3-cü dərəcəli (Qarabağ) əlillərin(in) sosial müavinəti cəmi 9 faiz artıb - 120 manatla bir ay yaşamaq olar?

30-12-2021, 17:14           
3-cü dərəcəli (Qarabağ) əlillərin(in) sosial müavinəti cəmi 9 faiz artıb -
Prezident 20.12.2021 tarixli sərəncamı ilə bir sıra kateqoriyadan olan şəxslərin Prezident təqaüdünü və sosial müavinətləri artırdı. Nədənsə, Qarabağ qazilərinin və şəhid ailələrinin Prezident təqaüdlərinin artırılması yada düşmədi. O ki qaldı, sosial müavinətlərə, 1-ci, 2-ci, 3-cü dərəcə əlilliyi olan şəxslərin sosial müavinətlərinin məbləği uyğun olaraq 150, 130 və 110 manatdan 220, 180 və 120 manata qaldırılıb. Faiz hesabı ilə götürdükdə 1-ci -2-ci dərəcəli əlillərin sosial müavinətlərinin ortalıq 40-50 faiz arasında artırılmasını normal saymaq olar. Amma məbləğin cüziliyi rəqəm hesabı ilə sosial təminatın da cüziliyindən soraq verir. 3-cü dərəcəli əlilliyi olan şəxslərə gəldikdə isə, onların sosial müavinətləri 110 manatdan 120 manata çatdırılaraq cəmi 10 manat, faiz hesabı ilə 9 faiz artıb. 120 manata bir ay yaşamaq olar? Lap tutaq ki, Qarabağ savaşı qazilərinə dərəcələrinə uyğun olaraq 330, 350,400 manat məbləğində Prezident təqaüdü ayrılıb və bunun hesabına onların sosial təminatını normal saymaq olar. Bəs savaş əlilləri olmayanlar neyləsin? Eyni zamanda kommunal xidmətlərin, rüsumların həcmi 20-100 faiz , özü də noyabr ayından qalxdığı halda 3-cü dərəcəli əlillərin müavinətinin 2022-ci ildən cəmi 10 manat, faiz hesabı ilə 9 faiz artırılması hansı “sosial məntiqə” sığır? Prezident təqaüdü ilə birlikdə 2-ci dərəcəli Qarabağ qazisinin alacağı ödəniş toplam 530 manat, 3-cü dərəcəli Qarabağ qazisinin ödənişi isə 450 manat edir. Yəni 440 manatlıq toplam sosial təminat məbləği cəmi 10 manat, faiz hesabı ilə cəmi 2 ,3 faiz artıb ! (?) Ondansa, Prezident təqaüdünün artırılması hesabına sosial müavinətçi qazilərin dolanışığını yüngülləşdirmək olardı. İndilikdə isə qazilər aldıqları müavinətin yarıdan çoxunu kommunal xidmətlərin qarşılanmasına xərcləyirlər. Biz hələ dərmanları demirik. Nə yaxşı , bir çox dərmanların pulsuz verilməsi təmin olunur, amma kommunal ödənişlərdə, axı heç bir güzəşt edilmir! Hətta qaz, su, işıq çəkilməsi və sayğac quraşdırılması pulsuz olsa da, qanunsuz ödənişlər tələb edilərək sosial infrastrukturla təminatdan belə imtina edilir. Prezidentin 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının icrasını təmin etmək, Qarabağ qazilərinə 26 manatlıq, digər 1-ci və 2-ci dərəcəli əlillərə cəmi 6 manatlıq aylıq müavinətin verilməsi isə, deyəsən, bu il də “plana” salınmadı. Elə Qarabağ qazilərinə Prezidentin 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamı ilə ayrılan, dərəcələrə uyğun olaraq 10, 12 və 14 manatlıq aylıq müavinətlərin də qazilərin sosial müavinətlərinə və əmək pensiyalarına əlavə edilməsi yenə “yaddan çıxıb”.
Dövlətin və onun başçısının sosial-iqtisadi siyasətinin önəmli payı əlillərin təminatına yönəlib. Bu təminat normativ hüquqi aktlarla, sərəncamlarla tənzimlənir. Prezidentin fərman və sərəncamları icra olunmayacaqsa, NK bu aktların icrasının tətbiqini həyata keçirməyəcəksə , qəbul edilməsinin nə anlamı ola bilər? 120 manata əlilliyi olan şəxs necə dolana bilər? Fikirləşmək öhdəliyi “sosial deputat”ların, “məmur-sosialistlərin” üzərinə düşür.
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.