“LAZA” OTELİ EYNİ ADLI XALÇA İLƏ PƏRDƏLƏNİR...
16-03-2016, 23:14
Hər iki müəssisənin rəhbəri olan Dağlar Səfərov qədim el sənətimizin adına ləkə gətirir
Dünən “Masazırda “Laza” rüsvayçılığı” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yazıda Abşeron rayonu, Masazır kəndinin ərazisində yerləşən “Laza” otelinin priton kimi fəaliyyət göstərməsindən bəhs olunmuşdu. Yerli sakinlərdən alınan məlumatlarında da əsas narazılıq ifadə olunan məqam bu idi ki, otel adlandırılan, əslində isə fahişəxana kimi fəaliyyət göstərən bu obyekt bilavasitə yaşayış evlərinin əhatəsində yerləşir. Etiraf edək ki, otelin adı artıq bu obyektin məhz kimə məxsus olduğuna dair bizdə müəyyən fikir formalaşdırmışdı. Belə ki, məhz ad eyniliyi dərhal məşhur “Laza” xalça sexi badərə düşünməyə bir əsas verir. Əlbəttə, qədim el sənətimizi, demək olar ki, hər birimiz üçün müqəddəs sayıla biləcək mədəni irsimizin çox dəyərli bir qolunu təmsil edən, hətta bu sənət növünü bütün düyaya təqdim edənlər sırasında lider mövqeylərə iddialı olan bir müəssisənin adının tamamilə əks qütbdə yer almış, çirkin əməllər məkanına çevrilmiş obyektlə bir müstəvidə çəkilməsi bizim üçün son dərəcə arzuolunmaz bir haldır. Lakin belə məlum olur ki, bu müəssisənin rəhbəri maddi və mənəvi dəyərləndirmə məsələlərində bizdən daha çox liberalizmə meyillidir. Dünən bizə məlum olub ki, “Laza” otelinin də, “Laza” xalça sexinin də sahibi eyni bir şəxs, Dağlar Səfərovdur. Elə obyektlərini anadan olduğu Qəbələ rayonunun Laza kəndinin adı ilə adlandırmaq da onun öz ideyasıdır. Heç şübhəsiz xalçaçılıq müəssisəsinin qədim kəndlərimizdən birinin adı ilə adlandırılmasında kifayət qədər təbiilik və qanunauyğunluq var. Lakin bunu priton kimi tanınan bir otel barədə qətiyyən demək olmaz. Təbii ki, bu bizim problemimiz deyil, amma heç inanmağımız gəlmir ki, Dağlar Səfərovun həmkəndliləri belə bir təqdimata görə ona minnətdar olsunlar. Ötən materialda biz artıq qeyd etmişdik ki, belə bir pritonun Masazır kəndinin içərisində, həm də bilavasitə yaşayış evlərinin əhatəsində yerləşməsi bu kəndin sakinlərini də son dərəcə narahat edir. Lakin təəssüflər olsun ki, dəfələrlə müxtəlif instansiyalara olunan şikayətlərdən hələ də heç bir nəticə çıxmır. Bu əxlaqsızlıq yuvası fəaliyyətini durmadan genişləndirdikcə, ətraf evlərdə yaşayan sakinlərin də narahatlıq hissləri artır. Lakin “Laza” otelinin müdiri olan (başqa bir açıqlamaya görə isə, bu obyekti icarə əsasında işlədən) Süleyman adlı şəxs qonşularının ittihamlarını tam etnasızlıqla qarşılayır. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, həm ictimaiyyətin və həm də müvafiq dövlət qurumlarının bütün səylərinə baxmayaraq, cəmiyyətimiz hələ də gizli pritonların fəaliyyəti ilə bağlı problemin effektiv həlli yollarını tapmaqda çətinlik çəkir. Əslində müxtəlif iaşə obyektləri, sağlamlıq və istirahət kompleksləri, əyləncə mərkəzləri adı altında pərdələnən bu obyektlərin fəaliyyəti hamının və hər kəsin gözü qarşısında baş verir. Hətta hüquq-mühafizə orqanlarının xüsusilə əxlaqsızlıq yuvalarının aşkar edilməsi, fəaliyyətlərinin dayandırılması və bu işi təşkil edənlərin cəzalandırılması istiqamətində həyata keçirdikləri qəti tədbirlər belə bu qorxunc ictimai bəlanın qarşısını tam ala bilmir. Ölkənin müxtəlif yerlərində təşkil olunan əxlaqsızlıq yuvaları öz çirkin işlərini min bir üsulla pərdələməyə (baxdığımız halda isə, hətta “xalçalamağa”) hələ də nail ola bilirlər. Elə dünən Dağlar Səfərovun əməkdaşımızla baş tutmuş telefon söhbəti zamanı dedikləri də, bu şəxsin özünün cəzasızlığına tam əmin olduğunu bir daha büruzə verdi. Dağlar Səfərov heç irəli sürülən ittihamları təkzib etməyə cəhd belə göstərmədən, birbaşa əməkdaşımızı təhdid etməyə, bundan bir nəticə çıxmadıqda isə, yazılanlara etinasızlıq nümayiş etdirməyə üstünlük verdi. Təbii ki, bu da onun öz haqqıdır. Amma Dağlar Səfərov unutmasın ki, ölkə qanunlarını pozan, gənc nəslin mənəviyyatını özünün maddi maraqlarına qurban verən istənilən bir vətəndaşın da qanun çərçivəsində məsuliyyətə cəlb edilməsini tələb etmək həm bizim, həm də bu özbaşınalıqlardan ziyan çəkən bütün vətəndaşların haqqıdır. (bizimdovr)
Qarşı tərəfind fikirlərinə yer verməyə hazırıq!
TEREF.İNFO