"LAZA" restoran, yoxsa fahişəxana?
7-03-2016, 15:24
Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən bu "priton" Qəbələnin Laza kəndinin adına təhqirdir.
Müasir dövrün ortaya qoyduğu ən ağrılı problemlərdən biri qadın alveri və fahişəlikdir. Maddi durumun çətinliklərini bəhanə gətirən bəzi qadınlara asan yola qazanc əldə etmək şansı yaradan bir çox leqal iaşə obyektləri isə əslində insan alveri meydanına çevrilib. Tutduğu əməlin ictimai təhlükəli mənəvi cinayət olduğunun fərqinə varmadan fahişəliyini gizli, açıq sürdürən qadınlar bir yana, buna zəmin yaradan kişi sahibkarlar əldə etdikləri gəlirin ətrindən olsun ki, bihuş görünürlər. Onların bu əməlinə şərait yaradan yerli rəsmi strukturların isə guya heç nədən xəbəri yoxdur. Çörəklərinə haram qatanların özləri də bilmədən cinayət törətmiş olurlar. Belə qeyrət dağarcıqları şəhərdən nisbətən kənar guşələrdə restoran açıb fahişəxanaya çevirirlər. Azərbaycan Cinayət Məcəlləsində bu hərəkət "Əxlaqsızlıq yuvaları saxlama” kimi xarakterizə olunur və müxtəlif müddətlərə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu tip "fahişəxanalar” Bakıətrafı qəsəbələrdə yetərincədir. Onları saxlayan və ya himayədarlıq edən vəzifəli şəxslər isə kifayət qədər böyük nüfuz sahibidirlər. Hansısa qara fəhlənin "duxu" deyil ki, gizli şəkildə fahişəxana açsın. Xırdalan-Masazır yolunun sol tərəfində, yoldan təxminən 100-200 metr məsafədə yerləşən "Laza” restoranının reallıqda fahişəxana statusundan məgər Abşeron rayon polis şöbəsinin xəbəri yoxdur? Yoxdursa, biz ünvanı göstərdik, zəhmət çəkib tədbirlərini görsünlər. Necə olur, biz jurmalist olaraq bu barədə məlumat əldə edə bilirik, ancaq polis qardaşlarımız gecə-gündüz müştəri qəbul edib "yola salan” bu obyektdən bixəbər görünür, qəribə deyilmi? "Laza”nın "xidməti" nömrələri iki nəfərlik çarpayı və vanna otağından ibarətdir. Dünyanın heç bir yerində müvafiq status almadan kiçik otaqlara həm də çarpayı qoymurlar. Bildiyimizə görə adəm övladı yeməyi oturaq vəziyyətdə həzmi-rabedən keçirir. Uzanıqlı vəziyyətdə, "adəm"in sevgili "həvva"sı ilə birlikdə nahar praktikası barədə geniş bilgilərə hələ ki, malik deyilik. Apardığımız müşahidələrdən məlum oldu ki, restoran xidmətçiləri rahatxana otaqlarının birini cütlüklərə saatı 10-15, xüsusi müştərilərə isə hətta 20 manata "icarə"yə verir. Əlbəttə, cütlük deyəndə heç də şou-biznes duetlərini nəzərdə tutmuruq. Restoranın üzü-üzlər görmüş qırmızıyanaq inzibatçısı da deyəsən, millətə xidmətindən razı görünür. Ola bilsin arxa-dayaqları güclüdür. Baxmayaraq ki, buranın motel kimi fəaliyyət göstərməsi üçünmüvafiq sənədlər olmalıdır. Bizcə, bu restoranı fahişəxanaya çevirənlərin gec-tez başı ağrıyacaq. Hər halda Qəbələnin tanınmış kəndlərindən olan Laza camaatı bu adda pritonun fəaliyyətindən bixəbərdir, yoxsa onun sahibini bəlkə də daş-qalaq edərdi... Yeri gəlmişkən, pritonun sahibinin də dindar adam olduğunu deyirlər. Hətta, bəzi həmsöhbətlərimiz onun əstəğfürullah dini titullardan birinə də malik olduğunu dilə gətiriblər. Məlumat doğrudursa, güman var ki, o dünyada əcinnələr günah sahibinin "sümüklərini xıncım-xıncım əzərək ətindən sabun bişirəcəklər". Nə isə, bu barədə daha geniş araşdırma aparmağa dəyər...Bakinevs/
Mövzuya qayıdacağıq.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!