüb FOTOFAKT

29-02-2016, 13:16           
Rəis müavini generalın əmrinə qarşı - Polisdən qovulmuşu kim yenidən polisə işə götürüb FOTOFAKT
Və ya Eldar Səfərov polis orqanlarında işləməyə yararlı olmadığı üçün işdən qovulmuş Zaur Zeynalova necə vəzifə verib?

Bakı sakini Aliyə İsmayılova ilə 39-cu Polis bölməsinin sabiq əməliyyat müvəkkili, hazırda Cəlilabadda sahə müvəkkili işləyən Zaur Seynalov arasında mübahisəli vəziyyət davam edir. Bir neçə gün bundan əvvəl İsmayılovanı telefonda hədələyən Zeynalov onu öldürəcəyini bildirib.

Təhdid zəngindən sonra təhlükəsizliyini təmin etmək məqsədi il DİN-in «102» Xidmətinə müraciət edən Bakı sakini, ardından yaşadığı ərazi üzrə Polis Bölməsinə də ərizə verərək, şikayətçi olduğunu bildirib. Lakin həmin vaxtdan etibarən nə yerli Polis Bölməsi, nə də 102 Xidməti məsələ ilə bağlı hər hansı bir araşdırma aparmayıb. Bu barədə JAM.AZ-a açıqlama verən Aliyə İsmayılova qeyd edib ki, faktiki olaraq qorxu içindədir və Zaur Zeynalovun ona və uşağına zərər verə biləcəyindən əndişələnir. «Lakin etdiyim şikayətə nə baxan var, nə də araşdıran. Belə çıxır ki, mən hər an qapımın döyüləcəyini və küçənin ortasındaca öldürüləcəyimi gözləməliyəm. Niyə şikayətimə baxmırlar? Məgər Zaur Zeynalov qanunlardan çox üstündə dayanan biridir? Niyə onun məni təhdid etməsi araşdırılmır?»

Qeyd edək ki, Zaur Zeynalov ötən ilin noyabrında işdə yol verdiyi ciddi nöqsanlara, habelə polis adına yaraşmayan hərəkət etdiyinə görə, Daxil İşlər Orqanlarından azad edilib. Bununla bağlı DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyevin imzaladığı sənəddə göstərilir ki, sözügedən şəxs ümumiyyətlə, polis orqanlarında xidmət etməyə yaramayan biridir.

Lakin bütün bunlara baxmayaraq, polis orqanlarında işləməsi mümkün olmayan biri üzərindən 5-6 gün keçmiş yenidən DİN-də çalışmağa başlayıb. Və bu işi həyata keçirən isə Cəlilabad Polis Şöbəsinin rəisi müavini Eldar Səfərov olub. İşin ən ilginc tərəfi odur ki, sözügedən polis zabiti generalın imzaladığı sənədi vecinə belə almayıb. Üstəlik, həmin sərəncamı bir kənara ataraq, Zaur Zeynalovu işə götürərək, ona məsul vəzifə belə verib.

Maraqlıdır, DİN kifayət qədər peşəkar bir qurumdur və onun başında da bacarıqlı, peşəkar bir general dayanır. İndiyə qədər cənab nazirin imzaladığı bütün sərəncamların dəqiqliklə icra olunması da şübhə doğurmayan haldır. Eyni zamanda, bu nazirlikdə subardinasiya məsələsi ciddi şəkildə qorunur və əmrlərlə tapşırıqlar qüsursuz şəkildə həyata keçirilir. Lakin Zaur Zeynalov məsələsində bütün bu qaydaların işləmədiyi diqqəti çəkir. Və rayon Polis Şöbəsinin rəisi müavini DİN-in mühüm postlarından birini tutan generalın imzaladığı sənədi əhəmiyyətsiz kağız hesab edərək, onun əmrinə qarşı çıxaraq, polis orqanlarında işləməsi mümkün olmayan və yararsız birinə vəzifə verir. Bunun necə mümkün ola biləcəyi, belə özbaşınalığın niyə qarşısının alınmadığı olduqca maraqlıdır.

Həqiqətənmi, Eldar Səfərov o qədər güclüdür ki, polis adına xələl gətirən, elə buna görə də işdən çıxarılan birini yenidən işə götürmək cəsarətinə sahibdir? Və ya Cəlilabad Polis Şöbəsinin rəisi müavini o qədər qorxmaz və əmrləri saymayan biridir ki, nazirin imzaladığı əmrə əhəmiyyət verməyərək, bildiyi şəkildə addım atıb?

Qeyd edək ki, bu məsələdən cənab nazirin xəbərdar olduğuna inanmırıq. Ən azından ona görə ki, Ramil Usubov işinin ustasıdır və bu addımın atılmasının onun rəhbərlik etdiyi nazirliyin nüfuzuna xələl gətirdiyini hamıdan yaxşı bilir. Ona görə də, əminik ki, cənab nazir məsələdən xəbər tutduqdan sonra dərhal əmrin icrası barədə tapşırıq verəcək, Cəlilabad Polsi Şöbəsinin rəis müavini Eldar Səfərovu əmrlərə qarşı çıxdığı üçün cəzalandıracaq və Zaur Zeynalovu vəzifəsindən azad edib, polis orqanlarından qovacaq.

P.S. Cəlilabadda Məmmədov Rasim Ramiz oğlunun başına gətirilən müsibətlərlə bağlı növbəti yazımızda oxuya bilərsiz.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.