Abutalıbovun bacısı uşaqları fırıldaqda ittiham olunur... - Türkiyə vətəndaşını aldadıblar

16-03-2016, 20:40           
Abutalıbovun bacısı uşaqları fırıldaqda ittiham olunur... - Türkiyə vətəndaşını aldadıblar
Bu gün Azərbaycanda azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə dövlət başçısı İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlar müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, xüsusilə də kiçik və orta bizneslə məşğul olan vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin daha da sərtləşdirilməsi isə, bu istiqamətdə ən qısa zamanda ciddi nəticələrin əldə olunacağına zəmin yaradıb. Lakin bütün bu proqressiv proseslərin fonunda, insanlarımızın rifah yüksəlişinə əngəl olan bir çox digər amilləri də diqqət mərkəzində saxlamaq lazımdır. Etiraf etmək lazımdır ki, bəzən bu amillər heç də məmur və səlahiyyət sahibləri deyil, əksinə bəzi üzdəniraq sahibkarların özləri tərəfindən də yaradılır. O cümlədən sadə insanların, sıravi fəhlə və ustaların müxtəlif işlərdə çalışdırılaraq, sonradan haqqlarının ödənilməməsi də belə neqativ halların ən bariz təzahürlərindəndir. Təsadüfi deyil ki, mütəmadi olaraq ölkə mətbuatında dərc olunan müxtəlif materiallarda da bu kimi hallardan tez-tez bəhs olunur. O cümlədən, “Bizim Dövr” qəzetinin redaksiyasına daxil olan şikayət ərizələrində də bu və ya digər obyekt sahiblərinin təmir-tikinti işlərində çalışdırdıqları usta və fəhlələrin pullarını kəsməsi barədə açıqlamalara tez-tez rast olunur.

Lakin dünən redaksiyamıza daxil olmuş növbəti məlumatda bu kimi qanun pozuntusuna yol vermiş şəxslərin simasında eyni vaxtda həm icra orqanlarının rəhbəri, həm də fərdi sahibkar vahid “cəbhədən” çıxış etmiş olurlar. Maraqlıdır ki, bu dəfə ziyan çəkmiş şəxs qismində təkcə Azərbaycan vətəndaşları deyil, həm də Türkiyə vətəndaşı çıxış etmişdir. Digər tərəfdən isə, vətəndaşların hüquqlarını pozmaqda ittiham olunan məmur da sıradan biri deyil. Məsələ bundadır ki, şikayətçi onun və rəhbərlik etdiyi briqada üzvlərinin pulunu kəsməkdə birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu və onun yaxın qohumlarını ittiham edir. Belə ki, Bakı şəhəri, Yavər Əliyev küçəsi 12/2-də ünvanında yaşayadığını bildirən türk vətəndaşı Mehmet Nuri Altınqaya tərəfindən təqdim olunan ərizədə deyilir: “Mən bildirirəm ki, 2011-ci ildə Teymur Əliyev 52-də yerləşən, Hacıbala Abutalıbova və onun bacısı uşaqlarına, İlqar və Rəşada aid olan obyektdə binanın fasadını “alkapon”la üzləmək işini görməyə razılaşdım Məni əmin etdilər ki, ödənişlərdə problem olmayacaq. Bundan sonra rəhbərlik etdiyim fərdi briqadamla işə başlayıb, özlərinin sifarişiylə də mal-materialları Türkiyədən gətirdim. Bir müddət sonra işləri tamamlayıb təhvil verdim. Ancaq bu günə qədər 16 400 (on altı min dörd yüz) ABŞ dolları məbləğində alacağımız qalıb. Artıq beş ildir ki, hər dəfə müraciət etdiyimdə müəyyən bəhanələrlə məni yola verirlər, bir çox hallarda isə ümumiyyətlə telefonuma cəvab vermirlər. Buna görə də, qərara gəldim ki, bu məsələni ictimailəşdirmək üçün mətbuata müraciət edim. Düşünürəm ki, bəlkə bu yolla problemi səlahiyyətli orqanların diqqətinə çatdıra bilərəm...”

Əslində, Hacıbala Abutalıbovu qınaya biləcək və ya onu işçilərin pulunu verməyə məcbur etmək səlahiyyətlərinə sahib olacaq hansısa bir orqanın adını çəkmək şəxsən bizim üçün elə də asan deyil. Amma istənilən halda şikayəti dərc etmək bizim borcumuzdur ki, biz də bunu etdik. İndi necə deyərlər, gediş cənab merindir...

Qarşı tərəfin də mövqeyini öyrənmək istərdik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.