Bu xəstəxanada xəstənin boynunu qırıb öldürdülər
11-03-2016, 21:33
Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti məlumatlardan birində Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb xəstəxanasında fevral ayının axırlarında baş vermiş ölüm hadisəsindən bəhs olunur. Daha dəqiq desək, məlumatı təqdim edən mənbənin iddiasına görə, bu tibb müəssisəsinin xəstələrindən birinin ölümü ilə nəticələnmiş bu olay, sadəcə bədbəxt hadisə kimi təsnifatlandırıla bilməz. Aldığımız açıqlamada bildirilir ki, dünyasını dəyişmiş xəstə müəssisənin personalı tərəfindən boynu qırılaraq öldürülmüşdür.
TEREF.İNFO bizim döovrə istinadən yazır ki, qəzetimizin ötən saylarında da biz 1 saylı ruhi-əsəb xəstəxanasının fəaliyyətində müşahidə olunan bir çox neqativ hallar barədə yazılar dərc etmişik. İlk növbədə, bu xüsusda aldığımız məlumatlarda göstərilirdi ki, xəstəxananın baş həkimi Ağahəsən Rəsulov hərbi xidmətdən yayınmaq niyyətində olan bəzi gənclərin qısa bir müddət xəstəxanada qalmaları üçün lazımi şəraiti təmin edir. Bundan sonra isə, həmin şəxslər ruhi xəstə olmaları haqda müvafiq arayış alaraq hərbi xidmətdən azad edilirlər. Biz dərc etdiyimiz ötən materiallarda da xüsusi olaraq vurğulamışdıq ki, bu gün doğma torpaqlarımızın 20 faizindən çoxu hələ də düşmən tapdağı altında qaldığı bir vəziyyətdə Azərbaycan dövləti bu problemin həlli məqsədilə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, çoxşaxəli iş aparır. Təbii ki, torpaqlarımızın azad olunması üçün ilk növbədə güclü orduya malik olmağımız zəruri şərtdir. Hərbi sənaye kompleksinin yaradılması, ordu quruculuğunda tətbiq olunan islhatlar artıq öz nəticələrini göstərir. Lakin bu problemin həlli ümumxalq işidir. Xüsusən gənc nəslin milli-vətənpərvər ruhda, xalqa və dövlətçiliyimizə sədaqət prinsiplərinə uyğun formalaşması yönümündə ümumilikdə ictimaiyyətin və ayrı-ayrılıqda hər birimizin xüsusi fəallığına böyük ehtiyac vardır. Bunun əvəzində cəmiyyətimiz hələ də orduda xidmətdən yayınma hallarına və belə halların mövcudluğu üçün şərait yaradanlara qarşı mübarizə aparmaq məcburiyyətindədir.
Ağahəsən Rəsulovun fəaliyyəti bir daha təsdiqləyir ki, bu gün Azərbaycan səhiyyəsi korrupsiya və rüşvətxorluqdan, həm də bu yolverilməz halların məhz qəyyumluq və himayədarlıq əsasında yaranan təzahürlərindən daha çox əziyyət şəkən sahələrdən biridir. Əgər belə olmasaydı 1 saylı ruhi-əsəb xəstəxanasının baş həkiminin yol verdiyi aşkar qanun pozuntuları artıq çoxdan ifşa olunar və o, məsuliyyətə cəlb edilərdi.
Həmçinin yrni aldığımız məlumatlarda xəstəxananın baş tibb bacısı Sevinc xanımın adı xüsusi olaraq vurğulanır. Bildirilir ki, baş həkimin “pulyığanı” olmaqla, bu tibb bacısı əslində müəssisənin bütün fəaliyyətini yönləndirir. İddialara görə, xəstəxanada ərzaq məhsulları və dərman preparatları ətrafında aparılan maxinasiyalar da məhz Sevinc xanımın əli ilə həyata keçirilir.
Lakin bu rüsvayçı əməllər də Ağahəsən Rəsulovun fəaliyyətini tam nümayiş etdirmir. Məlumatlarda bildirilir ki, A. Rəsulov əsgəri xidmətdən yayınmaq arzusunda olan gənclərə təklif etdiyi xidmətləri, eynilə cinayət törətmiş bəzi vətəndaşların məsuliyyətdən yaxa qurtarmaları üçün də “müvəffəqiyyətlə” tətbiq edir. Bu isə, artıq baş həkimin hüquq-mühafizə və prokuratura orqanlarına da meydan oxuması anlamına gəlir. Elə xəstəxanada törədilmiş cinayət hadisəsini də, əslində bu cəzasızlıq durumunun yaratdığı bir fəsad kimi dəyərləndirmək olar. Aldığımız xəbərə görə, baş vermiş hadisədən 1 saylı ruhi-əsəb xəstəxanasının yerləşdiyi əraziyə nəzarət edən Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin, eləcə də Sabunçu rayon prokurorluğunun məlumatları vardır. Ümid edirik ki, artıq bu dəfə Ağahəsən Rəsulov “sudan quru çıxmağa” müvəffəq ola bilməyəcək...
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.