Burada tibbdən başı çıxan da yox imiş... - ŞİKAYƏT VAR

4-03-2016, 14:07           
Burada tibbdən başı çıxan da yox imiş... - ŞİKAYƏT VAR
Bundan əvvəl də dərc etdiyimiz bir çox tənqidi materiallarda, biz ölkəmizin səhiyyə sistemində müşahidə olunan bəzi neqativ hallardan bəhs etmişdik. Qeyd etmək lazımdır ki, əslində ümumiləşdirilməsi mümkün olan bu çatışmazlıqlar, hər halda bu gün daha çox məhz özəl səhiyyə müəssisələrinin fəaliyyətlərini müşayiət etməkdədir. Belə ki, bazar iqtisadiyyatının verdiyi imkanlar və sərbəst qiymət müəyyənləşdirmə siyasəti, nəticə etibarı ilə Bakının bir çox özəl klinikalarında qiymətlərin özünü doğrultmayacaq dəsəcədə yüksək həddə qaldırılmasına şərait yaratmış oldu. Məsələ bundadır ki, insanların özlərinin və yaxınlarının sağlamlığını təmin etmək məqsədilə istənilən məsrəfləri gözə almaları, bu sahədə bir çox maxinasiyalara yol açmışdır. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, Bakının Binəqədi rayonu, Ə.Naxçıvani küç.13C ünvanında yerləşən "MedEra” hospitalında da, bu gün məhz şişirdilmiş qiymətlər əsas qazanc mənbəyi kimi çıxış edir. Təəssüflər olsun ki, bir çox hallarda biz özümüz belə səhiyyə müəssisələrində aldadılmağımıza şərait yaradırıq. Zənn edirik ki, tələb olunan yüksək məbləğlər, artıq alacağımız tibbi xidmətlərin, müayinə və müalicə prosedurlarının da yüksək keyfiyyətinə zəmanət verir. Halbuki, reallıqda işlər tamamən fərqli müstəvilərdə baş verir. Əksər hallarda bu klinikalarda real keyfiyyətə malik olan, sadəcə burada yerləşdirilən bahalı tibbi avadanlıqlardır. Tibbi xidmətlərin keyfiyyəti isə, burada müəyyən olunmuş qiymətlərə qətiyyən uyğun deyil. Ən acınacaqlısı da budur ki, göstərilən tibbi xidmətlərin aşağı keyfiyyəti bəzi hallarda, bura müraciət edən insanlaraın sağlamlıq durumlarının daha da pisləşməsinə səbəb olur. Elə dünən redaksiyamıza ərizə ilə müraciət etmiş Bakı şəhər sakini Şəbnəm Nəsirova da bu kimi hallardan biri haqda açıqlamalar təqdim edib. Ərizədə deyilir: "03.08.2015 tarixində bacım, Nəsirova Gülnarə Xanlar qızı, kəskin qarın sancıları ilə MedEra hospitalına aparılmışdır. Orada həkim Samir Hacıbabayevin müayinəsindən sonra, müəyyən olunmuşdur ki, xəstənin yumurtalığında kista var və təcili əməliyyat olunmalıdır. Həkim gecəynən o əməliyyatı etməyib, səhər saat 9-da edəcəyini söyləmiş, lakin səhərisi gün yalnız axşam saat 17-00-da əməliyyata girmişdir. Qeyd edim ki, həkim əməliyyatı gecikdirdiyinə görə, kista partlayıb, qanaxma baş vermişdir. Əməliyyatdan bir neçə gün sonra, bacımın qarnında şişkinliyin əmələ gəldiyini gördük və onu bir daha ultra-səs müayinəsinə apardıq. 24.08.2015-ci il tarixində həkim bacımın yumurtalığında kistanın olduğunu gördü və bizə o kistanı yenidən əməliyyat və yaxud müalicəynən yox etməyi məsləhət gördü. Biz bacımın həkimi olan Samir Hacıbabayeva zəng etdik və bunun səbəbini soruşduq. O, isə cavabında heç də qorxulu bir şey yoxdur, gəlsin yanıma, özüm baxım – dedi. Yenə də onun yanına getdik. Həkim anama dedi ki, heç nədən qorxmayın, özünü soyuğa verməsin, keçib gedəcək. Biz isə, ona qulaq asmayıb bacımı ginekoloq yanına apardıq. O da yalnız bir kurs müalicədən sonra kistanın keçib-keçməyəcəyini deyəcəyini bildirdi. Axırıncı müayinəsindən sonra, həkim bacımın təcili əməliyyat olunmalı olduğunu bildirdi. Bundan sonra mən MedEra hospitalın icraçı direktoru Lalə xanımla telefon əlaqəsi saxladım. O da mənə əvvəlcə həkimlə danışıb bizə kömək edəcəyini söyləsə də, sonradan zənglərimə cavab vermədi. Qeyd edim ki, Lalə xanımdan əvvəl biz həkimin özü ilə də danışdıq. O isə, bizdən yenidən əməliyyat üçün pul tələb etdi ki, gəlin ödənişinizi edin, yenidən əməliyyat edim, mən başqa köməklik edə bilmərəm. Gedin hara istəyirsiniz şikayət edin, dedi. Sizdən xahiş edirəm ki, mənim bacımın ikinci dəfə əməliyyat olunması üçün lazım olan vəsaiti həkimdən almaqda bizə kömək edəsiniz. Qeyd etmək istəyirəm ki, bizə əməliyyat üçün dediyi məbləğ 600 (altı yüz) manat olsa da, bizim klinikaya ümumi ödənişimiz 1350 (min üç yüz əlli) manat olmuşdur”.
Göründüyü kimi, MedEra hospitalında əməliyyat olunmuş xəstə eyni zamanda həm pulundan olmuş, həm də onun sağlamlığı ciddi təhlükə altına atılmışdır. Bu səbəbdən də, Şəbnəm Nəsirova baş verənlərin araşdırılması üçün Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa ərizə ilə müraciət etmişdir.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.