İcra başçısı Zeynal Nağdəliyevin sözlərini vecinə də almadı

4-03-2016, 09:01           
İcra başçısı Zeynal Nağdəliyevin sözlərini vecinə də almadı
Raqub Məmmədov ondan tənqid yazdığı üçün JAM.AZ-ın rəhbəliyinin başına oyun açacağı ilə hədələyir

Başçı və qudası Ağdam rayonunun Çəmənli kənd orta məktəbində «oyun» çıxarırlar

Ötən günlərdə xəbər vermişdik ki, Ağdam rayonunun Çəmənli kənd orta məktəbində direktor vəzifəsi uğrunda mərəkə qopub. Mərəkəyə səbəb direktor Eyvaz Məmmədovun yaşının 65-i keçməsidir ki, o, öz yerinə həyat yoldaşını təyin etdirməyə çalışır.

JAM.AZ-a bununla bağlı verilən məlumatlarda vurğulanırdı ki, Təhsil Nazirliyi Məmmədovun yaş senzinə görə direktor kimi fəaliyyət göstərməsini mümkünsüz hesab edib. Lakin Eyvaz müəllim bütün imkanlarını işə salaraq, bu tələbi pozmağa çalışır ki, ona da dəstək verənlər az deyil.

Düzdür, Eyvaz Məmmədov direktor olduğu dönəmdə Çəmənli orta məktəbində 30 min manatlıq yeyinti aşkarlanıb və Maliyyə Nazirliyi bununla bağlı direktora cərimə belə yazıb. Hazırda Məmmədov həmin pulu hissə-hissə «Kapital Bank»a ödəməkdədir.

Amma Eyvaz Məmmədovun arzularını reallaşdıracaq «himayədar»lar da var. Məsələn, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəisi Kənan Quliyev bütün hallarda keçmiş direktora yardımçı olmağa çalışır. MTN işində adı keçən «Ağdamlı Dəmir»in sayəsində Təhsil Nazirliyində vəzifəyə sahib olan Quliyev hazırda nəinki Çəmənli orta məktəbi, özünə simsar bildiyi digərləriylə də maraqlanır.

Amma Eyvaz Məmmədovun bir himayəçisi də elə Ağdamın icra başçısı Raqub Məmmədovun qudasıdır. Hüseyn adlı şəxsin rayonda bu tip işlərdə «makler» kimi çıxış etdiyi iddia olunur.

JAM.AZ-a verilən son məlumatlarda vurğulanır ki, Çəmənli kənd orta məktəbində bir başqa mərəkə də qopub. Həmin məlumatlara görə, rayonun başbilənləri bir araya gəlib, məktəbin ibtidai sinif müəllimi Xavər müəlliməni «Əməkdar müəllim» edəcəklərini söz veriblər. Hətta dünən bununla əlaqədar tamaşa da qurublar. Belə ki, Xavər müəllim üçün açıq dərs keçirilib və çəkiliş də aparılıb.

Məlumatlarda iddia olunur ki, müəllimədən bu ada görə 5000 manat alınıb. Bundan əlavə, «Əməkdar müəllim» adı alacağı təqdirdə ona dövlət tərəfindən veriləcək mükafata da şərik olduqlarını bildiriblər.

JAM.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, Eyvaz Məmmədov isə 65 yaşını fevralın 12-də tamamlasa da, hələ də vəzifəsində qalır. Maraqlıdır ki, Təhsil Nazirliyinin əmrinə əsasən yaşı 65-i keçmiş şəxslər bir gün belə direktor kimi vəzifə başında qala bilməz. Amma Ağdamın Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova deyil, məhz icra başçısı Raqub Məmmədovun israrlı tələbiylə direktor vəzifəsində saxlanılır. Özü də bunu daxili əmr hesabına həyata keçirirlər.

Məlumatda vurğulanır ki, Raqub Məmmədov Eyvaz Məmmədova söz verib ki, onu vəzifəsində saxlayacaq. Düzdür, bu xəbəri ona birbaşa özü yox, qudası, bir müddət əvvəl yaş senzi ilə əlaqədar olaraq işdən çıxarılan Hüseyn Bayramov vasitəsiylə göndərib. Deyilənlərə görə, Eyvaz Məmmədov bir neçə yerdə ağzından qaçırıb ki, vəzifəsində qalması üçün ondan 10 min manat pul alıblar.

Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

P.S. Bu əsnada qeyd edək ki, Ağdamın icra başçısı Raqub Məmmədov JAM.AZ-ın rəhbərliyini təhdid etməyə başlayıb. Buna səbəb isə saytımızda dünən gedən «Eldar Mahmudovun daha bir kadrı görəvindən alınır» başlıqlı yazı olub. Ağdam Rayon İcra Hakimiyyətinin işçiləri, habelə rayonda Məmmədov tərəfindən öyrədilmiş "zəhmətkeş"lər redaksiyanın telefonuna zəng edərək, JAM.AZ-ın rəhbərini prokurorluğa verib, cəzalandıracaqlarını, başına mir bir oyun açacaqlarını, habelə məhkəməyə verib süründürəcəklərini bəyan ediblər.

Qəribədir ki, elə dünən axşam saatlarında Prezident Admnistrasiyasının rəsmisi Zeynal Nağdəliyev mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, ötən gün vəzifəsindən azad edilən iki icra başçısı amiranəlik, təkəbbürlük, qərəzçilik və tənqidə qarşı dözümsüzlük nümayiş etdirdiklərinə görə cəzalandırılıblar.

JAM.AZ saytı da digərləri kimi,elə Zeynal Nağdəliyevin ifadə etdiyi şəkildə Raqub Məmmədovu tənqid edib, Ağdam rayonunda mövcud olan neqativ hallardan yazıb. Buna ultimativ dildə ifadə etmək, hədələmək, təhdid yoluyla cavab verməkdənsə, cənab icra başçısı yaxşı olardı ki, normal qaydada, redaksiyamıza yazılı şəkildə müraciət etməklə münasibət bildirə bilərdi. Görünür, Raqub Məmmədov üçün Prezident Admnistrasiyasının, o cümlədən Zeynal Nağdəliyevin dedikləri boş şeydir. Həmçinin o, ləğv olunmuş MTN-in sabiq generalı, hazırda həbsdə olan Akif Çovdarov formasında bir yanaşma sərgiləyir. Görünür, Çovdarovla dostluq münasibətlərindən dolayı onda bəzi xasiyyətlər qalıb ki, ondan da mətbuata qarşı istifadə etməyə çalışır.

Raqub Məmmədovun diqqətinə çatdırırıq ki, JAM.AZ saytı olaraq onu təhqir etməmişik, əksinə, tənqid etmişik ki, görə bilmədiyi nöqsanları aradan qaldırsın. Qaldı onun hansısa dövlət qurumuna müraciət etməsinə, məsləhət görərdik ki, bu məsələdə əziyyət çəkməsin. Elə əvvəlki şefi Eldar Mahmudova şikayət etməsi kifayətdir. Onu da tapa bilməsə, Akif Çovdarova da müraciət edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.