Laçın Təhsil Şöbəsinin müdirinə şok ittihamlar
7-03-2016, 14:18
Malik Vəliyevə büdcə vəsaitlərini taladığı, orta məktəblərdə rüşvət yığdığı və digər ittihamlar irəli sürülüb
Laçın rayon Təhsil Şöbəsi və onun müdiri Malik Vəliyevlə bağlı olduqca maraqlı bir şikayət üzə çıxıb. Rayonun Şeylanlı kənd sakini Baxşeyiş Xudayarovun imzaladığı həmin şikayətdə şöbə müdirinin butun əməllərinin üzəri açılıb.
JAM.AZ xəbər verir ki, Xudayarov Politika.Az saytına göndərdiyi şikayət məktubunda yazır ki, Laçın təhsil şöbəsinin müdiri Malik Vəliyev qohumları Sumqayıtın icra başçısı Zakir Fərəcovun və Salyanın yeni icra başçısı Sevindik Hətəmovun imkanlarından istifadə etməklə, rəhbəri olduğu qurumu bazara çevirib. «Təhsil Şöbəsinin müdrü Malik Vəliyev Laçın rayon Maliyyə şöbəsi ilə əlbir olub məktəblərdə olan texniki ştatları və pisxoloq ştatlarını məktəb direktorları vasitəsilə satırlar. Hətta Laçın rayon ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin texniki işçilərinin əksəriyyəti başqa ərazilərdə yaşayır və əmək haqqı kartı M.Vəliyevin cibindədir.
Məsələn, Bakı şəhərində yerləşən Laçın rayon 9 saylı tam orta məktəbinin təssərrüfat işləri üzrə müdri İsmayıllı rayonunda, xadiməçisi isə Şəki rayonunda yaşayır, əmək haqqı kartları isə M.Vəliyevin cibindədir».
Şeylanlı kəndinin sakini qeyd edir ki, Vəliyev fiziki qüsurlu uşaqlar üçün ayrılmış dərs saatlarını əlbir olduğu məktəb direktorları vasitəsilə direktorlara qohum olan müəllimlərin adına yazmaqla pulunu mənimsəyirlər. «Qanunda nəzərdə tutulmuş qaydada əlil uşaqlara dərs keçirilmir. Həmin əlil uşaqları özləri üçün gəlir mənbəyinə çeviriblər. Bu uşaqlar arasında sorğu keçirilsə, uşaqlar onlara dərs keçəsi müəllimləri tanımadıqları aşkar olar. Hətta bir çox hallarda sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək,f ərdi dərs saatları yazaraq dövlət büdcəsini talan edirlər».
Şikayətçi daha sonra yazır: «Malik Vəliyev latın əlifbasını bilməyən məhdud hərbi xidmətə yararlı olan, hərbi xidmət keçmiş şəxslərdən küllü miqdarda rüşət alaraq daxili əmrlə hərbi hazırlıq müəllimi təyin edir. M.Vəliyev vərəm, şəkərli diabet və hepatit C xəstəlikləri ilə pensiya alan müəllimlərə 36-48 saat dərs tədris etdirir, əvəzində aylıq hesab alır. M.Vəliyev Təhsil Şöbəsindəki vakansiyaları Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komsiyadan gizlədərək Müsabiqəyə vermir. Yüksək məbləğdə rüşvət alaraq satır. O, Laçın rayon idarə və müəssə rəhbərlərindən yüksək məbləğdə rüşvət alaraq övladlarını Təhsil Şöbəsində vəzifəyə təyin edib.
M.Vəliyevin verdiyi Əmirlər (müəllimlərin yerdəyişməsi və müəllimlərin işə qəbul musabiqəsindən keçməyən namizədlərin işə qəbulu) araşdırılsa,daha dəhşətli faktlar üzə çıxar».
Baxşeyiş Xudayarov Politika.Az-a göndərdiyi şikayət məktubunda qeyd edir ki, şöbə müdirinin əsas gəlir mənbələrindən biri də kağız üzərində mövcud olan məktəblərdir. «Məsələn, Gəncə şəhərində və İsmayıllı rayonunda “saxladığı” doqquzillik məktəblər məhz bu qəbildən olan müəssisələrdir. M. Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayonun 100-dən çox məktəbində monopoliya yaradıb. O, Laçın RTŞ-yə müdir təyin edildikdən sonra məktəbin müəlliməsinə qarşı əxlaqsız hərəkətlər törətdiyinə görə rayonun 45 saylı tam orta məktəbin direktorluğundan azad edilmiş bibisioğlu İbadov Fizulini yenidən rayonun 13 saylı tam orta məktəbinə direktor təyin edib. İstər ciddi qanun pozuntularına yol vermiş, istərsə də, digər səbəblərdən məktəb direktorları tutduqları vəzifədən azad olunmaq məcburiyyəti yarandıqda, M.Vəliyev aldığı rüşvət qarşısında aciz qalaraq həmin məktəb direktorunun yerinə, ya həyat yoldaşını, ya da həmin ailənin digər bir üzvünü direktor təyin edir. Məsələn, Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Qozlu tam orta məktəbinin direktoru Səfərov Rəhman məktəbdə yol verdiyi ciddi qanun pozuntularına görə Təhsil naziri Mikayıl Sabbarov tərəfindən işdən çıxarılmasına baxmayaraq, M.Vəliyev yüksək məbləğdə rüşvət alaraq direktor vəzifəsinə gəlinini təyin etmişdir. Rayon məktəblərinin əksəriyyətində məktəb direktoru və direktor müavini ər arvad işləyir ki, bu hallarda ciddi qanun pozuntusudur».
O daha sonra bildirir: «Rayonun 13 saylı məktəbinin direktoru (Laçın RTŞ-nin müdri M.Vəliyevin bibisioğlu) Fizuli İbadov 2013-2014-cü tədris ilində Rusiyaya getmiş Təhminə Məmmədovanı işdən azad etməyib, onun adına dərs saatı yazdıraraq, əmək haqqısını M.Vəliyev ilə birlikdə mənimsəyiblər. Təhminə Məmmədova Rusiyaya gedərək orada bir müddət yaşayıb. Yalnız 18 aydan sonra geri dönüb. Ərazidə yaşamayan müəllimlərin adına əməkhaqqı yazıb mənimsəmə hallarına rayonun bir çox məktəblərində rast gəlmək olar. Məsələn, M.Vəliyev Goranboy rayonunda yaşayan müəllimin adına Yasamal rayonu Rabitə Kollecinin yataqxanasında yerləşən 35 saylı tam orta məktəbdə dərs saatları yazdıraraq pulunu mənimsəyir».
O iddia edir ki, Ağcabədi rayon Taxtakörpü ərazisində Laçın obalarında yerləşən 30-dan çox məktəblərin cari və əsaslı təmirinə ayrılmış pulu, məktəblərin istilik sisteminə ayrılmış yanacaq pulu və satınalmalar üçün ayrılmış 100 000 manatlarla vəsaiti M.Vəliyev Laçın rayon Maliyyə şöbəsi ilə əlbir olaraq saxta sənədlər düzəltməklə mənimsəyiblər. «Təhsil Nazirliyi tərəfindən rayon Təhsil Şöbəsinə verilən dərs vəsaitləri və məktəbli ləvazimatları M. Vəliyevin rəhbərliyi altında satılır. Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar. M.Vəliyev dərs saatlarını alver predmentine çevrib. Belə ki, direktorlara qohum olan müəllimlər rüşvət verərək, iki məktəbdə formal olaraq adına 36-48 dərs saatı yazdıraraq dövlət büdcəsini talan edirlər. MVəliyev hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri vermir və müsabiqədə uğur qazanmayan namizədlərə qeyri-qanuni olaraq satır».
B.Xudayarov qeyd edir ki, Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. «Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim və psixoloq işlədir. M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edir. M. Vəliyev hər il qeyri-qanuni məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini süni surətdə artıraraq satır. Ağcabədi rayon Taxta körpü ərazisində kənd icra nümayəndəsi işləyən dövlət qulluqçularının adına Bakı şəhəri ərazisində yerləşən Laçın RTŞ-nə məxsus məktəblərində 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər. Məsələn, Laçın rayon 35 saylı tam orta məktəbi buna əyani faktdır».
Şikayətdə vurğulanır ki, M.Vəliyevin əsas gəlir mənbələrindən biri də fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın yazılıb mənimsənilməsidir. «O hər dərs ilində rayon məktəblərinin hesabatlarını qəbul edərkən sinif komplektlərinin sayından asılı olaraq (siniflərin sayı artdıqca rüşvətin məbləği də artır) bütün məktəb direktorlarından rüşvət yığır. Korrupsiyanın tüğyan elədiyi Təhsil Şöbəsində elə məktəblər var ki, qapısı aylarla açılmır. Bir çox məktəblərin müəllim və şagirdləri bir birini tanımırlar. M.Vəliyev riyaziyyat, kimya, fizika və coğrafiya fənnləri bir çox məktəblərdə formal olaraq, fiziki tərbiyyə və ibtidai sinif müəllimlərinə “tədris” etdirilir və əvəzində məktəblərdən aylıq rüşvət yığılır».
Laçın sakini qeyd edir ki, Vəliyev Təhsil Şöbəsində işləyən metodis və məsləhətçilərin adına ayrı- ayrı məktəblərdə 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər. «O müəllim və pedeqoji işçılərinin əməkhaqqısından tutulmuş pullar hesabına Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Həmkarlar Təşkilatının büdcəsinə yığılmış pulları əlbir olduğu müəllimlərin adına yazdıraraq mənimsəyir.
M.Vəliyev Laçın RTŞ-nin müdiri işlədiyi dövrdə müəllimlərin əmək haqqı tariflərini aldığı rüşvətə görə müəyyən etdirir. Hətta dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan 20-30% -də M.Vəliyevin müəyyən etdiyi miqdarda rüşvət verməklə bir çox müəllimlər yaşından və Laçın Rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi şamil edilir.
Şeylanlı sakini bildirir ki, M.Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi korrupsiya faktları və məmur özbaşınalıqları haqqında prezidentə və aidiyyatı dövlət orqanlarına edilən müracətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon İcra Hakimyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilsə də, şöbə müdri Eldəniz Qasımov tərəfindən üst bastır edilir. E.Qasımov Laçın rayon Xeyriyyə Fondundan küllü miqdarda dövlət vəsaitini yaxın qohumlarının adına yazaraq mənimsədiyinə görə, Laçın RİH-inin sabiq icra başçısı tərəfindən işdən çıxarılsa da, yenidən həmin vəzifəni tutmağı bacarmışdı».
Şikayətçi sonda dövlət başçısına müraciət edərək, ondan yardımçı istəyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.