Taleh Qaraşov xiyar-pomidor sevgisi

2-03-2016, 09:46           
Taleh Qaraşov xiyar-pomidor sevgisi
Lənkəranın icra başçısı rayonu idarə etmək əvəzinə, başını ərzaq, kənd təsərrüfatı məhsulları və ət-süd işlərinə qarışdırıb

Lənkəranın icra başçısı Taleh Qaraşovun başı rayonun idarə edilməsindən daha çox, büdcə pullarını silməyə qarışıb. Elə bu səbəbdəndir ki, rayona ayrılmış pulların tərkibində əsas ağırlıq ərzaq məhsullarının alınmasına və xiyar-pomidor işlərinə verilib.

326 min manatlıq ərzaq nə üçün alınıb?

teref.az yazır ki,politika.az-ın verdiyi xəbərə görə, ötən il Lənkəranın İcra Hakimiyyəti 326570 manatlıq ərzaq məhsulları alıb. Bu prosesi Taleh Qaraşov 3 dəfəyə həyata keçirib. Birinci dəfə 68460 manat, ikinci dəfə 168630 manat, üçüncü dəfə isə 89480 manatlıq bir alış-veriş olub.

Lakin bu günə qədər müəmmalı qalan məsələ odur ki, icra başçısı bu ərzaqı nə üçün və kimlərə alıb. Ona görə ki, uşaq bağçalarına normal şəkildə ərzaq verildiyini kimsə görməyib. Kasıb ailələrə gəldikdə isə onlara bayramdan bayrama ərzaq paylanılır ki, bu məhsulların da pulunu yerli idarə və müəssisə rəhbərləri verirlər.

İcra başçısının xiyar-pomidor biznesi

Maraqlı məqamlardan biri də odur ki, Taleh Qaraşov həmçinin başını xiyar-pomidor işlərinə qarışdırıb. Bunun əyani sübutu kimi, ötən il İcra Hakimiyyətinin kənd təsərrüfatı məhsulları almaq üçün 114950 manat xərcləməsidir. İcra başçısının xiyar-pomidor sevgisinin haradan yarandığını bilən yoxdur. Amma görünən odur ki, Lənkəranın rəhbəri bu işlərdən halidir və heç də az pul qazanan birinə oxşamır.

Onu da bildirək ki, Taleh Qaraşov ət və süd məhsulları da satın almaqda ad çıxarıb. Onun bu məqsədlə ötən il 115500 manat xərclədiyi sənədlərdə qeyd olunub.

Yol biznesi

Düzdür, Taleh Qaraşov nəticə etibarı ilə təkcə xiyar-pomidordan pul qazanmır. Onun başqa qazanacaq yerləri də var. Məsələn, yol tikintisi onun üçün göydəndüşmə bizneslərdən sayılır. Çünki aşağı keyfiyyətli asfaltın vurulması, yolun enindən və uzunundan bir neçə santimetr kəsmək də az qazanc sayılmır.

Bildikrək ki, ötən il Lənkəranda bir neçə bahalı yol çəkilişləri həyata keçirilib. Onlardan biri Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi olub. Büdcədən bu yol üçün 3126000 manat vəsait ayrılıb ki, prosesin nə zaman başa çatacağı məlum deyil.

Bir digər yol biznesi isə «Yol təmiri işlərinin satın alınması» adı altında həyata keçirilib. Bu məqsədlə büdcədən 633700 manat pul ayrılıb. İşlər isə «Gilan» MMC-yə həvalə olunub.

Lənkəran şəhərinin daxili yolları məsələsində də Qaraşovun yaxşı qazancı olub. Çünki 2 971 958,18 manat vəsait ayrılmış bu işlərin bir çoxu yarımçıq və ya aşağı səviyyədə həyata keçirilib. Ötən il vurulan asfalt örtüyü artıq bu il yenidən təmir olunmaq məcburiyyəti ilə üzləşib. Yəni, bir yağışlıq canı olan işlərə 3 milyon manata yaxın pul sərf olunub.

Abadlıq biznesi

Lənkəranın icra başçısının şəhərdə abadlıq işlərini həyata keçirməsi sirr deyil. Etiraf edək ki, son illər şəhərdə bir sıra əsaslı dəyişikliklər baş verib. Lakin büdcədən ayrılmış pullar hesabına daha artıq işlər görmək mümkün olduğu halda, əsas gün pulun qulağından kəsməyə verilib.

Qeyd edək ki, ötən il abadlıq işlərinə iki dəfə pul ayrılıb. Birinci dəfə 370042 manat, ikinci dəfə isə 999 000 manat olub. Bu ayrılmaların təyinatı üzrə xərcləndiyi sual altında olsa da, Taleh Qaraşovun işin içindən qazanclı çıxdığı artıq dəqiqdir.

Təmir biznesi

İcra başçısının bir işi də təmirlə bağlıdır. Rayonda müxtəlif adlar altında həyata keçirilən təmir işlərinə cari, əsaslı və sair ad qoyaraq, pul silinməsini həyata keçiriblər. Məsələn, tikinti materiallarının satın alınması üçün 70 min manat vəsait ayrıldığı halda, mənzil fondunun təmir edilməsi üçün 184 116,01 manat sərf edildiyi sənədləşdirilib. Buraya ağac və kolların satın alınmasına ayrılmış 20800 manatı da əlavə etsək, toplam 275 min manatlıq bir korrupsiyanın şahidi olmaq mümkündür.

İcra başçısının xırda işləri

Taleh Qaraşovun xırda işləri də var. O da digər icra başçıları kimi pulu azaldıqda cibxərcliklərini ayrı-ayrı maddələr üzrə ayrılmış pullara baş vurmaqla çıxarır. Məsələn, Lənkəran İcra Hakimiyyətinin idarə xərclərini qarşılamaq üçün 6179 manat ayrılması kimi. Və ya dəftərxana xərclərinə 12180 manatın ayrılması kimi işlər də bu qəbildəndir.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.