Kərəm Həsənovun Yardımlı "qambit"-i-İDDİA
14-03-2016, 10:18
Bu dəfə komitə sədri Yardımlını nəzarəti altına alır, o, qardaşını icra başçısı təyin etdirməyə çalışır
Bir müddət əvvəl dövlət başçısının sərəncamı ilə bir sıra rayonların icra başçıları vəzifələrindən azad edildilər. Onlardan bəziləri prezidentin etimadını itirdiklərindən bir daha vəzifə sahibi ola bilməyəcəklər. Amma bu sırada Yardımlının icra başçısı Sevindik Hətəmova daha bir etimad göstərilərək, onu Salyan rayonuna rəhbər təyin ediblər.
TEREF.İNFO politika.az-a istinadən xəbər verir ki, hazırda Laçın, Cəbrayıl və Yardımlı rayonlarının icra başçıları vəzifələri boş qalıb. Onların yerinə nə zaman təyinat olacağı isə məlum deyil. Amma indidən bu postlar üçün mübarizə daha da qızışmaqdadır.
Aldığımız məlumata görə, Cəbrayılın icra başçısı uğrunda bir neçə nəfər mübarizə aparır və əsas güc hələlik Astan Şahverdiyevin tərəfindədir. Belə bir ehtimal var ki, deputatın yaxın qohumlarından biri rayona rəhbər təyin olunacaq.
Yardımlı rayonunda da durum fərqli deyil. Burada iki əsas fiqur arasında mübarizə gedir. Düzdür, arada bir deputat da var. Lakin onun şansları elə də yüksək hesab edilmir. Həmin deputat Musa Qasımlıdır və o, özünün yaxın adamı olan qadını Yardımlıya icra başçısı təyin etdirməyə çalışır. Lakin Yardımlı digər rayonlardan fərqli olaraq, xüsusi özəlliklərə malikdir. Bu rayonda qadının icra başçısı olaraq fəaliyyət göstərməsi imkansız görünür.
Yardımlı uğrunda mübarizə aparan məmurlardan biri FHN şefi Kəmaləddin Heydərovdur. Heydərovun strateji hədəflərindən biri Lənkəran və Astaradan sonra Cənubda daha bir rayonu ələ keçirməkdir ki, bu sırada Yardımlı əsas götürülür. Məlumatda vurğulanır ki, FHN rəhbəri bu rayona oğlu Taleh Heydərovun tələbə yoldaşlarından birini icra başçısı təyin etdirməyi qarşısına məqsəd qoyub.
Amma Yardımlı uğrunda mübarizə aparan önəmli fiqurlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Politika.Az xəbər verir ki, Cənub bölgəsində Cəlilabad və Masallı kimi rayonların icra başçıları onun adamı kimi tanınır. Və Yardımlıyla Cəlilabadın da eyni rayon olduğu nəzərə alınarsa, o zaman Həsənovun bu məntəqəni də ələ keçirmək üçün cəhd göstərdiyi şübhəsizdir. Gələn məlumatdarda vurğulanır ki, komitə sədri bu rayona özünün yaxın bildiyi şəxsi rəhbər göndərmək barədə düşünür. Bəzi bilgilərə görə, namizədlər sırasında Həsənovun qardaşının da adı çəkilir. Belə ki, onun qardaşı Şahin Həsənov ləğv olunmuş MTN-də şöbə rəisi olub. Hazırda DTX-da sərəncamda olan Həsənovun orada işləməsinə qardaşı razı deyil. Ona görə də, Yardımlıya icra başçısı gətirməklə məsələni birdəfəlik çözmək istəyir.
Yazıda adları keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
TEREF.İNFO