"Grand Hospital" körpənin ölümünə necə bais oldu?- İTTİHAM
14-03-2016, 11:44
"GRAND HOSPİTAL” JURNALİSTİ NECƏ ALDATDI?
Ötən il klinikanın media üçün keçirdiyi aksiyada klinikanın baş həkimi Rafiq Dəmirçalovun "Azinforum”.az-ın əməkdaşına etdiyi jest birmənalı qarşılanmayıb.
Sitat: "Əvvəlcə bizi klinikanın direktoru Elxan Hacıyev öz otağında qəbul etdi. Klinika barədə məlumat verdikdən sonra, KİV təmsilçiləri ilə ölkədəki səhiyyənin vəziyyəti barədə ümumi fikir mübadiləsi aparıldı. Ardınca jurnalist qrupuna istənilən sahə üzrə pulsuz müayinədən keçmək təklif edildi. Bu metod eyni zamanda, klinikanın işi prinsipi ilə yaxından tanış olmaq imkanı da verirdi. Elxan Hacıyev bizə olduqca savadlı və mədəni insan təəssüratı bağışladı”.
Saytın əməkdaşı qeyd edib ki, jurnalistlərə hansısa sahə üzrə müayinədən keçmək istədikləri ilə bağlı suallar ünvanlanıb: "Mən qulağımda olan səslə əlaqədar müayinədən keçmək istədiyimi bildirdim. Dedilər ki, onların baş həkimi Rafiq Dəmirçalov məhz bu ixtisas üzrə həkimdir. Qeydiyyata alındıqdan sonra, məni Rafiq həkimin otağına göndərdilər. Otaqda oturan xanım dedi ki, Rafiq həkim əməliyyatdadır. Mən qeydiyyat şöbəsinə müraciət edərək bildirdim ki, mümkündürsə məni başqa həkimə yazın. Çünki əməliyyatın uzun çəkəcəyini zənn etdim. Bunun mümkün olmadığını dedilər.
Təxminən bir saatdan sonra baş həkim gəldi. Mənim sənədimə baxanda, pulsuz müayinənin yazıldığını gördü, hiss etdim ki, əhvalı dəyişdi. Tələsdiyini dedi. Elə tələm-tələsik də qulağıma baxdı. Dedi ki, sənə audimetriya lazımdır, lakin onun bunu etməyə vaxtı yoxdur. Mən bildirdim ki, iki dəfə başqa klinikalarda audimetriyadan keçmişəm, cavabları da əlimdədir. Həkim mənə öz vizit kartını verib dedi ki, həmin cavabı çəkib vatsapla ona göndərim. Dərhal uyğun müalicəni yazacağını bildirdi.
Təklif etdim ki, işi belə çoxdursa sabah gəlim. Bildirdi ki, 20 gün ölkədə olmayacaq. Hiss etdim ki, məni başından edir. Amma onun dediyini etdim. Audimetriyanın cavabını özünün də dediyi kimi, 050 ilə olan nömrəsinə göndərdim. Düz 10 gündür ki, baş həkimdən cavab gözləyirəm. Necə deyərlər: "uzuz ətin şorbası olmaz” misalı lap yerinə düşdü.
Bəlkə də bu hərəkəti sıravi bir işçi etsəydi heç məsələni ictimailəşdirməyə ehtiyac görməzdim. Ancaq bir klinikanın siması sayılan baş həkimdən dediyim davranışı görmək bir jurnalist kimi məndə olduqca acı iz buraxdı”.
"GRAND HOSPİTAL” KÖRPƏ ÖLÜMÜNƏ BAİS OLUB?
Bu cür sərt ittihamla bu ilin yanvar ayında Arqument.az-a məlumat verən Nurlan Mirəliyev adlı şikayətçinin sözlərinə görə, "sentyabr ayında BİT klinikasında körpənin nəcisdən analizi verilib və nəticə olaraq bağırsaqlarında "steflakoz" adlı mikrob aşkarlanaraq müalicə olunub:
"Oktyabr ayında yenidən bir daha "Grand Hospital"da analiz verdik. Bura gəlməyimizə səbəb isə bu tibb ocağının telekanallardakı reklamda geniş səviyyədə təbliğatı oldu. Bu analizin nəticələrində də yazıldı ki, heç bir mikrob aşkarlanmayıb. Amma nəticələrin müsbət olmasına baxmayaraq, Zöhrənin daima 39-40 dərəcə qızdırması olurdu. Hər dəfə həyəcanlı şəkildə təcili yardım maşını çağırıb onun həyatını xilas edirdik. Bütün bunlardan sonra Zöhrənin səhhəti ilə bağlı bizdə şübhələr oyandı. Yenidən başqa tibb müəssisəsində analiz verməyi qərara aldıq və noyabr ayının 18-də "Ultra Med" klinikasında nəcisin analizini verdik və nəticədə "steflakoz" deyilən mikrob aşkar edildi".
SƏHİYYƏ NAZİRLİYİ PULA BAXIR
Şikayətçi olan Nurlan Mirəliyev hesab edir ki, "Grand Hospital" bu müddətdə balaca Zöhrənin həyatı ilə oynayıb: "Bu labaratoriyanın günahıdır, ya həkimin deyə bilmərəm. Amma ad sözügedən hospitaldır. 10 aylıq körpəni 40 dərəcəli qızdırmayla riskə atmağın cavabını kimsə verməlidir. Səhiyyə Nazirliyi hara baxır?", - deyə Nurlan Mirəliyev sual edir.
Nurlan Mirəliyevin "Səhiyyə Nazirliyi hara baxır?” sualının cavabı ölkəmizdə yaşayan bir çox insanlara gün kimi aydındır - Əlbəttə ki, pula baxır!
Araşdırmalarımız davam edir.
TEREF.İNFO