KƏRƏM HƏSƏNOVUN ELDAR MAHMUDOV SEVGISI: YESENİN PARKI NECƏ ÖZƏLLƏŞDİRİLDİ?

14-03-2016, 12:16           
KƏRƏM HƏSƏNOVUN ELDAR MAHMUDOV SEVGISI: YESENİN PARKI NECƏ ÖZƏLLƏŞDİRİLDİ?
Komitə sədri sabiq nazirin parkı zəbt etməsini bildiyi halda, onun villasına rəsmi sənəd verib

Ötən ilin oktyabr ayından sonra ölkənin gündəmini dəyişən «MTN işi»ndə adı hallanmayan məmur qalmayıb. Bəzilərinin Eldar Mahmudovla həqiqətən də yaxınlığı olsa da, bəzilərinin adı prosesə «yamaq» kimi vurulub. Lakin önəmli olan hadisə odur ki, MTN olayı mahiyyət etibarı ilə ölkədə məmurların sirrini bütünlüklə də olmasa, böyük qisminin üstünün açılmasına vəsilə oldu.

TEREF.İNFO yazır ki, azerinews.tv verdiyi xəbərə görə, MTN olayları zamanı adı ilk gündəmə gələn məmurlar Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oldular. Proseslərin gedişatı fonunda Əli Abbasov daha ağır duruma düşərək, nazir postundan uzaqlaşdırıldı. Lakin Kərəm Həsənov hələ də mövqelərini qoruyub saxlamaqda davam edir. Bəzi hallarda isə qurduğu «sipərləri» möhkəmləndirməyə nail olub.

Qeyd edək ki, komitə sədrinin adı ilk olaraq Eldar Mahmudovla şəriklilik məsələsində çəkildi. «Azinko» tikinti şirkətini birgə işlətdikləri üzə çıxdığı bir vaxtda, o da məlum oldu ki, Həsənovun qardaşı Şahin Həsənov da MTN-də şöbə rəisi işləyirmiş. Amma bu da son olmadı. Ardından bəlli oldu ki, Eldar Mahmudovla Kərəm Həsənovun şərikliyi təkcə tikinti və biznes sahələrini əhatə etməyib, elə MTN-də birlikdə işlədirmişlər. Məsələn, DYP-də inspektor işləyən qudasını sözügedən nazirlikdə idarə rəisinin müavini təyin etdirməyi bacaran komitə sədrinin Mahmudovla hansı yaxınlığa malik olduğunu deməyə hacət yoxdur.

Hərçənd Kərəm Həsənov Eldar Mahmudovla şərik olması, yaxınlığı barədə məlumatları inkar edir. Birmənalı olaraq bildirir ki, o, sabiq naziri dövlət məmuru olaraq tanıyıb. Və münasibətləri də həmin müstəvidən o yana keçməyib. Təbii ki, heç kim öz ayranına turş deməz və təsdiqləməz ki, dövlətə böyük zərbələr vurmuş biriylə şərik olub. O zaman sual meydana çıxır: Bəs, necə olur ki, quda MTN-də idarə rəisinin müavini, qardaş isə şöbə rəisi kimi fəaliyyət göstərib? Axı, Eldar Mahmudov özünə simsar olmayanları bir addımına belə yaxın buraxmırdı? Olmaya DYP inspektoru işləmiş quda o qədər bacarıqlı «çekist» olub ki, Mahmudov ondan imtina edə bilməyib? Və ya Şahin Həsənov elə güclü beynəlxalq əlaqələrə malik olub ki, nazirlik onun ayağına düşüb yalvarıb? Təbii ki, bunların heç bir belə deyil və ortada işgüzar münasibətlərin varlığı vəziyyəti bu həddə qədər çatdırıb.

Kərəm Həsənov birmənalı olaraq bütün əlaqələrini inkar edə bilər. Hətta daha mübhəm məsələləri dana bilər. Ancaq Azerinews.tv-nin əldə etdiyi bir məlumat böyük ehtimalla komitə sədrini çətin duruma salacaq. Daha doğurusu, indiyə qədər gün işığı görməmiş, amma həqiqət olan bu məlumat ƏMDK sədrinin karyerası üçün də problem yarada bilər. Əldə etdiyimiz məlumata görə, Eldar Mahmudovla sıx əlaqəsi olan, hətta bəzi məsələlərdə ona yardım etmiş Kərəm Həsənov ölkə qanunlarını ayaqlarının altına qoyaraq, şəriki üçün olduqca mühüm bir addım atıb. Həmin mühüm addım isə Mərdəkanda yerləşən «Yesenin Parkı»nın özəlləşdirilməsiylə bağlıdır. Bir qədər ətraflı izah edək.

Azerinews.tv-yə daxil olan məlumata görə, Eldar Mahmudov bir neçə il bundan əvvəl Mərdəkanda özünə nəhəng villa tikmək qərarına gəlib. Həmin tikinti zamanı ərazinin azlığı nazirin xoşuna gəlmir və yaxınlıqda yerləşən Yesenin Parkının bir hissəsini də mülkünə qatır. Qanunla parkların əraziləri özəlləşdirilmiş və zəbt olunması da qadağandır. Amma Mahmudovun həmin vaxt qılıncının dalı və qabağı da kəsdiyindən kimsə qanunun bu tələbini nəzərə almır. Amma işin ən absurd hissəsini elə Kərəm Həsənov görür.

Belə ki, komitə sədri Yesenin Parkının zəbt olunmuş hissəsini Eldar Mahmudovun adına özəlləşdirir və bununla da qanunları ayaq altına qoyur. Qanunun tələblərinə görə, Həsənov həmin ərazini özəlləşdirə bilməzdi. Üstəlik, hələ də maraqlıdır ki, parkın ərazisini komitə sədri hansı sənədlərə əsasən özəlləşdirə bilib.

Hər halda komitə sədrinin bu məsələ ilə bağlı məntiqli bir açıqlaması və ya əsaslandırması olacaq. Əks təqdirdə, dövlətin balansında olan parkı necə özəlləşdirdiyinin hesabını verməlidir. Özü də əsaslandırılmış şəkildə. Bəlkə də, Kərəm Həsənov elə yollar bilir ki, özəlləşdirmə zamanı onlardan istifadə etmək daha faydalı olar. Və ya həmin yeni yollar dərsliyə salınaraq, tədris edilər.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.