Saatlı İcra Başçısının rayonda çıxartmadığı oyun qalmayıb -İTTİHAM
29-02-2016, 16:59
teref.aznun poçtuna gələn şikayət məktubunu oxuculara təqdim edirik:
Kim kimdir? Mən bu sualla Saatlı rayonunun rəhbər məmurlarına mürciət edirəm
Ötən ilin oktyabrında –Milli Məclisə seçkilərdə iştirak edəcək namizədlərin imza toplamaq kompaniyası başlananda mən də qüvvəmi, nüfuzumu , bacarığımı sınamaq qərarına gəldim.Döyuşçü yoldaşlarım, jurnalist həmkarlarım və rayonun əksər ziyalıları , sadə adamları mənimlə həmrəy olduqlarını , seckilərdə fəal iştirak edərək namizədliyimi dəstəkləyəcəklərini bildirdilər.Necə olsa, sovet dönəmindən ta bu günədək vətənə ləyaqətlə xidmət etmişəm.Jurnalist və insan kimi yaxşı nüfuzum var .Qarabagın qanlı muharibəsində komandir kimi çoxsaylı könüllülərimlə birgə fədakar döyüş yolu keçmişəm.Müharibə veteranıyam, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm, hərbidən və jurnalistika sahəsindən xeyli təltiflərim var.
Ürəyimdən keçəni dilimə gətirməyimə peşman oldum! 62 saylı dairə seçki Komisiyasının sədri Arif Əliyev, YAP rayon təşkilatının sədri Lütfəli Şıxəliyev İcra başçısının birinci müavini İlham Quliyev üzdə mələk , arxada əfi ilan olub düşdülər mənim canıma. Hər vəchlə mənim namizədliyimin qeydə alınmasına mane olmağa çalışdılar. Düzü ,hədə -qorxu ilə yox, yalnız dilə tutmaqla, xahiş – minnətlə bunu etməyə çalışdılar. Fikirimdə qəti idim .İcra başçısı Siraqəddin Cabbarov da məni fikrimdən döndərə bilmədi.Və günlərin bir günü Mətbuat Şurasının sədri Əflatun Amaşovun 62 saylı Saatlı seçki dairəsindən namizədliyinin qeydə alınmasından xəbər tutdum.Bunulada namizədliyimi irəli sürmək fikrimdən daşındım.Ə.Amaşovun gələcəkdə deputat kimi məndən daha çox xeyrixah işlər görə biləcəyini nəzərə alaraq sakitcə deputat olmaq fikrimdən vaz keçdim (Guya vaz keçməsəydim nə olacaqdı ki?-Ə.Q).Və etiraf edirəm ki, bir həmkar kimi digər jurnaist dostum, “Dönüş” qəzetinin baş redaktoru Mahir Allahyarovla deputatlığa namizəd Əflatun Amaşovun təşviqat kompaniyasında fəal iştirak edərək rayonun kəndlərində və şəhər mərkəzində 20-dən çox yaddaqalan görüşün keçirilməsinə nail olduq.Zəhmətimiz hədər getmədi.Parlament seçkilərində Ə.Amaşov 64.5 faiz səs toplamaqla biz saatlıların Milli Məclisdə təmsilçisi adını qazandı.Mən bütün prosesləri qısa xroniki ardıcıllıqla şərh etdim.Və daha çox məlumat vermək isdəmirəm.Çünki məqsədim seçkilər barədə danışmaq deyil Seçkilər zamanı və seçkilərdən sonra barəmdə gəzən söz-söhbətləri şərh etmək, aydınlaşdırmaqdır.
Seçkilər zamanı da, seçkilərdən sonra da MSK-ya , Əflatun Amaşova və onu görüşlərdə müşayət edən Bakıdan gəlmiş mediya rəhbərlərinə mənim barəmdə: “Əliağa Qurbanov qatı müxalifətçidir, onun hörmətli Ə.Amaşovun vəkili olması ikinciyə baş ucalığı gətirməz” -fikri dəfələrlə səslənmişdir.Əflatun Amaşov da, onunla rayonda keçirilən görüşlərdə iştirak edən müəllimim çox böyük hörmət bəslədiyim professor Cahangir Məmmədli, Məzahir Süleymanzadə, Umud Mirzəyev, Aydın Quliyev , Rəşad Məcid Yunus Oğuz , Tahir Aydınlı və hamısına böyük hörmətlə yanaşdığım digər mediya təmsilçiləri şahiddirlər ki, bütün görüşlərdə mən vəkil kimi heç hansı səhvə yol verməmişəm və mənim bütün çıxışlarım Azərbaycana, Azərbaycan dövlətçiliyinə hörmət və məhəbbət üzərində qurulub.Bəs onda bu şaiyə və böhtanları kim yayıb və bunun yayılmaslında məqsəd nədir? Mən bu məsələni tam aydınlığı ilə növbəti yazımda şərh edəcəyəm.Hələlik isə yazımın sərlövhəsinə çıxardığım “Kim kimdir?” sualını cavablandırmaq ,Saatlıda kimin kim olduğuna aydınlıq gətirmək istəyirəm.
Saatlıda hamı bilir ki, sovet dönəmində rayonda “poçt Əsədulla” kimi tanınan ,rayon rabitə şöbəsində çeşidləyici işləyən, ölənədək halallıqla yaşayan Əsədulla Qurbanovun oğluyam.Və çoxları bilir ki, atam aşağı təbəqənin nümayəndəsi olub və buna görə də 1979-cu ildə mənə 15 manat (sovet pulu ilə Ə.Q) pul verib və Noraşen-Bakı qatarı ilə Bakıya unversitetə qəbul imtahanına göndərib və əyani təhsil aldığım S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyarkən mən ailə vəziyyətimlə əlaqədar olaraq gecələr işləyib, gündüzlər təhsil almışam.Universitetə o vaxtkı Azərbaycan KP.MK-nın birinci katibi H.Əliyevin fəhlə balaları üçün açdırdığı “rabfak”, elmi dillə desək hazırlıq şöbəsi vasitəsi ilə qəbul olunmuşam ki, ən azından buna görə H.Əliyevin memarı və qurucusu olduğu dövlətə müxalif ola bilmərəm.Bu mənim ali təhsil aldığım dövürdəki lider H.Əliyevə münasibətim! Rayona qayıtdığdan sonra 5-6 il rayonda çıxan “Dönüş” qəzetində korrektorluqdan tutmuş məsul katibliyə qədər müxtəlif vəzifələrdə işləmişəm.Dövlət qəzetində və rayon qəzetində dərc olunan yazılarım arxivdə qalır.Kimsə həmin yazıların birində Azərbaycan dövlətinin əleyhinə bir kəlmə tapsa, onun qarşısında əlimin arxasını yerə qoymağa hazıram.1990-cı ilin yanvar hadisələrinə yanvarın 23-də “Dönüş” qəzetində dərc olunmuş, hazırladığım müraciətdə Sov.İKP MK-nın Baş katibi M.S.Qarbaçova “əlləri Azərbaycan xalqının qanına batmış cəllad” deyən və ayılarla “KQB” –nin təqibi ilə üzləşən də mən olmuşam.1992-ci ilin martından Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün 200-nəfərdən çox könüllü dəstə ilə (rəsmi qeydiyatdan kecməklə -Ə.Q) ilə Agdam , Cəbrayil və Laçın bölgələrində erməni təcavüzkarlarına qarşı döyüşmüşəm. Yəqin ki,bunda da muxalifətcilikdən əsər- əlamət yoxdur .1994-1999-cü illərdə Əli-bayramlı (indi ki Şirvan –Ə.Q), Qusar və Lənkaran qarnizonlarında Hərbi polisin rəisi olmuşam.Xeyli təltiflərim və medallarım var.Yəqin ki, müxalifət nümayəndəsini hərbi polis rəisi kimi mötəbər vəzifəyə təyin edib, ona canlı qüvvə, silah-sursat,texnika həvalə etməzdilər.Müxalifətçi hərbiçi hökümət tərəfindən təltif olunmazdı ! Təbiidir, deyilmi ?! Bu gün isə Saatlının ali məmurları tərəfindən müxalifətçi kimi təqdim olunan şəxs, yəni mən Muharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Saatlı rayon şöbəsinin sədriyəm.
İndi isə gəlin qara yaxıb çoxlarına müxalifətci damğası vuranların əmək fəaliyyəti və iş üslubları ilə sizləri tanış edim:62 saylı dairə seçki komisiyasının sədri Arif Əliyevə tapşırıq verib Ermənistanın prizidenti Serj Sarkisiyanı bizim respublikanın prezidentliyinə (Allah günahımdan keçsin-Ə.Q) namizəd kimi irəli sürsələr,o,ağına-bozuna baxmadan qapı-qapı gəzib şəxsən özü imza toplamasa, topa-topa bületenləri öz əlləri ilə qutuya doldurmasa, hələ seçki bitməmiş bütün həmyerlilərini onun adı ilə hədələməsə gəlib mənim üzümə tüpürərsiniz! Başını aşağı salıb xımır-xımır işini görür; gah Ə.Amaşova “alternativ” namizəd kimi bazarkomun müavininə imza toplayır, gah bir az nüfuzu olan şəxsin nazmizədliyini qeydə almamaq üçün onun qapısına minnətçi salır, gah da saatlarla telefondan sallanaraq başçıya, YAP sədrinə: “vallah, bu filankəs başımıza bəla olacaq”- deyə yalvarır.İndi siz deyin , kim kimdir?
Vallahi-billahi, mən heç vaxt ağlıma gətirmirəm ki, kiçik işçi rayonun rəhbər işçisinə; “müəllim, Bayraq meydanındakı bayrağımızı külək cırıb,-“ deyəndə, dönüb ; “mənim oğlumun .........na kimi cırılıb,-“ desin. Və yaxud, digər rəhbər işçi seçkilərdə saxtlaşdırılmış protokolu ələ keçirmiş müxalifət rəhbərinə külli miqdarda pul verib sənədi geri alsın və bütün xeyir-şər məclislərində bundan yana-yana danışsın! Heç belə bir şeydə görməmisiniz ki, rayonun rəhbərinə və onun müavinlərinə qəbul mərasimlərində bütün hərcayı sözlər deyilsin və rəhbərdə həmin hərcayı sözlərə hərcayı cavab qaytararaq qəbul mərasimini “qarğa bazarına çevirsin” Harda görmüsünüz ki, həftədə 3 dəfə qəzetlərdə hədyanlar yazan dırnaqarası jurnalistin adını icra başçısı və YAP sədri bir müəssisəyə yazdırıb, ona saxta əmək haqqı versin?!İlham adlı birisi rayon mərkəzi xəstəxanasının ona bəxş etdiyi əmək kartı ilə ayda 130 manata yaxın əmək haqqı alır.Gözünə döndüyüm “halal” maaşını alan kimi üz tutur Bakıya və döşəki döşəyə bildikcən, növbəti ayın maaşını alana kimi ona “halal” maaş verənlərdən yazır! Əgər İlham rayon mərkəzi xəstaxanasında hansı vəzifədə işlədiyini bilirsə ,mənim ........... lənət, yoxsa , onu bu işə təyin edənlərin........! Bax , Saatlıda rayonun rəhbəri, bəzi müavinlər, YAP sədri belə işlərlə məşğuldurlar.Rayon Mərkəzi Xəstəxanasında, Təhsil şöbəsində, SES-də...ölü canaların sayı hesabı yoxdur.Hamısı da rayon rəhbərliyinin YAP sədrinin göstərişi ilə işə götürülür və havayı maaş alır. Siz deyin , kim-kimdir?
Yaz-payız aylarında, yəni ağacəkmə kompaniyası başlayan zaman icra aparatının əksər işçilərinin üzü gülür.Qardaş ,İrandan nə qədər barsız, bəhrəsiz,dekorativ ağaclar gətirtmək olar?!Bir tümənə alıb yüz manata “oformut” olunan bu ağaclar Saatlıya əkilsəydi, yəqin ki, tikintilər də daxil olmaqla hər qarışa bir ağac düşərdi! Amma çox vaxt bu “oformot” olunub Saatlının üzünü belə görməyən ağacların yerinə bel ,yaba sapı əkirlər! Kişilərdə bəxtə bax ki, çox vaxt həmin bel sapları da cücərib yaşıllaşır!
“Azərmətbuatyayımı” Saatlı rayon şöbəsinin müdiri Mansur Mehtiyev rayonunun mötəbər səlahiyyət sahiblərindən biridir.YAP sədri, bəzən icra başçısı da böyük, çox qlobal məsələləri, xüsusən kadr məsələlərini onun əli ilə həll edirlər.Soruşan yoxdur, M.Mehtiyev kimdir, harada işləyib, təhsili nədir ki, bütün dövlət statuslu qəzetlərə abunə yazılışı ona tapşırılıb Mansura həmin idarə üçün şəhərin görkəmli yerində binanı tələm-tələsik kim tikdirib və nəyə görə? Mansur belə daha çox zəhmətsiz gəlir gətirən təşkilata hansı təhsillə, hansı diplomla rəhbərlik edir?! Bəlkə Dağıstan Respublikasından aldığı saxta diplomla ?! Bəlkə onun bizlərə məlum olmayan fitri istedadı var?! Bəlkə münəccimliyi və ya ekstrasensliyi bacarır?! Axı rayonun rəhbəri belə şeylər çox inanclıdır.Siz deyin, kim kimdir?!
Sarısu gölü Kürdəmir, Sabirabad və Saatlı rayon rəhbərlərinin, hüquq- mühafizə orqanlarının gözləri qarşısında talan edilir.Başqa rayonları demirəm, hər gün Saatlı rayonununa bu göldən yüzlərlə kiloqram hələ tam böyüməmiş müxtəlif balıqlar kiloqramı 7-8 manatdan, bayram günlərində hətda 14-15 manatdan satışa gətirilir.Belə getsə, çox yox, bir ildən sonra bu göldə damazlıq üçün bir ədəd çömçə- quyruğuda tapılmayacaq! Bir soruşan yoxdur; təbiətin bu rayonların insanlarına bəxş etdiyi bu gölə nə vaxtsa 5-10 ədəd xırda balıq atan olubmu ki, bu gün onu özününküləşdirib sərvətini talan edirlər?! Biz soruşduq... və kələfin ucu düz Prezident Aparatına qədər gedib çıxdı.Çox maraqlıdır ki, əlində iki-üç balığı satmağa gətirən adi vətəndaşlar polislər tərəfindən didərgin salınsalar da, Sarısu gölündən hərbi geyimdə gələn satıcılara və onları bu işə təhrik edənlərə “gözün üsdə qaşın var”- deyən yoxdur.Bunları yazmaq müxalifətçi olmaq deməkdir?
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hesabat və digər yığıncaqlarda fəxrlə əhalisinin sayına görə rayonumuzda yeni Azərbaycan partiyası üzvlərinin sayının daha çox olmasını söyləyir.Vallah bu Siraqəddin müəllim bilmir ki bunların çoxu YAP-çı yox, üzr istəyirəm, gopçudurlar.Xüsusən bu rayonun rəhbər vəzifələrini tutanları. Nəyə desəniz and içərəm ki, bu YAP-çıların əksəriyyətinin evində müxtəlif partiyaların bayraqları ,ciblərində fərqli partbiletlər qəlblərində isə bu bayraqların hansının dalğalanmasından asılı olmayaraq onun altında vəzifədə olmaq hərisliyi var! Bəli ,Saatlının əksər məmurları, Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu Azərbaycan dövlətini kərpic-kərpic sökürlər! Sovet dönəmində hansısa mütəfəkkir SSRİ-ni böyük bir akulaya bənzətmişdi.Yazmışdı ki, bu akula qarşıdan ona hücum edən xırda köpək balıqlarını amansızcasına udur.Amma xəbəri yoxdur ki arxadan kiçik köpək balıqları quyruq hissəsindən onu yeyə-yeyə irəliləyirlər.Bu akula köpək balıqları onun ən vacib orqanlarına çatıb diş batıranda bir dəfə fınxırıb arxaya çevrilir və köpək balıqalrını udur.Yəqin ki, nə demək istədiyimi oxucularımız anladılar.Mən Azərbaycanı bütöv, müstəqil, demokratik ölkə kimi həmişə görmək istəyirəm!
Saatlının məmurlarına (əksəriyyət nəzərdə tutulur- Ə.Q) baxanda hey
fikirləşirəmki niyə çoxda uzaq olmayan əcdadlarımdan biri qolçomaq, sabotajçı, yaltaq olmayıb? Niyə mənim atam dövlət əmlakını talayaraq mənimsəməyib və varidat toplamayıb.Yaxud niyə bizimkilərdən heç kim ötən illərdə və elə bu gündə səhər obaşdan yuxusuna haram qataraq rayon rəhbərinin qarşısını kəsib: “cənab..., arvad sizi yuxuda görüb, salamatçılıqdırmı?” –deyə yalmana-yalmana soruşmayıb?! Bəlkə onda mən ya rəhbər işdə olardım, ya heç olmasa Yap sədri olardım, ən azından idarə-müəsisə müdiri olardım! Büdcədən maliyələşən müəsisənin baş mühasibi adam elə çımxırır ki, elə bil müəsissəsində 100-dən çox adı olan, maaş alan ölü canlara dövlət vəsaitini havayı yerə mən bəxş edirəm.Vallah, əksər məmurlar başları korupsiyaya, rüşvətə, alış-verişə o qədər qarışıb ki, dövlət başçısının son aylar apardığı daxil siyasətdən , qanunlara edilən dəyişiklikliklərdən xəbəri yoxdur.
Sonda məni müxalifətçi adlandıranlara isə demək istəyirəm; bəli, mən müxalifətçiyəm! Bu ölkəni hər an düşmənə təslim etməyə hazır olanlara qarşı, dövlətimizin qanunlarına, atributlarına hörmətsiz yanaşanlara, qan aldıqca coşanlara ,vəzifə, var -dövlət hərislərinə qarşı müxalifətdəyəm və həmişə belə olacağam. Ədalətsizlərə, yaltaqlara, buqələmunlara, hər addımda yaşadığı cəmiyyətə və onun vətəndaşlarına hörmətsizlik edənlərə qarşı müxalifətdəyəm və bu xüsusiyyətlərimlə fəxr edirəm.Siz isə korrupsiya, rüşvətxorluq kimi əməllərlə silahlanıb Ulu Öndərin qurduğu bu pak dövlətin dayaqlarını zəiflətməyə çalışan terorçulara bənzəyirsiniz.
1980-cı illərin ortalarında Heydər Əliyevin “Literaturnaya qazeta” qəzetində “Qoy ədalət zəfər çalsın” (“Pust spravedlivost verx beryot”) sərlövhəli müsahibəsi dərc olunmuşdu.H.Əliyev həmin yazıda bir çox vacib məqamlara toxunmuş ,şərh etmiş və sonda ədalətin zəfər çalacağına çox əmin olduğunu söyləmişdi.Mən də Ulu Öndərimizin kəlamına da , ədalətin zəfər çalacağına da çox inanıram.
Qoy bu inamda olmayanlar papaqlarını, əgər varsa, qarşılarına qoyub fikirləşsinlər.Qaldı ki, oxuculara ,maraqlı tərəflərə , bu yazını oxuyandan sonra alnına soyuq tər gələnlərə çatdırmaq istəyirəm ki, bu mövzularda yazılarım silsilə şəklində davam edəcəkdir.
İmza: Əliağa Əsədulla oğlu Qurbanov
teref.az olaraq yazıda adları gedən bütün şəxslərin fikirlərinə yer verməyə hazırıq!
teref.az