MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNDƏ DƏSTƏKLƏNƏN TENDER ƏMƏLİYYATI - VİDEO

17-03-2016, 23:25           

Martın 14-də “ASAN Xidmət əmək hüquqlarının pozulmasına göz yumur?” başlıqlı yazı dərc olunmuşdur.

Məqalədə bildirilirdi: “Bu günlərdə daxil olan məlumata görə, ölkədə müxtəlif mədəniyyət tədbirlərinə bilet satışı ilə məşğul olan və ASAN Xidmət filiallarında nümayəndələri vasitəsilə satış həyata keçirən “UR Style”MMC əmək qanunvericiliyini pozur.
Belə ki, həmin şirkətin işçiləri ilə əmək müqaviləsi bağlamadığı barədə məlumat əldə edilib. Bu məlumatı dəqiqləşdirmək üçün, ASAN Xidmətin Nərimanov rayonunda yerləşən 1 saylı, Xətai rayonundakı 2 saylı, Yasamal rayonundakı 3 saylı, Sabunçu rayonlarındakı 4 saylı mərkəzlərinə baş çəkdik. Bu mərkəzlərin hamısında “UR Style” şirkətinin bilet satış məntəqələri var. Bizim müxbirlə söhbət zamanı, “UR Style” şirkətinin əməkdaşları etiraf etdilər ki, onlarda şirkət əməkdaşı olduqlarını təsdiq edən vəsiqə yoxdur.

Digər şirkətlərin nümayəndələrindən fərqli olaraq, ASAN Xidmətdəki “UR Style” şirkətinin əməkdaşları ad-soyad yazılan birkalar taxmırlar. “UR Style” şirkətinin meneceri Anar Rəhimov bu informasiyanı təkzib etdi. “Biz öz əməkdaşlarımızla müqavilə bağlamışıq” – deyə Anar Rəhimov bildirib. “Bəs niyə bu halda sizin əməkdaşlarınız onların sizin şirkətdə çalışdıqlarını sübut edən vəsiqə ilə təmin olunmayıblar?”, – deyə soruşduq. “Bizə yazılı şəkildə müraciət edin”, – deyə A.Rəhimov dəstəyi asdı.

ASAN Xidmətin əməkdaşları “UR Style” şirkətinin nümayəndələrində birka və vəsiqələrin olmamasını necə görə bilməyiblər? Bu suala cavab almaq üçün ASAN Xidmətə müraciət etdik. “Bu problem tezliklə həllini tapacaq” – deyə bizə cavab verdilər. Biz araşdırmnı davam etdik və sözügedən şirkət barədə yeni məlumatlar da daxil olmağa başladı.

Martın 16-da “UR Style” MMC-nin Azərbaycandakı bütün teatr tamaşalarına bilet satışı üzrə monopolist şirkət olması barədə məlumat daxil oldu. Biz bu məlumatı yoxlamaq qərarına gəldik. Azərbaycan Milli Dram Teatrının, Musiqili Komediya Teatrının, eləcə də Gənc Tamaşaçılar Teatrının kassalarından bizə bildirdilər ki, onların tamaşalarına bilet satışı ilə bağlı müstəsna hüquq “UR Style” şirkətinə məxsusdur. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, əgər hansısa şirkət teatr tamaşalarının biletlərinin satışına təkbaşına nəzarət edirsə, bu o deməkdir ki, həmin şirkət monopolistdir. Kim və hansı əsasla “UR Style” şirkətinə Azərbaycan teatrlarının tamaşalarına bilet satışına “müstəsna hüquq” verib?
Cavab almaq üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. “Əgər “UR Style” teatr tamaşalarına bilet satırsa, bu gözəldir. Biletləri kimin satması bizi maraqlandırmır. Nazirlik üçün o vacibdir ki, tamaşaçı bu tamaşalara getsin”, – deyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi İntiqam Hümbətov bildirdi. “Bəs biletlərin satışı üçün nazirlik tərəfindən keçirilibmi?” – deyə soruşduq. “Tender keçirmək nəyə lazımdır? Siz bu sualla teatrların özünə müraciət edin. Bu şirkət bilet satışı üçün teatrla müqavilə bağlayır”, – deyə İ.Hümbətov cavab verdi.

“Məni İntiqam Hümbətovun tender keçirilməsinə ehtiyac görmədiyinə dair cavabı təəccübləndirdi. Axı tenderin keçirilməsi teatrlara biletlərin qiymətlərini də xeyli aşağı sala bilərdi”, – deyə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı nazirlik sözçüsünün açıqlamasını şərh edərkən bildirdi.\bakunews\















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.